Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinə sadiq qalmış və onu inkişaf etdirmişdir
İxtiyar Nəcəfov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı Rayonu, Qaraçuxur bələdiyyəsini sədri
Azərbaycançılıq ideologiyası hər şeydən əvvəl, ilk növbədə, özünü dərk etmək ilə xarakterizə olunma anlamına gəlir. Azərbaycançılıq təkcə Azərbaycan Respublikasında yaşayan etnik azərbaycanlıları və ya etnik xalqları deyil, eyni zamanda, harada yaşamasından və hansı ölkə vətəndaşı olmasından asılı olmayaraq bütün dünyada yaşayan azərbaycanlıların və qeyri azərbaycanlıların milli-mənəvi dəyərlərini ifadə edən bir məfkurədir. Eləcə də milli mənsubiyyət və dinindən asılı olmayaraq Azərbaycana mənən və fiziki bağlı olan və onun nüfuzunu uca tutan hər bir insan Azərbaycançılıq ideologiyasının yaşadanına çevrilir. Ümummilli lider, görkəmli ictimai-siyasi xadim Heydər Əliyev deyirdi: “Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıdır”.
Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının və dövlətçilik fəaliyyətində müstəsna xidmətləri olan bir şəxsiyyətdir. Sovetlər birliyinin dağılmasından və Azərbaycanın müstəqillik əldə etməsindən sonra dilindən, dinindən və milli-mənəvi dəyərlərindən asılı olmayaraq bütövlükdə dövlətçilik ənənələrinin formalaşdırılmasında mühüm işlər görmüş Ulu Öndər sonralar 1990-cı illərin əvvəllərindən başlayaraq ölkəmizdə yeni istifadə edilərək inkişaf etdirilən azərbaycançılıq ideologiyasının mühüm elementlərinin inkişaf etdirilməsində əvəzsiz işlər görməklə tarixə düşmüşdür. Azərbaycançılıq ideologiyası xüsusən də yeni müstəqillik əldə etmiş respublikanın hüquqi və demokratik dövlət kimi möhkəmləndirilməsi və inkişaf etdirilməsi üçün Ulu Öndər tərəfindən irəli sürülmüş əvəzedilməz bir ideologiyaya çevrilmişdir.
“Azərbaycançılıq” termininin yaranmasında əsas ideologiya ölkədə yaşayan müxtəlif etnik qrupları və xalqları dövlətin ümumi mənafeyi ətrafında birləşdirmək olmuşdur. Belə ki, bu terminin işlədilməsinə əsasən Sovetlər birliyindən sonra rast gəlinsə də sözügedən ideologiyasının müstəqillik illərində daha öncə ölkədə yaşayan müxtəlif xalqların, millətlərin fərqli mədəniyyətləri və adət-ənənələrini qoruyub saxlayaraq xalqların mədəni müxtəlifliyini həm müdafiə, həmçinin birgə inkişaf etdirmək dövlətin inkişafı istiqamətində atılmış bir addım kimi böyük rol oynamışdı. Qeyd etmək yerinə düşər ki, hələ Ulu Öndərin ölkəmizə rəhbərliyinin birinci dövründə, 1969-1982-ci illərdə Azərbaycanda məhz onun rəhbərliyi ilə azərbaycan dilinin əhəmiyyəti artmış və ana dilinə olan diqqət və qayğı eləcə də dövlət qurumlarında azərbaycanlıların yüksək vəzifələrə gətirilməsi və bu kimi bir çox misalları gətirmək olar.
Həmin dövrdə Azərbaycanda ən qabaqcıl texnologiyanın istehsalı, elmin qabaqcıl nailiyyətlərinin istehsalata tətbiqi, yüzlərlə gəncin Sovet İttifaqının ən nüfuzlu ali təhsil müəssisələrinə göndərilməsi, böyük alim ordusunun yetişməsi, xalq təsərrüfatının dinamik inkişafı, mədəniyyətin çiçəklənməsi, təhsilin inkişaf etdirilməsi sürətlə gedirdi. Ulu öndər Heydər Əliyevin gerçəkləşdirdiyi bu siyasətin təməlində Azərbaycanın gələcəyi, milli dövlətçilik düşüncəsinin dayandığını, azərbaycançılıq ideologiyasını illər ötdükdən sonra artıq Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra daha aydın anlaşılacaqdı. Belə ki, azərbaycançılıq ideologiyası bir termin kimi yaranma tarixi 1990-cı illərin əvvəllərinə təsadüf etsə də q?rurla qeyd edə bilərik ki, istər sovet dövründə, istərsə də Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra ölkədə azərbaycançılıq ənənəsinin formalaşmasının əsası məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu günə qədər Ulu Öndərin ideyalarının layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.
Təkcə təhsil sahəsində aparılmış dövlət siyasətinə diqqət yetirsək görərik ki, 1970-ci ildən başlayaraq hər il 800-900 nəfər azərbaycanlı gənc SSRİ-nin nüfuzlu ali təhsil məktəblərində təhsil almağa göndərilmişdir. Bunun nəticəsi kimi ötən əsrin 70-80-ci illərində Ulu Öndərin təşəbbüsü ilə 15 mindən çox azərbaycanlı SSRİ-nin 170 universitetində təhsil almışdır. Tarixi faktları araşdırarkən bəlli olur ki, əvvəlki illərdən fərqli olaraq qeyd etdiyimiz dövrdə xarici universitetlərdə təhsil alan tələbələrin milli tərkibi 97.7% azərbaycanlılardan ibarət olmuşdur. Müqayisə üçün qeyd edilməlidir ki, əvvəlki illərdə respublikadan kənarda təhsil almağa göndərilənlər arasında etnik azərbaycanlıların payı cəmi 40 faizə çatırdı. Vaxtında atılmış addımlar sonralar olkəmizin müstəqilliyini bərpa etdikdən sonra Azərbaycana güclü milli kadr potensialına malik olmağa imkan vermişdir.
