Azərbaycan ilə Ukrayna arasında münasibətlər konkret hüquqi-siyasi baza üzərində qurulub
Sevil Səfərova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 43 nömrəli Şəhər Poliklinikasının həkim-terapevti
Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri Bakı–Kiyev münasibətlərinin çoxşaxəli və dərin mahiyyətini bir daha nümayiş etdirdi.Bu səfər təkcə diplomatik protokol çərçivəsində baş tutan görüşlərlə məhdudlaşmır, həm də iki ölkə arasında uzun illərə söykənən strateji tərəfdaşlığın yeni mərhələsini formalaşdıran mühüm siyasi hadisə kimi qiymətləndirilir. Mövcud reallıqlar fonunda bu səfər həm regional, həm də beynəlxalq kontekstdə diqqətlə təhlil olunur və onun nəticələri yalnız bugünkü deyil, gələcək əməkdaşlıq perspektivlərini də müəyyənləşdirir.
Azərbaycan ilə Ukrayna arasında münasibətlər təsadüfi xarakter daşımır və bu əlaqələr konkret hüquqi-siyasi baza üzərində qurulub. Hələ 2008-ci ildə dövlət başçıları səviyyəsində imzalanmış strateji tərəfdaşlıq haqqında birgə bəyannamə iki ölkə arasında münasibətlərin istiqamətini müəyyən edən əsas sənəd kimi çıxış edir. Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl xarici siyasət kursu nəticəsində bu münasibətlər illər ərzində inkişaf edərək daha da möhkəmlənib. Zelenskinin səfəri də məhz bu davamlı xəttin növbəti mərhələsi kimi çıxış edir və göstərir ki, Bakı ilə Kiyev arasında əməkdaşlıq qısamüddətli siyasi proseslərdən asılı deyil, uzunmüddətli strateji maraqlara əsaslanır.
Bu münasibətlərin ən diqqətçəkən xüsusiyyətlərindən biri onların yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmaması, eyni zamanda humanitar müstəvini də əhatə etməsidir. Azərbaycan dövləti münaqişələrdən əziyyət çəkən xalqlara dəstək göstərməyi öz xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyən edib və bu yanaşma Ukrayna ilə münasibətlərdə də açıq şəkildə hiss olunur. Azərbaycanın uzun illər ərazi bütövlüyünün pozulması ilə üzləşmiş ölkə kimi müharibənin humanitar fəsadlarını dərindən dərk etməsi bu siyasətin əsasını təşkil edir. Məhz buna görə də Bakı Ukrayna ilə əlaqələrdə hərbi ritorikadan daha çox humanitar təşəbbüsləri ön plana çəkir.
Bu yanaşma konkret addımlarla müşayiət olunur. Ukraynadan olan uşaqların Azərbaycanda reabilitasiya proqramlarına cəlb olunması bu siyasətin ən bariz nümunələrindən biridir. Müharibələrin ən ağır psixoloji yükünü uşaqların daşıdığı nəzərə alınaraq onların sosial və psixoloji reabilitasiyasına xüsusi diqqət yetirilir. Bu təşəbbüslər davamlı xarakter daşıyır və yaxın perspektivdə ukraynalı tələbələr üçün də oxşar proqramların həyata keçirilməsi planlaşdırılır.
Bununla yanaşı, Ukraynada enerji infrastrukturunun zədələnməsi nəticəsində yaranmış çətinliklər fonunda Azərbaycanın göndərdiyi elektrik generatorları mülki əhali üçün mühüm dəstək rolunu oynayır. Xəstəxanalar və sosial obyektlərin fəaliyyətinin təmin olunmasına yönələn bu addımlar Azərbaycanın humanitar siyasətinin praktik təzahürüdür.
İkitərəfli münasibətlərin inkişafında insanlararası əlaqələr də xüsusi yer tutur. Ukraynada fəaliyyət göstərən Azərbaycan diasporu iki xalq arasında sosial və mədəni körpü rolunu oynayır və bu, əlaqələrin daha da dərinləşməsinə xidmət edir. Bu amil həm də iqtisadi və ictimai sahələrdə əməkdaşlığın genişlənməsi üçün əlverişli zəmin yaradır.