Azərbaycanın bu Sammitdə iştirakı ölkəmizin multilateralizmə verdiyi önəmin göstəricisidir
Dadaş Əliyev
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 281 nömrəli tam orta məktəbin direktoru
Çin, Hindistan, Rusiya, Pakistan, Qazaxıstan, Özbəkistan və digər böyük iqtisadi-sənaye və investisiya potensiallarına malik ölkələrin rəhbərlərinin dəvət edildiyi bu sammitdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edərək çıxış edib.
Sıralarında Çin, Rusiya, Pakistan, Hindistan və Orta Asiya ölkələrini birləşdirən belə mühüm beynəlxalq platformada Azərbaycanın iştirakı ölkəmizin gündəliyinin qəbul edilməsi, eləcə də regional proseslərdə iştirak və verilən qərarlarda söz sahibi olma baxımından çox önəmlidir. Azərbaycanın bu Sammitdə iştirakı ölkəmizin multilateralizmə verdiyi önəmin göstəricisidir.
Prezident İlham Əliyevin bu toplantıdakı çıxışında Azərbaycanın imkanlarını təqdim edib. Azərbaycan növbəti dəfə öz imkanlarını ən praqmatik şəkildə elan edib. Bildirilib ki, Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları davamlı olaraq inkişaf edir. Bu gün Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir və Bakı Gəmiqayırma Zavodu bütün növ gəmilər istehsal edə bilir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər. Bu ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzit 50 faizə yaxın artıb.
Azərbaycan 18 təyyarə ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. 2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayı 7-dən 9-a çatdırılacaqdır.
Qeyd etmək lazımdır ki, Azərbaycan ərazisində bütün nəqliyyat-kommunikasiya layihələri praktiki olaraq başa çatdırılıb. Nəqliyyat-logistika infrastrukturunun yaradılması tamamlanıb. Bu gün artıq daşımanı çoxaltmaq və Azərbaycanın tranzit imkanlarını artırmaq üçün tərəfdaşlarımızla, qonşularımızla birgə işlər görülür.
Qeyd edilib ki, son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Hazırda Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir.
Zəngəzur dəhlizi region ölkələri üçün yeni imkanlar vəd edir. Prezident ŞƏT-in Səmərqənddəki Zirvə görüşündə bir daha bildirdi ki, 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat–kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır. Əlbəttə, Zəngəzur dəhlizi tək Azərbaycan üçün deyil, bütün bölgə dövlətləri, o cümlədən, Şanxay Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələr üçün də iqtisadi əhəmiyyət daşıyan faktordur.
Həmçinin prezident İlham Əliyev sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla sərhəddə genişmiqyaslı hərbi təxribat barədə məlumat verdi. Bildirib ki, Azərbaycan silahlı qüvvələri bu təxribatın qarşısını qətiyyətlə almışdır. Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Eyni zamanda qeyd edilib ki, Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcək. Azərbaycan ŞƏT-in demək olar ki, bütün üzv ölkələri ilə ikitərəfli səviyyədə də yaxşı münasibətlər qurub və bu əlaqələri ildən-ilə uğurla inkişaf etdirir. Azərbaycan gənc müstəqil dövlət olmasına baxmayaraq, özünü bütün dünyada mötəbər beynəlxalq qurumlara uğurla rəhbərlik edən ölkə, qlobal səviyyəli məsələlərin müzakirə olunduğu mühüm platforma kimi sübut edib. 2011-ci ildə dünyanın 155 dövlətinin dəstəyini alaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən Azərbaycan hazırda BMT-dən sonra dünyada ən böyük təşkilat olan Qoşulmama Hərəkatının sədridir. Azərbaycanın bu təşkilata sədrlik müddətinin daha bir il uzadılması ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrliyi ilə yanaşı, Azərbaycan Prezidentinin dünyada böyük hörmət və nüfuz sahibi olmasının da göstəricisidir.
Ölkəmiz eyni zamanda, bir neçə il öncə təşkilatdakı statusunu müşahidəçi statusuna qədər yüksəltmək üçün ŞƏT-in Katibliyinə rəsmən müraciət edib. Bütün bunlar həm Azərbaycanın bu təşkilata verdiyi əhəmiyyəti, eyni zamanda, üzvü olduğu beynəlxalq təşkilatlarla yanaşı, üzvü olmadığı təşkilatların da sammit, konfrans və görüşlərinə dəvət alması, həmin tədbirlərdə fəal iştirakı ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir.