Azərbaycan və Vyetnam uzun illərə söykənən tarixi münasibətlərə malikdir

Azərbaycan və Vyetnam uzun illərə söykənən tarixi münasibətlərə malikdir

Dürdanə Şıxəliyeva

"Odlar  Yurdu" Universitetinin II kurs tələbəsi

YAP Suraxanı rayon təşkilatının fəal gənc üzvü

Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam mətbuata bəyanatlarla çıxış ediblər. Ümumiyyətlə qeyd olunmalıdır ki, Vyetnam Kommunist Partiyasının Baş katibinin Azərbaycana səfəri iki ölkə arasında əlaqələrin inkişafında mühüm mərhələdir. Səfər çərçivəsində imzalanan sənədlər, xüsusilə Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat, münasibətləri yeni səviyyəyə qaldırır. Bu razılaşmalar yaxın gələcəkdə konkret layihələrə çevriləcək və ticarət, iqtisadiyyat, təhsil, mədəniyyət, energetika və nəqliyyat sahələrində geniş əməkdaşlıq imkanları yaradacaq. Energetika sahəsində imzalanmış sənədlər və aparılan müzakirələr bu sahədə əməkdaşlığın genişlənəcəyinə zəmin yaradır. Hazırda əməkdaşlıq əsasən ticarət formasındadır, lakin qarşılıqlı sərmayə qoyuluşu məsələləri də gündəmdədir.

O da xüsusi vurğulanmalıdır ki, Hökumətlərarası Komissiyanın uzun  fasilədən sonra yenidən toplanması münasibətlərin inkişafı prosesini daha da sürətləndirəcək. Ticarət dövriyyəsi hazırda əsasən neft satışından asılıdır, lakin məqsəd daha balanslı və dayanıqlı iqtisadi əlaqələr qurmaqdır. Bunun üçün informasiya mübadiləsi, investisiya şəraiti vəqanunvericiliklə bağlı şəffaflıq önəmlidir. Həmçinin, bərpaolunan enerji sahəsində əməkdaşlıq imkanları da müzakirə olunub. 

Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq da yüksək səviyyədədir. Görüşlər zamanı cənab Prezident onu da qeyd edib ki, bizim beynəlxalq təşkilatlardakı birgə fəaliyyətimiz çox ürəkaçandır. Vyetnam bir neçə il bundan əvvəl Azərbaycanı BMT Təhlükəsizlik Şurasında çox ciddi dəstəkləmişdir və biz xalq olaraq bu jesti unutmuruq. Eyni zamanda, biz Qoşulmama Hərəkatı çərçivəsində birgə fəaliyyət göstəririk. Azərbaycan bu təsisata 4 il sədrlik etmişdir və çox gözəl bir iz buraxmışdır. Bu gün Qoşulmama Hərəkatının daha da sanballı təsisat kimi fəaliyyəti hər iki ölkənin marağındadır.

Sözsüz ki, dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri iki dövlət arasında münasibətlərdə yeni səhifə açır və onların gələcək inkişafına təkan verir. Azərbaycan və Vyetnam uzun illərə söykənən tarixi dostluq, tərəfdaşlıq münasibətlərinə malikdir. İki ölkə əsas sektorlarda praqmatik yanaşma və ümumi maraqlara əsaslanan davamlı və qarşılıqlı faydalı əlaqələr qurur. Ulu Öndər Heydər Əliyev tərəfindən hələ Sovet dönəmində əsası qoyulan münasibətlərimiz bu gün də öz aktuallığını qoruyub saxlayır.

Bir gənc kimi deyə bilərəm ki, ölkəmizin bütün dünya ölkələri milli maraqlara əsaslanan qarşılıqlı münasibətlər qurmağı çox müsbət haldır. Düşünürəm ki, biz gənclər xalqımızın başına gətirilən müsibətləri və əldə etdiyimiz tarixi qələbəni müasir informasiya texnologiyalarından istifadə edərək Vyetnam gəncləri də daxil olmaqla bütün dünya gənclərinə çatdırmalıyıq.