Azərbaycan və İtaliya münasibətlərinin onurğa sütununu energetika sahəsindəki etibarlı tərəfdaşlıq təşkil edir
Günay Camalova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 275 nömrəli tam orta məktəbin müəllimi
2026-cı il 4 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Respublikasının Nazirlər Şurasının sədri Ciorcia Melonini qəbul etmişdir. Görüş iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşməsi, siyasi dialoqun genişlənməsi və əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir. Səfər çərçivəsində tərəflər ikitərəfli münasibətlərin hazırkı vəziyyətini və gələcək perspektivlərini müzakirə ediblər.
İkitərəfli görüşlər zamanı verilən birgə bəyənatda dövlət başçımız çıxışı zamanı Azərbaycan və İtaliyanın münasibətlərinin 2014-cü və 2020-ci illərdə imzalanmış strateji tərəfdaşlığa dair iki fundamental bəyannamə üzərində qurulduğunu vurğulamışdır. Bu sənədlər yalnız siyasi niyyətlərin ifadəsi deyil, eyni zamanda praktik əməkdaşlıq müstəvisində reallığa çevrilmiş əsas yol xəritəsi kimi çıxış edir. Prezident İlham Əliyev Ciorcia Meloninin Ermənistanda səfər proqramını tamamladıqdan sonra Azərbaycana gəlməsini xüsusi rəmzi məna daşıyan diplomatik jest kimi qiymətləndirmiş, bunun iki ölkə arasında qarşılıqlı hörmət və etimadın göstəricisi olduğunu qeyd etmişdir
Azərbaycan və İtaliya arasındakı münasibətlərin onurğa sütununu energetika sahəsindəki etibarlı tərəfdaşlıq təşkil edir. Azərbaycan İtaliyanın həm neft, həm də təbii qaz təchizatında ikinci yerdə qərarlaşaraq, bu ölkənin enerji bazarı üçün strateji əhəmiyyət kəsb edən tərəfdaş olduğunu sübut etmişdir. 2025-ci ilin göstəricilərinə əsasən, Azərbaycan ixrac etdiyi 25 milyard kubmetr təbii qazın 9,5 milyardını məhz İtaliya bazarına yönəltmişdir.
Yekun olaraq qeyd etmək olar ki, Azərbaycan-İtaliya münasibətləri strateji tərəfdaşlıq bəyannamələrində əksini tapmış ruhla inkişaf edir. Energetika, ticarət, hərbi-texniki sahə və təhsildə əldə olunan uğurlar bu əlaqələrin çoxşaxəli və uzunmüddətli xarakter daşıdığını təsdiqləyir. İki ölkə arasındakı bu sarsılmaz dostluq və tərəfdaşlıq bundan sonra da həm bölgənin, həm də beynəlxalq aləmin rifahına xidmət edəcəkdir.