Azərbaycan–Almaniya Münasibətləri: Strateji Tərəfdaşlıq və Regional Sülh Gündəliyi

Azərbaycan–Almaniya Münasibətləri: Strateji Tərəfdaşlıq və Regional Sülh Gündəliyi

Könül Ələkbərova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, 290 nömrəli tam orta məktəbin əməkdaşı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfəri iki ölkə arasında çoxşaxəli münasibətlərin genişlənməsi baxımından mühüm tarixi hadisədir. Keçirilən yüksək səviyyəli görüşlərdə siyasi dialoqla yanaşı, iqtisadi və energetika sahələrindəki əməkdaşlığın gələcək perspektivləri geniş müzakirə olunmuşdur. Bu kontekstdə, Azərbaycanda fəaliyyət göstərən Almaniya şirkətlərinin uğurlu təcrübəsi ölkəmizdə formalaşmış əlverişli biznes və investisiya mühitinin bariz göstəricisidir. 

Tərəflər arasındakı enerji əməkdaşlığı uzunmüddətli və genişmiqyaslı xarakter daşımaqla strateji əhəmiyyət kəsb edir. Xüsusilə, bu ildən etibarən Azərbaycan öz təbii qazını Almaniya bazarına ixrac etməyə başlamışdır. Bununla da Azərbaycan qazı bütövlükdə Avropa İttifaqının 10 üzv ölkəsinə çatdırılaraq qitənin enerji təhlükəsizliyinə böyük töhfə verir. Ölkəmizin neft ixracatında Almaniyanın xüsusi paya malik olması ilə bərabər, gələcəkdə yaşıl enerjinin də Avropa məkanına nəqli istiqamətində iddialı strateji planlar mövcuddur.

Son illərdə Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi istiqamətində ardıcıl islahatlar həyata keçirir. Qeyri-neft sektorunun inkişafı, sənayeləşmə, rəqəmsallaşma, logistika imkanları və kənd təsərrüfatına yönəldilən investisiyalar xarici tərəfdaşlar üçün geniş qapılar açır. Almaniyanın yüksək texnologiyalar, maşınqayırma, ağır sənaye və peşə təhsili sahəsində topladığı zəngin təcrübə isə bu əməkdaşlığın səmərəliliyini daha da artıra bilər.

Səfər zamanı Cənubi Qafqazda sülh və normallaşma proseslərinə də xüsusi diqqət yetirilmiş, Almaniya hökumətinin xarici işlər nazirləri səviyyəsində görüşlərin keçirilməsinə verdiyi dəstək yüksək qiymətləndirilmişdir. Regionda 30 il davam edən münaqişəyə son qoyan, Vaşinqtonda Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanmış Birgə Bəyannamə və sülh sazişinin paraflanması bölgədə yeni bir tarixi dövrün əsasını qoymuşdur. Azərbaycan torpaqlarının işğalına öz gücü ilə son qoyaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş, beynəlxalq hüququ və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini təkbaşına icra etmişdir.

Bu yeni reallıqda Azərbaycan sülh gündəliyinə sadiq qalaraq regional etimadın yaradılması üçün praktiki addımlar atır. Bu çərçivədə, Ermənistanın enerji təhlükəsizliyinə birbaşa töhfə vermək məqsədilə bu ölkəyə benzin və dizel yanacağı təchizatı reallaşdırılmışdır. Eyni zamanda, regional nəqliyyat bağlantılarının aktivləşdirilməsi nəticəsində indiyədək Azərbaycan ərazisindən Ermənistana 40 min tondan çox tranzit yükün təhlükəsiz keçidi təmin olunmuşdur

 

Paylaş