Gülşən Fazilova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 104 nömrəli tam orta məktəbin müəllimi
Məlum olduğu kimi, 30 sentyabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstanda rəsmi səfərdə olmuşdur. Cənab İlham Əliyev oktyabrın 1-də Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində çıxış etmişdir.
İlk olaraq İlham Əliyev Azərbaycan və Bolqarıstan–iki dost və strateji tərəfdaş ölkənin sıx münasibətdə olduğunu vurğulamış, onu da əlavə etmişdir ki, ölkələrimiz arasındakı siyasi əlaqələr davamlı olaraq inkişaf edir. Nazirlər səviyyəsində çoxsaylı görüşlər keçirilir, enerji təhlükəsizliyi sahəsində əlavə addımlar atılır və bundan sonra da atılacaqdır. Çıxışında Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsinin Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və qaz təchizatının şaxələndirilməsində mühüm rol oynayacağını qeyd edərək vurğulamışdır ki, enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin bir hissəsidir. Dünyada cari geosiyasi vəziyyət bunu bir daha sübuta yetirir. Təxminən iki ildir ki, Azərbaycan qazı Avropa bazarlarına çıxarılır və indi isə o, Bolqarıstana daxil olur.
Möhtərəm Prezidentimiz çıxışı zamanı Azərbaycan Cənub Qaz Dəhlizini başlayan tərəf olmaqdan qürur hissi duyduğunu, uzun illər Azərbaycanın beynəlxalq bazarda və ilk növbədə, Avropa bazarında etibarlı neft təchizatçısı olduğunu bildirmişdir. İndi isə etibarlı qaz təchizatçısına çevrilir. Bu yaxınlarda Azərbaycan Avropa üçün etibarlı elektrik enerjisi təchizatçısına çevriləcəkdir. Hazırda Azərbaycan avropalı tərəfdaşlarla bu enerjinin Avropa qitəsinə çatdırılması barədə müzakirələr aparır. Cənab Prezident çıxışında - “Enerji sahəsində təkcə təbii qazın ixracı ilə işimizi bitmiş hesab etməməliyik. Elektrik enerjisinin ixracı və bu sahədə qarşılıqlı faydalı əməkdaşlıq, xam neftin Bolqarıstan istiqamətinə nəqli, habelə Bolqarıstanda enerji infrastrukturunun yenilənməsində SOCAR-ın imkanlarından istifadə olunacaqdır”, deyə vurğulamışdır.
Son olaraq İlham Əliyev qeyd etmişdir ki, Bolqarıstan və Azərbaycan arasında yeni əməkdaşlıq imkanları araşdırılacaq. Belə ki, iqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığın dərinləşməsi üçün çox böyük imkanlar mövcuddur. Bolqarıstan şirkətləri Azərbaycanda daha genişmiqyaslı işlərin görülməsinə dəvət olunacaqdır. İşğaldan azad olunmuş ərazilər əməkdaşlıq üçün yeni imkanlar yaradır.