Azərbaycan–Çin tərəfdaşlıq modeli regionda nümunəvi xarakter daşıyır

Azərbaycan–Çin tərəfdaşlıq modeli regionda nümunəvi xarakter daşıyır

Nabat Abdulova

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Respublika  Reabilitasiya  Mərkəzinin  direktoru

2025-ci il aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinin nüfuzlu CGTN (China Global Television Network) telekanalına verdiyi müsahibə, yalnız ikitərəfli münasibətlər baxımından deyil, həm də qlobal geosiyasi düzən fonunda diqqətçəkici strateji mesajlar ehtiva etdi. Bu müsahibə, Azərbaycan–Çin əməkdaşlığının dərinliyini və gələcək perspektivlərini ortaya qoymaqla yanaşı, Azərbaycanın beynəlxalq münasibətlərdə fəal və prinsipial mövqeyini bir daha nümayiş etdirdi.

Prezident İlham Əliyev müsahibədə Çin ilə münasibətləri Azərbaycanın xarici siyasət prioritetləri sırasında xüsusi mövqedə yerləşdirdiyini bildirdi. Dövlət başçısı bu əlaqələrin əsasında qarşılıqlı hörmət, bərabərlik və daxili işlərə qarışmama prinsipinin dayandığını vurğuladı. Bu yanaşma, iki dövlət arasında formalaşmış strateji tərəfdaşlıq modelinin regionda nümunəvi xarakter daşıdığını göstərdi.

Azərbaycanın son illərdə həyata keçirdiyi iqtisadi islahatlar nəticəsində əldə olunan göstəricilər Prezidentin çıxışında önəmli yer tutdu. Xarici dövlət borcunun ÜDM-in 7 faizindən az olması, ölkənin maliyyə idarəçiliyindəki dayanıqlılığını və risklərə qarşı davamlı strukturunu əks etdirir. Prezident İlham Əliyev, Azərbaycanın yerli resurslara əsaslanan, qeyri-neft sektorunu gücləndirməyə yönəlmiş milli inkişaf modelini ön plana çəkərək, bu modelin regional iqtisadi sabitlik üçün töhfə verdiyini qeyd etdi.

Prezident müsahibədə Azərbaycanın neft-qaz sahəsində qazandığı uğurların yeni mərhələyə qədəm qoyduğunu bildirdi. Bu yanaşma, Azərbaycanın Paris İqlim Sazişi üzrə öhdəliklərinə sadiqliyini və ekoloji məsuliyyətini nümayiş etdirir. Eyni zamanda, yaşıl enerji sahəsində Çin ilə əməkdaşlıq imkanlarının genişlənməsi də vurğulandı.

Azərbaycanın Asiya ilə Avropa arasında yerləşən strateji nəqliyyat qovşağı kimi rolu Prezident İlham Əliyevin fikirlərində mühüm yer tutdu. O qeyd etdi ki, ölkənin tranzit potensialı təkcə infrastrukturla deyil, həm də etibarlı tərəfdaşlıq siyasəti ilə təmin olunur. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan, qlobal ticarət və logistik axınlar üçün sabit və açıq platforma təklif edir.

Ölkə başçısı İlham Əliyev Azərbaycanın beynəlxalq təşkilatlarla, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığı məsələsinə toxunaraq, çoxqütblü və ədalətli dünya nizamı naminə multilateral diplomatiyanın vacibliyini vurğuladı. Azərbaycan bu prosesdə balanslı siyasəti və təşəbbüskar mövqeyi ilə seçilir.

CGTN-ə müsahibə, Prezident İlham Əliyevin qlobal çağırışlara milli maraqlar prizmasından yanaşan, amma beynəlxalq əməkdaşlıq ruhunu qoruyan lider obrazını bir daha təsdiqlədi. Bu çıxış, Azərbaycanın yalnız regional güc deyil, həm də qlobal diplomatiyada etibarlı və strateji tərəfdaş olduğunu sübut edir.