Azərbaycan və Çexiya arasındakı iqtisadi münasibətlər daha da inkişaf edir
Rahilə Hüseyn
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 232 nömrəli tam orta məktəbin müəllimi
Azərbaycan Respublikası ilə Çex Respublikası arasında münasibətlər uzunmüddətli diplomatik əsaslara söykənir. Çexiya Azərbaycanın müstəqilliyini 8 yanvar 1992-ci ildə tanımış, iki ölkə arasında diplomatik münasibətlər isə 27 yanvar 1993-cü ildə qurulmuşdur. Hazırda Azərbaycan–Çexiya münasibətləri siyasi, iqtisadi və humanitar sahələri əhatə edir. Bu münasibətlər Azərbaycan və Çexiya arasında son illərdə artan qarşılıqlı səfərlər, yüksək səviyyəli görüşlər və imzalanmış sənədlər fonunda daha aydın görünür.
Xüsusilə 15 sentyabr 2015-ci ildə Bakıda “Azərbaycan Respublikası və Çex Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin imzalanması iki ölkə arasında siyasi münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir. Bu sənəd tərəflərin münasibətlərə strateji əhəmiyyət verdiyini və əməkdaşlığı uzunmüddətli əsasda inkişaf etdirmək niyyətində olduğunu sübut edir. Siyasi dialoqun fəallığını təsdiq edən əsas göstəricilərdən biri dövlət başçılarının və xarici işlər nazirlərinin qarşılıqlı səfərləridir. Azərbaycan Respublikası Prezidentinin Çexiyaya 5 səfəri baş tutmuş, sonuncu səfər 6–7 oktyabr 2022-ci il tarixlərində həyata keçirilmişdir.
Çexiya Prezidentinin Azərbaycana isə 2 rəsmi səfəri olmuşdur. Bundan əlavə, Azərbaycan Respublikasının xarici işlər naziri Çex Respublikasına 3 səfər etmiş, sonuncu rəsmi səfər 22–23 aprel 2024-cü il tarixlərində baş tutmuşdur. Bu səfərlər iki ölkə arasında siyasi münasibətlərin davamlı xarakter daşıdığını göstərir.
Parlamentlərarası əlaqələr də siyasi dialoqun mühüm tərkib hissəsidir. Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan–Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu, Çexiya Parlamentinin Deputatlar Palatasında isə Çexiya–Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Milli Məclisin sədrinin Çexiyaya, Çexiya Parlamenti sədrinin isə Azərbaycana səfərləri qanunverici orqanlar arasında əməkdaşlığın inkişafına xidmət edir. Bu format siyasi dialoqu yalnız hökumətlərarası səviyyədə deyil, parlament diplomatiyası müstəvisində də gücləndirir.
İki ölkə arasında imzalanmış 30 sənəd də münasibətlərin hüquqi bazasının geniş olduğunu göstərir. Bu sənədlər siyasi münasibətlərlə yanaşı, iqtisadi, elmi-texniki, mədəni və humanitar sahələrdə əməkdaşlığın inkişafı üçün əsas yaradır. Azərbaycan tərəfinin Çexiya ilə münasibətlərin inkişafına əhəmiyyət verməsi və əməkdaşlığın siyasi, iqtisadi və humanitar sahələri əhatə etməsi rəsmi şəkildə qeyd olunur
İqtisadi sahədə əməkdaşlığın isə əsas mexanizmlərindən biri “Azərbaycan Respublikası Hökuməti və Çex Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiya”dır. Komissiya 2011-ci ildə yaradılmış, indiyədək 5 iclası keçirilmiş, sonuncu iclas isə 3 mart 2023-cü ildə Praqada baş tutmuşdur. Bu mexanizm iki ölkə arasında iqtisadi əlaqələrin daha sistemli şəkildə inkişaf etdirilməsi üçün mühüm platformadır.
Statistik məlumatlara nəzər yetirdikdə bir daha aydın olur ki, Azərbaycan və Çexiya arasındakı iqtisadi münasibətlər daha da inkişaf edir. 2023-cü ildə Çexiya Avropada Azərbaycanın 6-cı ən böyük ticarət tərəfdaşı və 5-ci ən böyük ixrac məntəqəsi olmuşdur. 1 yanvar 2024-cü il tarixində isə Azərbaycanda 33 Çexiya investisiyalı kommersiya qurumu qeydiyyatda olmuş, onlardan 20-si aktiv fəaliyyət göstərmişdir.
Nəticə etibarilə, Azərbaycan və Çexiya arasında siyasi dialoq fəal, davamlı və çoxşaxəli xarakter daşıyır. Diplomatik münasibətlərin möhkəm tarixi, strateji tərəfdaşlıq sənədi, yüksək səviyyəli səfərlər, parlamentlərarası əlaqələr və geniş müqavilə-hüquq bazası bu dialoqun əsas dayaqlarıdır. Bu baxımdan bəyanatda xüsusi qeyd olunan “Bizim indi çox fəal siyasi dialoqumuz var” - fikri iki ölkə arasında mövcud münasibətlərin real məzmununu əks etdirir və gələcəkdə iqtisadi, humanitar və regional əməkdaşlığın daha da genişlənməsi üçün möhkəm zəmin yaradır.