Azərbaycan rəhbəri 2026-cı ildə TDT-yə üzv ölkələrin birgə hərbi təlimlərinin Azərbaycanda keçirilməsini təklif etmişdir

Sevda Əliyeva
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 208 nömrəli tam orta məktəbin müəllimi
2025-ci il oktyabrın 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə Prezident İlham Əliyev mühüm və strateji əhəmiyyət daşıyan çıxış etmişdir. Dövlət başçısı qeyd etmişdir ki, bu gün TDT sadəcə əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən birinə çevrilmişdir. Ortaq tarixi və mədəni köklər, milli-mənəvi dəyərlər türk xalqlarını bir ailə kimi birləşdirir.
Prezident İlham Əliyev çıxışında sülh və təhlükəsizlik məsələlərinin hər bir ölkənin inkişafında əsas amil olduğunu vurğulamış, beynəlxalq hüququn pozulduğu bir dövrdə türk dövlətləri arasında hərbi əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd etmişdir. Azərbaycan rəhbəri 2026-cı ildə TDT-yə üzv ölkələrin birgə hərbi təlimlərinin Azərbaycanda keçirilməsini təklif etmişdir.
Dövlət başçısı Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərin bölgədə ədalətin, sülhün və sabitliyin təmin olunmasına mühüm töhfə verdiyini bildirmiş, sülh gündəliyinin həyata keçirilməsi istiqamətində atılan addımların ölkəmizin mövqeyini daha da möhkəmləndirdiyini vurğulamışdır.
İlham Əliyev çıxışında nəqliyyat, kommunikasiya və enerji sahələrində əməkdaşlığın strateji əhəmiyyət daşıdığını qeyd edərək, Azərbaycanın Orta Dəhliz və Şimal-Cənub nəqliyyat marşrutlarında mühüm körpü rolunu oynadığını bildirmişdir. O, həmçinin Zəngəzur dəhlizinin açılmasının region üçün yeni iqtisadi və strateji imkanlar yaradacağını bəyan etmişdir.
Prezident Azərbaycan iqtisadiyyatında bərpaolunan enerji mənbələrinə – günəş, külək və su enerjisinə yönəlik böyük layihələrdən danışmış və 2030-cu ilə qədər enerji istehsalının 40 faizinin bu mənbələr hesabına təmin ediləcəyini bildirmişdir. Türk dövlətləri ilə iqtisadi əməkdaşlıq nəticəsində həyata keçirilən sərmayə layihələrinin regional inteqrasiyanı gücləndirdiyi vurğulanmışdır.
Sonda Prezident İlham Əliyev türk dövlətləri arasında birliyin tarixi köklərinə toxunaraq, gələn il 1926-cı ildə Bakıda keçirilmiş birinci Türkoloji Qurultayın 100 illiyinin TDT çərçivəsində təntənəli şəkildə qeyd edilməsini təklif etmişdir. O, Qarabağın və Şərqi Zəngəzurun bərpasına dəstək göstərən bütün qardaş ölkələrə təşəkkürünü bildirmişdir.
Prezidentin çıxışı Türk dünyasının həmrəyliyini, strateji tərəfdaşlığını və ortaq gələcəyə inamını bir daha nümayiş etdirmişdir.