Azərbaycan dili bizi bir xalq və millət kimi həmişə qoruyub
Dinara Ağaliyeva
YAPSuraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 263 saylı körpələr evi-uşaq bağçasının müdiri
Ana dili-Qəlbimizin döyüntüsü, anamızın ilk laylasıdır. O ana dili ki, ruhumuzda kök salıb, gələcəyə pərvazlanır, hər şey onunla başlayıb, elə onunla da bitir. Yolu gah şerlərdən, gah musiqinin ən həzin notundan keçir. Hər bir xalqın öz ana dili onun milli sərvəti, varlığının təsdiqi, milli kimliyidir. Xalqın keçdiyi tarixi yol, mədəni səviyyəsi birinci növbədə onun ana dilində öz əksini tapır.
Tarixin sınağından çıxıb cilalanaraq bu günümüzə gəlib çatan Azərbaycan dili də bizim hər birimiz üçün ana laylası kimi əziz, müqəddəsdir. Ana dilimiz ruhunu Qobustanın qayalarından, əzəmətini Odlar diyarından, kökünü ulu soylarımızdan götürdü. Min illər milli folklorumuzda özünü yaşadan ana dilimiz Şah İsmayıl Xətainin zamanında dövlət dili statusuna yüksəldi. 1918 – ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ilk qərarlarından biri Azərbaycan dilini dövlət dili elan etməsi oldu.
Bütün sahələrdə, o cümlədən təhsildə, orduda, qanunvericilikdə, ana dilinin tətbiq edilməsinə başlanıldı. Bu gün dövlət dilimiz olan Azərbaycan dilinin hərtərəfli inkişafı dünyanın ən mötəbər tribunalarından səslənməsi, Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Bu gün “Azərbaycan əlifbası və Azərbaycan dili Günü” kimi qeyd edilir. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001 – ci il 9 avqust tarixli fərmanına əsasən təsis edilib. 1 avqust tarixinin seçilməsi də təsadüfi olmayıb. Belə ki, həmin gün 1990 – cı ildə Azərbaycan əlifba komissiyası yaradılıb. Ümummilli liderin 2001 -ci il iyulun 18 - də imzaladığı dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında həmin il avqustun 9 – da imzaladığı Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında fərmanlar isə ana dilimizin qorunması və inkişafı baxımından misilsiz xidmətləridir.
Azərbaycan dilinin qorunması hər kəsin borcudur. Zənginliyi nöqteyi - nəzərindən Azərbaycan dilinin dünya dilləri arasında xüsusi yeri vardır. Son vaxtlar Azərbaycan dilinə daxil edilən bəzi kəlmələr dilin dəyişilməsinə səbəb olur.
Ümummilli lider də öz çıxışlarında Azərbaycan dilinin saflığının qorunması üçün çağırışlar edir, dilimizin türk dilləri ailəsində xüsusi müstəqil mövqeyini vurğulayırdı. Ümummilli liderin təşəbbüsü ilə hər il Azərbaycanda avqustun 1 –i “Azərbaycan əlifbası və Azərbaycan dili Günü” kimi qeyd olunur.
Bu gün ana dili kimi Azərbaycan dilində 50 milyondan artıq adam danışır. 50 milyondan artıq insanı birləşdirən bu vasitə, söz ehtiyatının zənginliyi, qrammatik quruluşunun səlisliyi, ahəngdarlığı ilə digər dillərdən seçilir.
Müstəqil dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən Azərbaycan mədəniyyəti, Azərbaycan dili, milli mənəvi dəyərlər olub. Azərbaycan dilinin, Azərbaycan mədəniyyətinin qorunub inkişaf etdirilməsi həm də müstəqilliyimizin, vahid dövlətçilik ənənələrimizin və milli birliyimizin ən başlıca simvollarını qorumaq kimi dəyərləndirilməlidir.
Azərbaycan dili Sovet dövründəki əngəllərə baxmayaraq öz mövcudluğunu qoruya bildi. Hazırda dünyanın 90 – na yaxın ölkəsində bu dildə danışanlar var. Dünənimizin, bu günümüzün, sabahımızın əsasında Azərbaycan dili dayanır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. “Əsrlər boyu dilimizi qorumuşuq, bu gün də qorumalıyıq.