28 May – Azərbaycan tarixində müstəsna önəm daşıyan bir gündür. 1918-ci ildə yaradılan Azərbaycan
Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika kimi tarixə düşdü. Bu əlamətdar gündə-28 may 2025-ci ildə Prezident İlham Əliyevin işğaldan azad olunmuş Laçın şəhərində etdiyi çıxış həm tarixi yaddaşın təntənəsi, həm də yeni reallıqların bəyanı oldu. Türkiyə və Pakistan liderlərinin də iştirak etdiyi bu tədbir yalnız bayram xarakteri daşımırdı – bu, həm də Azərbaycanın müasir dünyaya verdiyi güclü siyasi, mənəvi və strateji mesaj idi. Cənab Prezidentin çıxışında səsləndirilən fikirlər təkcə keçmişin qiymətləndirilməsi deyil, eyni zamanda gələcəyə inamın, milli gücün və qardaşlıq münasibətlərinin bariz ifadəsi kimi tarixə yazıldı.
Laçında belə bir yüksək səviyyəli tədbirin keçirilməsinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyatın bərpası və beynəlxalq əməkdaşlığın inkişafı baxımından simvolik əhəmiyyət daşıdığını vurğulayan Prezident İlham Əliyev bəzi məqamları diqqətə çatdıraraq bildirdi ki, “Bu gün əziz qardaşlarımın - Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin bizimlə bərabər bu bayram tədbirlərində iştirakı, bizə göstərilən dəstək və həmrəylik artıq tamamilə yeni dünya miqyasında reallıqlar yaradır. Bizim gücümüz birliyimizdədir. Bu gün birliyimizi üçtərəfli formatda bir daha təsdiqlədik. Bu gün bayram konsertində səslənəcək mahnılar bir daha bizim birliyimizi, nə qədər zəngin mədəniyyətə malik olmağımızı göstərəcək. Əminəm ki, azad edilmiş Laçından üç ölkənin bu gün dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq”.
Azərbaycan, Türkiyə və Pakistan yaxşı gündə də, çətin gündə də hər zaman bir-birinin yanıda olub, çətin gündə bir-birini dəstəkləyiblər. Çünki Azərbaycan, Türkiyə və Pakistan əlaqələri möhkəm təməllər üzərində qurulub və üç qardaş ölkə bir-birinə əsrlər boyu təşəkkül tapmış birgə dəyərlərə və qarşılıqlı dəstəyə əsaslanan dərin tarixi, mədəni və mənəvi tellərlə bağlıdır. 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Türkiyə və Pakistan Azərbaycana böyük siyasi və mənəvi dəstək göstərdi və bu dəstək Azərbaycanı ruhlandırırdı. Eləcə də Azərbaycan çətin günlərdə hər zaman Türkiyə və Pakistanın yanında olub.
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycanın Müstəqillik Günü münasibətilə təbriklərini çatdıraraq, Laçında belə bir mühüm tədbirdə iştirak etməyin onun üçün böyük şərəf olduğunu bildirdi. O, Azərbaycanın 30 illik işğala son qoyaraq Qarabağı azad etməsini böyük tarixi uğur kimi dəyərləndirdi, şəhidlərin xatirəsini andı, qazilərə salamlarını çatdırdı, onlara Vətən müharibəsində göstərdikləri böyük şücaət və qəhrəmanlıqlara görə təşəkkürünü bildirdi. Laçında keçirilən Zirvə görüşündə çıxış edən Prezident Rəcəb Tayyib Erdoğan Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayaraq qeyd etdi ki, “Laçın görüşü Türk dünyasının gücünü və birliyini bir daha dünyaya nümayiş etdirir”.
Azərbaycan, Türkiyə və Pakistan liderləri tərəfindən verilmiş mesajlarda aydın şəkildə ifadə olunur ki, üç qardaş ölkə birgə layihələr, siyasi həmrəylik və iqtisadi tərəfdaşlıqla yeni bir inteqrasiya mərhələsinə qədəm qoyur. Prezident İlham Əliyev çıxışının sonunda “Yaşasın Azərbaycan-Türkiyə-Pakistan birliyi və qardaşlığı!” şüarını bildirmişdir: “Mən bir daha Türkiyə Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğana, Pakistanın Baş naziri, əziz qardaşım Məhəmməd Şahbaz Şərifə və onlarla bərabər gəlmiş bütün qonaqlara “Xoş gəlmisiniz!” deyirəm. Laçınlıları ürəkdən salamlayıram. Allah səmamızı, yolumuzu həmişə açıq eləsin. Qələbə bizimlədir və bizimlə olacaq”.
Müasir dövrün çağırışlarına qarşı bu cür həmrəylik nümunələri xalqlarımıza güc verir, bölgəmizə isə ümid və inkişaf vəd edir. Bir millət – üç dövlət! Qardaşlıq əbədi, birlik sarsılmazdır! 28 may 2025-ci ildə Laçında keçirilən Zirvə görüşü və Prezident İlham Əliyevin çıxışı Azərbaycan diplomatiyasının uğurlu nəticəsi olmaqla yanaşı, həm də tarixi yaddaşın, milli iradənin və qardaşlığın gücünü bir daha nümayiş etdirdi. Azərbaycan-Türkiyə-Pakistan üçlüyü təkcə region üçün deyil, İslam dünyası və beynəlxalq sistem üçün də nümunəvi əməkdaşlıq modelidir. Bu birlik, bu dəstək və bu həmrəylik Azərbaycanın gələcək qələbələrinin təminatçısı olacaq.