Sovet dövründə ilk dəfə olaraq ölkənin və xalqın mənafeyini qarşıya məqsəd qoyaraq bütün addımların məhz Azərbaycanın gələcək inkişafına yönəldilmiş siyasətə start verilmişdir. Belə ki, bu dövrdən başlayaraq ölkədə bu vaxta qədər görünməmiş inkişaf və yüksəliş eləcə də tikinti-quruculuq işləri başlanılmışdır. Respublikanın bütün sahələrində, siyasi və mədəni həyatında uğurlu layihələr icra olunaraq Azərbaycanda yeni həyat və inkişaf başlamışdır. Bu inkişaf nəticəsində tezliklə respublikanın bütün sahələrində, iqtisadiyyat, sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində böyük uğurlar əldə edilmiş, çoxsaylı sənaye müəssisələri, mədəniyyət və təhsil ocaqları, tibb müəssisələri inşa edilmişdir. İldən-ilə yeni yaşayış massivləri, qəsəbə və kəndləri salınmış, məktəblər, uşaq bağçaları, universitetlər açılmışdı. Respublikamız üçün böyük əhəmiyyət kəsb edən yeni saraylar, yaraşıqlı binalar və şəhərə gözəllik verən yaşıllıqlar salınmışdı.
Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra azərbaycançılıq ideologiyasının davam etdirilməsində əsas məqsəd ölkədə yaşayan etnik qrup və xalqları xüsusən müstəqilliyin ilk illərində ölkədə baş verən ifrat millətçilik və separatçılıq mühitində dövlətçiliyi düzgün inkişaf etdirməkdən ibarət idi. 1990-ci illərin əvvəllərində elə təzəcə müstəqilliyini qazanmış Azərbaycan Respublikası Ermənistanın hərbi təcavüzü, dərin siyasi, iqtisadi və sosial böhranla üzləşmişdi. Ölkənin düşdüyü belə bir şəraitdə Azərbaycan xalqı xilaskar kimi Heydər Əliyevi gördü və Onu ölkəyə rəhbərlik etməyə dəvət etdi.
Bu gün siyasi baxışlarından asılı olmayaraq, hamı etiraf edir ki, Heydər Əliyevin 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik respublikamızın ən qiymətli mənəvi-ideoloji sərvətlərindən biridir. Xalqın nəzərində bütöv, milli şəxsiyyət kimi təcəssüm olunan Heydər Əliyev dühası Azərbaycana ikinci rəhbərliyi dövründə vətəndaş sülhü və ümumxalq həmrəyliyinin möhkəmləndirilməsi xəttini davam etdirmiş, bu siyasi xətti özünün konkret addımları ilə kamil elmi-nəzəri konsepsiya səviyyəsinə qaldırmışdır.
Ulu öndər özünəməxsus uzaqgörənlik və müdrikliklə ilk gündən xarici siyasətdə strateji hədəfləri düzgün müəyyənləşdirərək demişdir ki, müasir dövrdə hər bir dövlətin qüdrəti yalnız iqtisadi resurslarla deyil, həm də onun xaricdə formalaşdırdığı diaspor və lobbinin gücü ilə ölçülür. Bu sahəyə xüsusi diqqət yetirmədən xarici siyasətdə ciddi nailiyyətlər qazanmaq, habelə milli məsələlərin beynəlxalq müstəvidə qaldırılmasına nail olmaq mümkün deyil. Məhz bu səbəbdən də Azərbaycan hakimiyyəti son 10 ildə dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq üçün üzərinə düşən tarixi missiyanı məsuliyyətlə yerinə yetirməyə, bu sahədə sistemli və ardıcıl siyasət yeritməyə çalışmışdır. Xarici ölkələrdə yaşayan soydaşlarımızla çoxşaxəli münasibətlər qurmaq, onları ideoloji-siyasi müstəvidə silahlandırmaq və ümummilli mənafelər naminə səfərbər etmək Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən birinə çevrilmişdir. Bu sahədə dövlət siyasətinin məqsədi xaricdə yaşayan soydaşlarımızın milli özünəməxsusluğunu qorumaq və inkişaf etdirmək, Azərbaycanla əlaqələrini genişləndirmək, habelə digər hüquqlarını reallaşdırmaqdan ibarətdir.
Ötən illər ərzində Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinə sadiq qalmış və onu inkişaf etdirmişdir. Belə ki, 1988-ci ildən Ermənistanla Azərbaycan arasında davam edən müharibə nəticəsində 20 faiz Azərbaycan torpaqlarının işğal faktını heç vaxt qəbul etməyən Azərbaycan münaqişənin birdəfəlik köklü həll olunması və ərazilərin işğaldan azad olunaraq köçkün və qaçqın soydaşlarımızın öz torpaqlarına geri qayıtması tələb kimi ortaya qoyulmuşdur. Bunun nəticəsi olaraq 2020-ci ildə 44 günlük müharibə dövründə biz Azərbaycan xalqının bir an belə dayanmadan necə vahid bir gücə çevrildiyinin və böyük əzm ilə vətəndaş borcunu göstərərək Müzəffər Orduya rəhbərlik edən Cənab Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşərək “Dəmir Yumruğa” çevrildiyinin şahidi olduq. Məhz azərbaycançılıq ideologiyası 30 ildən bəri davam edən münaqişənin bitməsinə və Azərbaycanın qələbə çalmasına yol açdı.