Azərbaycan və Özbəkistan əməkdaşlığı beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf edir
Nurşən Həsənova
YAP Suraxanı rayon təşkilatının gənc fəal üzvü
Suraxanı Rayon, Bülbülə Bələdiyyəsinin əməkdaşı
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibədə Özbəkistanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəyişməz olaraq dəstəklədiyi vurğulanıb. Dövlət başçısı fürsətdən istifadə edərək qardaş Özbəkistana Qarabağın bərpasına verdiyi töhfəyə görə minnətdarlığını bildirib. Xüsusilə Füzulidə böyük özbək alimi Mirzə Uluqbəyin adını daşıyan və hazırda təxminən 600 şagirdin təhsil aldığı məktəbin tikintisi bölgə üçün böyük əhəmiyyətə malik olduğunu söyləyib.
Cənab Prezident qeyd edib ki, Özbəkistan Qarabağ bölgəsinin yenidən qurulmasına yardım göstərmək təşəbbüsünü irəli sürən ilk ölkə, Prezident Şavkat Mirziyoyev isə dünyada bu təşəbbüslə çıxış edən ilk lider olub. Bu addım xalqlarımız arasında sarsılmaz həmrəyliyin, dostluğun və qardaşlığın ən parlaq nümunəsidir.
Azərbaycan və Özbəkistan əməkdaşlığı təkcə ikitərəfli müstəvidə deyil, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf edir. Hər iki ölkə Türk Dövlətləri Təşkilatının fəal üzvləridir və türk birliyinin möhkəmləndirilməsinə mühüm töhfə verməkdədirlər. BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, AQEM və digər qurumlar çərçivəsində də sıx koordinasiya iki ölkə arasında strateji həmrəyliyi daha da gücləndirir.
Prezident cənab İlham Əliyev bildirib ki, iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərindən biri nəqliyyat və logistika infrastrukturunun inkişafıdır. O, Azərbaycan və Özbəkistanın Orta Dəhliz Beynəlxalq Nəqliyyat Marşrutunda əsas tərəfdaş olduğunu qeyd edib. Dövlət başçısı xatırladıb ki, 2024-cü ildə tranzit daşımalar 18 faiz artaraq 1,3 milyon tonu keçib, 2025-ci ilin ilk doqquz ayında isə təxminən 1 milyon tona çatıb.
Azərbaycanın müasir nəqliyyat infrastrukturu – Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, geniş ticarət donanması və doqquz beynəlxalq hava limanı – ölkənin regional və qlobal nəqliyyat qovşağı kimi rolunu daha da gücləndirir. Bununla belə, Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya üçün yeni imkanlar yaradacaq.
Prezident İlham Əliyev mədəni-humanitar əlaqələrin xalqları birləşdirən ən mühüm sahələrdən biri olduğunu vurğulayıb. 2023-cü ildə keçirilmiş Özbəkistan Mədəniyyəti Günləri, o cümlədən, 2024-cü ildə Azərbaycanda təşkil olunan Özbəkistan Elm və Mədəniyyət Günləri, Xivədə “Şuşa Günləri” kimi tədbirlər xalqlarımız arasındakı mənəvi yaxınlığın təzahürüdür.
Bununla yanaşı, İsmayıllı-Riştan, Şuşa-Xivə, Lənkəran-Buxara, Şəki-Kokand və digər şəhərlər arasında qardaşlaşma əlaqələrinin genişləndirilməsi də mədəni-humanitar münasibətlərin inkişafına öz töhfəsini verməkdədir.
Dövlət başçısı əlavə edib ki, iki ölkənin birgə səyləri nəticəsində FIFA İcraiyyə Komitəsinin U-20 Dünya Çempionatının 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçirilməsi barədə qərar qəbul etməsi tarixi nailiyyətdir.
Dövlətlərimiz arasında media və vətəndaş cəmiyyəti sahəsində əməkdaşlıq da məhsuldar şəkildə inkişaf edir. 2024-cü ildə Daşkənddə birinci, 2025-ci ildə Bakıda ikinci Media Forumu, həmçinin Özbəkistan-Azərbaycan QHT Forumunun təşkil edilməsini bu sahədə əməkdaşlığın praktik nəticələridir.
Prezident İlham Əliyevin UzA-ya verdiyi müsahibə Azərbaycan–Özbəkistan əməkdaşlığının keçmişi, bu günü və gələcəyi haqqında dərin və sistemli baxışı əks etdirdi. Dövlət başçısının səsləndirdiyi fikirlər iki ölkə arasında qarşılıqlı etimada, sarsılmaz dostluğa və strateji tərəfdaşlığa əsaslanan münasibətlərin daha da möhkəmlənəcəyini göstərir. Prezident İlham Əliyevin verdiyi mesajlar Azərbaycan və Özbəkistanın ortaq tarixə, dəyərlərə və məqsədlərə söykənən müttəfiqliyinin regional sabitliyə, inkişaf və tərəqqiyə xidmət etdiyini bir daha nümayiş etdirdi.