Azərbaycan dili elmi, ictimai, sosial və siyasi məfhumdur

Azərbaycan dili elmi, ictimai, sosial və siyasi məfhumdur

Vüqar Seyidov

Yeni Azərbaycan Partiyası 

Suraxanı rayon təşkilatının sədri

Bir xalqı, bir milləti digərlərindən fərqləndirən bir çox xüsusiyyət, məqam, amil vardır. Bunlar xarici görünüş, etnopsixologiya, xalqın yaranış tarixi, hadisələrə yanaşma tərzi və s. Lakin bir məqam vardır ki, o, dərhal fərqi büruzə verir və insanlar arasında xalqları bir-birindən ayırmağa şərait yaradır. Bu əsas amil heç şübhəsiz ki, dildir. Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan, inkişaf etdirən onun dilidir. Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görə də hər bir gənc öz ana dilini - Azərbaycan dilini gərək ən incəliklərinə qədər bilsin və bu dildən istifadə etsin.

Azərbaycan xalqı uzun illər ictimai və siyasi proseslər nəticəsində ciddi mübarizələr apararaq öz tarixinə, dilinə sahib çıxmış və müasir varlığını təmin etmişdir. Müxtəlif dillərə mənsub olan insanlar Azərbaycan dilini sadəcə eşidərək, onun mənasını o qədər bilməyərək, Azərbaycan dilinin nə qədər şeirə bənzədiyini, xoş ahəngli olduğunu dəfələrlə qeyd ediblər. Azərbaycan dili şer, qəzəl dilidir. Azərbaycan dili sülh dili, məhəbbət dilidir.

Azərbaycan dilinin formalaşmasında, müasir şəkilini almasında bir çox amillər öz rolunu oynamışdır. Əlbəttə, tarixi Azərbaycan torpaqlarına olan təcavüzlər, köçlər, bu ərazilərdə yayılan dinlər, etiqadlar və müxtəlif xalqlar Azərbaycan dilinin zənginləşməsinə öz müsbət təsirini göstərmişlər. Bütün kənar təsirlərə rəğmən dilimiz öz gözəlliyini və xüsusiyyətlərini qoruyub saxlaya bilmişdir. Əlbəttə, Azərbaycan dili türk dilində danışan ölkələr qrupuna daxildir və dil birliyimiz, türkdilli ölkələr, türk dövlətləri qrupuna daxil olmağımız üzərimizə bir çox vəzifələr qoyur. Doğrudan da bir çox ortaq söz, ifadələr vardır. Lakin Azərbaycan dili çox fərqli və spesifik dildir.

Dil elmi, ictimai, sosial olduğu qədər həm də siyasi bir məfhumdur. Xalqın dili onun təmsil vasitəsidir. Məhz bu səbəbdəndir ki, imperiya xarakterli dövlətlər milli dillərin inkişafına maneələr yaradaraq ortaq ünsiyyət vasitəsi formalaşdırmağa çalışmışlar. Mərkəzi dili milli, lokal dillərə alternativ kimi irəli sürərək ana dillərinin inkişafına maneələr törədirlər. Nəticədə dünyada mövcud yüzlərlə dil ya məhv olub sıradan çıxıb, ya da müxtəlif kiçik ləhcələrə çevrilib dar bir mühitdə öz həyatlarına davam edir. Azərbaycan xalqının ziyalıları, dilçi alimləri, ləyaqətli övladları başda Ulu Öndər Heydər Əliyev olmaqla ana dili uğrunda ardıcıl və fədakar mübarizə aparmışlar.

Siyasi amil kimi Azərbaycan türkcəsinin böyük tarixi vardır. Səfəvilər dövləti və daha sonra Azərbaycanda mövcud olmuş bir çox dövlətin rəsmi dövlət dilləri olmuş və gündəlik həyatda istifadə olunmuşdur. Eyni zamanda da Azərbaycan dili şeir-sənət, aşıq məclislərində, ədəbi mühitdə və digər sahələrdə ana dilimiz inkişaf etmiş və bugünkü müasir şəkilini almışdır. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, dilimizdə ədəbiyyat da, mahnılar da olmaz.

