İxdiyar Nəcəfov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, Qaraçuxur bələdiyyəsinin sədri
Ölkənin mənafelərini qorumaq istiqamətində hərtərəfli ölçülüb-biçilmiş addımların atılmasının vacibliyini vurğulayan Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlətçilik mənafelərini hər şeydən uca tutaraq müxtəlif dövlətlərin bütövlükdə Qafqaz və bilavasitə respublikamız üzərində qurulmuş iqtisadi maraq və nüfuz dairəsi uğrunda mübarizələrini nəzərə alaraq, çevik manevrlər və xüsusi taktiki gedişlər etdi. Xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkənin mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. Müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yeri, Avropa ölkələri və ABŞ-la, yeni müstəqil dövlətlər və Rusiya ilə, türkdilli dövlətlər və Türkiyə, müsəlman dünyası və İranla, nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrinin yaxın dövr üçün prioritetləri müəyyənləşdirildi və tədricən həyata keçirilməyə başlandı.
Azərbaycanın yeni xarici siyasət kursunda bütövlükdə Avropa dövlətləri ilə münasibətlər məsələsi yeni bir istiqamət təşkil edirdi. Hər bir ölkənin özünəməxsus xüsusiyyətlərini bütün incəliklərinə qədər nəzərə alan bu yeni kurs çevik taktiki gedişlərlə həyata keçirilirdi. Qısa müddət ərzində Azərbaycanın özünə Böyük Britaniya, Almaniya, Fransa, İtaliya kimi nüfuzlu müttəfiqlər qazanması Heydər Əliyev xarici siyasətinin Avropa istiqamətinin çox mühüm bir uğuru oldu.
Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Türkiyə də daxil olmaqla, bütün türkdilli dövlətlərin ümumi maraq və mənafelər naminə konsolidasiyası istiqamətində inamlı addımlar atmışdır.
Azərbaycanın xarici siyasətinin özünəməxsus xüsusiyyətlərindən biri onun balanslaşdırılmış xarakter daşıması ilə səciyyələnməsidir. Ölkəmizin geosiyasi vəziyyəti və üzləşdiyi problemlər xarici siyasət kursunda müəyyən tarazlığı gözləməyi, Azərbaycanın manevr imkanlarını saxlamağı və regionda möhkəmlənmək uğrunda mübarizə aparan müxtəlif güc mərkəzləri arasındakı münasibətlərdən səmərəli istifadə etməyi zəruri edirdi. Azərbaycan Prezidenti Heydər Əliyevin xarici ölkələrə səfərləri, həmin ölkələrin dövlət başçıları, digər rəhbərləri və iş adamları ilə keçirdiyi məhsuldar görüşlər ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsinə təkan vermiş, onun keyfiyyətcə daha yüksək mərhələyə qədəm qoymasına münbit şərait yaratmışdır.
Dünyanın nüfuzlu beynəlxalq təşkilatlarında fəal təmsilçilik açıq və demokratik cəmiyyət quruculuğu yolu ilə sürətlə addımlayan müstəqil Azərbaycan dövlətinin xarici siyasət strategiyasında bu gün də aparıcı istiqamətlərdən birini təşkil edir. Ölkəmizin nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Bu təşkilatlarla siyasi, iqtisadi, mədəni, humanitar, hərbi və digər sahələri əhatə edən əməkdaşlıq əlaqələri çoxşaxəli xarakter daşımaqla Azərbaycanın milli maraqlarının daha dolğun şəkildə ifadə olunmasına, beynəlxalq aləmdə aparıcı rol oynayan dövlətlərlə qarşılıqlı münasibətlərin möhkəmləndirilməsinə yönəlmişdir.
Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunun davamlılığını təmin edən Prezident İlham Əliyevin yüksək diplomatik məharəti sayəsində Azərbaycan yalnız regionda gedən proseslərə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanmışdır. Bu gün dünyanı narahat edən bir sıra məsələlərdə böyük dövlətlərin başçıları Azərbaycanın - onun rəhbərinin mövqeyi ilə hesablaşırlar. Avropa və Asiyanın qovuşuğunda yerləşən mühüm geostrateji məkan kimi Azərbaycan regionda sülhün və sabitliyin təmin olunması üçün dayaq nöqtəsi kimi ən perspektivli tərəfdaş hesab edilir. Ölkəmiz bütün regional məsələlərdə əsas oyunçudur və regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycansız gerçəkləşə bilməz.