Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq: Prezidentlərin birgə bəyanatı

Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq: Prezidentlərin birgə bəyanatı
Xəyalə Əzizova

YAP Suraxanı rayon təşkilatının Ərazi Partiya Təşkilatının (ƏPT) sədri
Suraxanı rayonu,"101 nömrəli tam orta ümumtəhsil məktəbi”publik hüquqi şəxsin direktoru

30 sentyabr 2025-ci   il   tarixində   İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Azərbaycana rəsmi səfər edib. Bu səfər iki ölkə arasında dostluq və strateji əməkdaşlığın daha da möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət daşıyıb. Prezident Mattarella Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşərək siyasi, iqtisadi, enerji və mədəni sahələrdə əməkdaşlığın inkişaf perspektivləri barədə ətraflı müzakirələr aparıb.

Səfər, həm ikitərəfli münasibətlərin, həm də Avropa–Azərbaycan əməkdaşlığının yeni mərhələsinə töhfə verən mühüm hadisə kimi tarixə düşüb.   Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikasının Prezidenti Sercio Mattarella mətbuata bəyanatla çıxış edib. Mətbuata verdiyi bəyanatında İlham Əliyev bildirib ki, İtaliya Prezidenti Azərbaycanda ikinci dəfə rəsmi səfərdədir. Birinci rəsmi səfər 7 il bundan əvvəl baş vermişdir. Bugünkü səfər isə onu göstərir ki, İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir və biz əsl strateji tərəfdaşlarıq.

Ölkələr arasında iki strateji tərəfdaşlıq sənədi var. Birinci sənəd 2015-ci ildə imzalanmışdır. İkinci sənəd - Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə isə 5 il bundan əvvəl imzalanmışdır. Bu illər ərzində münasibətlər çox sürətlə və müxtəlif istiqamətlər üzrə inkişaf edib. Siyasi əlaqələr ən yüksək səviyyədədir. İqtisadi sahədə İtaliya Azərbaycan üçün birinci ticarət tərəfdaşıdır və ildən-ilə ticarət dövriyyəmiz artmaqdadır. Energetika sahəsində bir çox önəmli layihələr icra edilmişdir. Xüsusilə Azərbaycan neftini və qazını İtaliyaya ixrac etməklə biz dünya bazarlarına geniş həcmdə öz təbii resurslarımızı göndərə bilmişik. Eyni zamanda, bir çox ölkələrin enerji təhlükəsizliyinə də öz töhfəmizi vermişik. 

İlham  Əliyev  qeyd edib ki,  Mattarellanın keçən səfəri zamanı TAP layihəsinin icrası məsələsi gündəlikdə idi. Müxtəlif problemli məqamlar mövcud idi və Prezident Mattarellanın səfərdən sonra şəxsən bu məsələyə müdaxilə etməsi, bu məsələnin tənzimlənməsi imkan verdi ki, TAP layihəsi uğurla icra edildi. 2020-ci ildən başlayaraq bu layihə vasitəsilə İtaliyaya Azərbaycan qazı ixrac edilir.

Bu gün Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan 14 ölkəyə təbii qazı ixrac edir. İldən-ilə bizim əhatə dairəmiz artır və bu gün boru kəmərləri ilə ixrac edilən təbii qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Azərbaycan nefti İtaliyanın neft balansında birinci yerdə, Azərbaycan qazı isə ikinci yerdədir. Yəni, bu əməkdaşlıq həm güclü tərəfdaşlıqdan xəbər verir, həm də biz uzun illər etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləmişik. Əgər bu səmimi münasibətlər olmasaydı, qarşılıqlı inam olmasaydı, bu layihələrin həyata keçirilməsi mümkün olmazdı.

Respublikamız  hazırda Avropa İttifaqı ilə elektrik enerjisinin ixracı üzrə işləyir. Elektrik xətlərinin çəkilməsi ilə bağlı texniki-iqtisadi əsaslandırma hazırlanmaqdadır. Yəqin ki, yaxın vaxtlarda hazır olacaq. Beləliklə TAP-ın və Cənub Qaz Dəhlizinin açdığı yol bu gün daha böyük layihələrə yol açır. Elektrik enerjisi, o cümlədən Xəzərin dibi ilə Orta Asiyadan Azərbaycana və ondan sonra Avropa məkanına ötürüləcək elektrik enerjisi bizim əməkdaşlığımızın həcmini daha da artırmaq  niyyətindədir..