Müasir dövlətçilik tariximizdə Azərbaycan dilinin qorunub saxlanması və inkişafı ciddi maneələrə rəğmən böyük əzmkarlıqla həyata keçirilmişdir. 1918-ci ildə türkcə olaraq elan olunan rəsmi dil, əlifba heç də sözün bütün mənalarında hər yerdə istifadə oluna bilmirdi. Çünki dilin o zaman üçün potensialı və ona yaradılmış şərait onun inkişafını təmin etmək gücündə deyil idi. Daha sonra uzun müddət Sovet rejimi və rus dilinin kölgəsinə salınması istənilən dilimizi qorumaq çox çətin iş olsa da bunu bacardıq. Azərbaycan dilinin rəsmi dövlət dili kimi inkişafı, konstitusiyaya salınması və bütün dövlət orqanlarında istifadəsi birbaşa Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu işlərin bünövrəsi, əsası 1969-cü ildə, o zamankı Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyində qoyuldu. Ölkəyə yeni təyin olunmuş birinci katibin ilk rəsmi çıxışını rus dilində edəcəyini düşünən ölkə ictimaiyyəti bir anda bu böyük şəxsiyyətin Azərbaycan dilində çıxış etməsini görəndə sözün bütün mənalarında heyrətlər içində qaldılar. Bundan sonra da dilimizin inkişafı ilə bağlı proseslərin müsbət dinamikası artaraq davam etdi. Hadisələr o həddə çatdı ki, 1978-ci ildə qəbul olunmuş Konstitusiyada Azərbaycan dili rəsmi dövlət dili kimi qəbul olundu. Bədii desək, Sovetlər Birliyininin qılıncının ən kəskin vaxtında bu addımı atmaq ancaq cəsarətli adamların işi idi. Heydər Əliyev bu cür addımları ilə xalqın gələcəyini inşa edirdi. Bu gün iftixar hissi ilə deyə bilərik ki, Sovet hakimiyyəti illərində biz Azərbaycan dilini qoruduq, saxladıq və inkişaf etdirdik.

Latın qrafikalı əlifbaya keçirilməsi mühum tarixi hadisədir. Doğrudur, bu hadisə sonrakı dövrlərdə bir çox görülməli işləri də meydana çıxardı. Lakin qətiyyətli milli mövqeyimiz bu işlərin də öhdəsindən gəlməyimizə dəstək oldu.

Azərbaycan dili dünyada yaşayan 50 milyonluq böyük tarixə malik bir xalqın dilidir. Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Müasir Azərbaycan Respublikasının dövlət dilinin inkişafı bütün dünya azərbaycanlıları tərəfindən diqqətlə və məhəbbətlə izlənir. Dünya azərbaycanlıları müzəffər xalqın övladları kimi ölkəmizdə gedən bu prosesi sevgi, hörmətlə izləyir və sevinirlər. Dilimizin müasir inkişafı və bütün ölkə ərazisində sevilərək istifadəsi böyük qürur mənbəyidir.

Ulu Öndər Heydər Əliyevin bütün mühüm siyasi vəsiyyətləri kimi, Azərbaycan dilinin inkişafı da öz axarında davam edir. Azərbaycan dövlət dili mühüm ictimai, sosial və siyasi məfhum kimi tərəqqi edərək dövlətçiliyimizə xidmət edir. Eyni zamanda dövlətimiz və dövlətçiliyimiz də dilimizin inkişafı naminə bütün vacib tədbiləri görməkdə, lazımi addımları atmaqdadır.

Prezident cənab İlham Əliyev də Ulu Öndər Heydər Əliyev kimi Azərbaycan dilinə xüsusi ehtiram və həssaslıqla yanaşmaqdadır. Onun hakimiyyəti illərində Azərbaycan dilinin elmi inkişafı tam təmin olunmuşdur. Dilimiz cəmiyyətin bütün təbəqələrində geniş istifadə olunan bir dilə çevrilmişdir. Ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir.

Prezident İlham Əliyevin sərəncamları ilə 2004-2008-ci illərdə latın qrafikası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanmış, Azərbaycan Milli Ensiklopediyası, eləcə də dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısı təsdiq edilmiş, Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər görülmüşdür. Bunlarla yanaşı, Prezident İlham Əliyevin 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. Bu fərmana paralel olaraq Nazirlər Kabinetinin müvafiq qərarı ilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılıb. Sadaladıqlarımız görülmüş işlərin yalnız bir qismidir. Azərbaycan dilinin tərəqqisi dövlətçiliyimizin inkişafı ilə paralel olaraq davam edir.

Bildiyimiz kimi Ümummmili Liderin təşəbbüsü ilə hər il Azərbaycanda  avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur. Bu il ilk dəfədir ki, suverenliyi və ərazi bütövlüyü tam təmin olunmuş Azərbaycan Respublikasının bütün ərazilərində Azərbaycan dili qürurla və şərəflə danışılmaqda və yazılmaqdadır. Xankəndində, Xocavənddə, Xocalıda, Ağdarədə bu il dövlət dilimizdə danışılması, bütün dövlət əhəmiyyətli binaların üzərdində Azərbaycan dilində adların yazılması böyük tarixi hadisədir.

Qüdrətli dövlətin ifadə vasitəsi olan dövlət dili də qüdrətli, ümumişlək və hər kəs tərəfindən istifadə olunan dil kimi mühüm əhəmiyyətə malikdir. Tarixən belə olmuşdur, bu gün də belədir, sabah da belə olacaqdır. Azərbycan dili ölkəmizdə yaşayan bütün xalqların ortaq dəyəri, ümumişlək dilidir. Necə ki, Vətən müharibəsində ölkə ərazisində yaşayan bütün xalqların nümayəndələri Azərbaycan dilində and içərək döyüşüb şəhid oldular, qazi oldular, eləcə də dilimizi və Azərbaycanımızı daim yaşadacaqlar.

Yaşasın Azərbaycan!

Yaşasın Azərbaycan dili!