Azərbaycanda müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar
Ədilə Məmmədova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 14 saylı körpələr evi və uşaq bağçasının müdiri
Tolerantlıq, dözümlülük çox geniş anlayışdır. O həm insani münasibətlərin, həm insan cəmiyyətində gedən proseslərin, həm də dövlətlərarası, millətlərarası, dinlərarası münasibətlərin bir çox cəhətlərinə aiddir... O, təkcə dinlərin bir-birinə dözümlülüyü deyil, həm də bir-birinin adətlərinə, mənəviyyatına dözümlülük, mədəniyyətlərə dözümlülük deməkdir.
Bu gün hər birimiz öz ölkəmizin vətəndaşı olmaqla yanaşı, bəşəriyyət adlı böyük bir ailənin üzvüyük və qloballaşma prosesi hər birimizi ümumi məkanın sakinlərinə çeviribdir. Burada insanlararası, dövlətlərarası, xalqlararası dialoq məhz etik normaları, haqq-ədalət prinsipləri əsasında qurulmalıdır.
Milli özünəməxsusluğu saxlamaqla bəşəri-mədəni dəyərləri mənimsəmək tolerantlığın ən vacib amilidir. Bu prinsip və normalara əməl olunmadıqda düşmənçilik, dözümsüzlük, etnik təmizləmələr, soyqırım, müharibələr baş verir. Və əfsuslar olsun ki, bu qarşıdurmaların sayı azalmır, əksinə artır. Son illərdə Azərbaycanda mədəniyyətlərarası və sivilizasiyalararası məsələlərə həsr olunmuş çoxsaylı beynəlxalq konfranslar keçirilir. Elmi-nəzəri və praktiki əhəmiyyət kəsb edən bu konfranslarda daha təhlükəsiz, daha ədalətli dünya üçün təkliflər hazırlanıb təbliğ edilir.
2 may 2024-cü il tarixində ölkəmizdə təşkil olunan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi və Forumda 110 ölkədən nümayəndənin, BMT-nin və digər mötəbər təşkilatların yüksək vəzifəli təmsilçilərinin iştirak etməsi bir tərəfdən Azərbaycanın dünyada artan nüfuzundan, digər tərəfdən ölkəmizin ümumbəşəri dəyərlərə nə qədər sadiq qalmasından xəbər verir.
Cənab Prezidentin Forumun açılış mərasimində söylədiyi nitqində də bu tezislərə xüsusi yer verilir: “Əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub. Bizim coğrafi mövqeyimiz, Şərq ilə Qərb arasında yerləşməyimiz bu tendensiyaya imkan yaradıb. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub. Azərbaycanda yaşayan insanlar, müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Onlar Azərbaycanın dəyərli vətəndaşlarıdır, dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır”.
Prezident Forumda dünyada sülhü və təhlükəsizliyi ciddi şəkildə təhdid edən yeni münaqişələrin alovlanmasını, yeni müstəmləkə və məcburi assimilyasiya tendensiyalarının artmasını misal gətirərək dünya ölkələrinin bu təhlükələrə səssiz qalmamsının vacibliyini bildirdi və bütün bu mənfi trendlərin qarşısının alınmasında hamını həmrəy olmağa çağırdı. Əslində, belə bir cəsarətli çağırış özünə güvənən dünya Liderinə xas olan bir çağırış idi.
Forumda yadda qalan xüsusi məqamlardan biri də o oldu ki, Azərbaycan dünyaya yeni sülh mesajı verdi, sülhün və sabitliyin etibarlı şəkildə qorunması üçün multukultural dəyərlərin yaşamasının, dinlər və xalqlar arasında, xüsusilə münaqişə tərəfləri arasında dialoqun və anlaşmanın gücləndirilməsinin yeganə yol olduğunu bəyan etdi. Hətta, uzun müddət işğala, beynəlxalq cinayətlərə və ədalətsizliyə məruz qalmasına baxmayaraq, Azərbaycanın 2020-ci ilin Vətən müharibəsindən sonra Ermənistana sülh təklif etməsi dünyada rast gəlinən nadir nümunələrdən biri kimi qiymətləndirildi.
Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun “Bakı Prosesi” qlobal sülhə və təhlükəsizliyə ciddi töhvə verəcəyinə ümidləri daha da artırır.