Prezident Mattarellanın Azərbaycana etdiyi ötən səfər zaman Sumqayıtda İtaliya şirkətləri tərəfindən inşa edilmiş böyük bir sənaye müəssisəsinin açılışında iştirak edilib. Bu səfər zamanı isə İtaliya-Azərbaycan Universitetinin açılışı qeyd ediləcək. İtaliya-Azərbaycan Universiteti iki ölkə arasında elm, təhsil və mədəni əlaqələrin inkişafına töhfəli  olacaqdır..

İtaliya-Azərbaycan Universitetinin yaradılmasına toxunan ölkə Prezidenti vurğulayıb ki,  2020-ci ildə İtaliyaya dövlət səfəri zamanı bu təşəbbüs irəli sürülüb. Layihəni həyata keçirmək üçün ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi - Luiss Guido Carli Universiteti, Sapienza Universiteti, Turin Politexnik Universiteti, Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında 2022-ci ildə akademik əməkdaşlıq sazişləri imzalanıb.

 

İtaliya-Azərbaycan Universiteti binalarının təməli 2022-ci ildə hər iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə Bakıda atılıb. Universitetə tələbə qəbulu 2023-cü ildən magistr səviyyəsində həyata keçirilir. Hazırda burada tədris olunan 8 bakalavr və 2 magistr proqramında 538 tələbə bakalavr, 102-si isə magistr səviyyəsində təhsil alır. İxtisaslardan 3-ü ikili diplom proqramıdır.

 

 Tədris proqramları elektrik və elektronika mühəndisliyi, memarlıq, interyer və kommunikasiya dizaynı, şəhərsalma, kənd təsərrüfatı və qida texnologiyaları, heyvandarlıq və müxtəlif menecment ixtisaslarını əhatə edir. Bakalavr və magistr proqramlarından əlavə, peşəkarlar üçün mütəmadi ixtisasartırma və sertifikat proqramları da həyata keçirilir.

 

Tədris korpuslarında sinif otaqları ilə yanaşı, müasir texnologiyalara əsaslanan, İtaliyanın Bolonya Universiteti və Milan Politexnik Universiteti ilə birgə qurulmuş 6 tədqiqat və 7 tədris məqsədli laboratoriya da fəaliyyət göstərəcək. Burada memarlığa aid materiallardan ibarət kitabxana, şəhərsalma, landşaft və foto-video studiyaları, müxtəlif dizayn emalatxanaları yerləşir. Yeni binalarda qurulmuş tədris emalatxanası isə dərslərin praktiki tədrisi üçün bir məkandır. Burada müxtəlif növ materiallarla işləmək üçün texnoloji və rəqəmsal imkanlar yaradılıb.

 

Tədris korpusunda yerləşən “bazar meydanı” isə Azərbaycanın tarixi “İpək Yolu”nun bir hissəsi olduğunu əks etdirir. Universitetin tələbələri və müəllimləri ildə bir dəfə burada bir araya gələrək öz layihələri ilə yarışacaq və onları biznes mühitinə təqdim edəcəklər. Bu sərgilər yerli və beynəlxalq səviyyədə universitet-sənaye-dövlət arasında üçtərəfli əməkdaşlığa xidmət göstərəcək.

 

Bu layihənin icrası ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığın yüksək səviyyəsinin göstəricisi olmaqla səmimi münasibətlərimizdən xəbər verir. Bu, həmçinin İtaliya təcrübəsindən istifadə etməklə Azərbaycan təhsilinin inkişafına töhfədir.

 

Bildirilib ki, İtaliya hər zaman Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına dəstək vermişdir, bu gün də biz bunu hiss edirik və son vaxtlar Avropa İttifaqı-Azərbaycan əlaqələrində də müsbətə doğru addımlar atılır. Bu da bizi təbii olaraq məmnun edir. Bizim strateji tərəfdaşlığımız həm rəsmi sənədlərdə, həm həyatda, praktik işlərdə özünü büruzə verir. Hesab edirəm ki, bir-birindən uzaqda yerləşən ölkələr arasındakı münasibətlərin qurulması bizim timsalımızda bir örnək ola bilər.

Prezident Sercio Mattarellanın Azərbaycana səfəri iki ölkə arasında dostluq və qarşılıqlı etimadın daha da möhkəmləndirilməsinə xidmət etdi. Səfər çərçivəsində əldə olunan razılaşmalar, aparılan səmərəli danışıqlar və verilən mesajlar Azərbaycan–İtaliya münasibətlərinin gələcəkdə də dinamik şəkildə inkişaf edəcəyinə inam yaradır. Bu səfər, həm də xalqlarımız arasında mədəni və humanitar əlaqələrin dərinləşməsi istiqamətində mühüm addım kimi yadda qalacaq.