Abdulla Məmmədov
Suraxanı Rayonu, Zığ Bələdiyyəsinin sədri
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Dövlət üçün müstəqillikdən, vətəndaşı üçünsə azadlıqdan üstün heç nə yoxdur. Azərbaycan xalqı uzun və zəngin tarixi keçmişə malik, müstəqilliyi uğrunda uzun mübarizələrdən keçmiş bir xalqdır.
1918-ci il may ayının 28-də müsəlman şərqində ilk dünyəvi demokratik dövlət-Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Bu respublika azərbaycanlıların tarixi yaddaşında Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti Türk və İslam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.
Azərbaycan Demokratik Respublikası cəmi 23 ay yaşasa da, qısa müddətdə böyük nailiyyətlər və qalibiyyətlər əldə etdi. Tarix üçün bu çox qısa bir zaman olsa da, əhəmiyyəti baxımından xalqımızın qan yaddaşına əbədi həkk olunmuşdur. Dünyada ilk dəfə qadınlara seçmə-seçilmə haqqı verdi, qadın-kişi bərabərliyini təmin etdi, milli ordusunu qurdu, demokratiya anlayışını gətirdi, azad seçki üsuli-idarəsi yaratdı, beynəlxalq əlaqələr quraraq dövlətlərin Azərbaycan istiqlalını tanımasına nail oldu, Azərbaycanın ərazi bütövlüyünü qəbul etdirdi, iqtisadi islahatlar həyata keçirdi.
1991-ci il yenidən əldə etdiyimiz müstəqillik xalqımızın ötən əsrin əvvəllərində yaşadığı şərəfli tarixin şüurlarda yaratdığı milli oyanışın, azadlıq eşqinin bəhrəsi idi. 1991-ci ilin avqust ayının 30-da Azərbaycanın müstəqilliyi haqqında bəyannamə, oktyabrın 18-də isə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul olundu. Bununla da, Azərbaycan müstəqil, demokratik və dünyəvi bir dövlət kimi yenidən mövcudluğunu dünyaya bəyan etdi.
XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan öz suverənliyini qoruyub saxlamağı bacardı. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü, daxildə baş verən münaqişələr ölkəni çətin vəziyyətə saldı. Lakin, hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədəki ictimai-siyasi sabitliyi bərqərar etdi. Beləliklə müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişafına qədəm qoydu. Azərbaycan müstəqil dövlət kimi ilk Konstitusiyasını qəbul etdi.
Ulu öndər Heydər Əliyevdən sonra onun uğurlu siyasətini ölkə başçısı cənab Prezidentimiz İlham Əliyev davam etdirdi. Müstəqillik illərində Azərbaycanda böyük uğurla həyata keçirilmiş Konstitusiya islahatları ölkəmizdə müstəqil dövlət quruculuğunun daha da inkişaf etdirilərək möhkəmləndirilməsinə xidmət etmişdir. Prezident İlham Əliyevin iştirak etdiyi, o cümlədən, Bakıda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər Azərbaycan dövlətinin dünyada nüfuzunu artıran mühüm faktlardır.
2020-ci ilin sentyabr ayında başlayan 44 günlük müharibə və qələbəmiz bir daha Azərbaycan dövlətinn gücünün göstəricisidir. Azərbaycan artıq 4-cü ildir ki, 28 may- Müstəqillik Gününü qalib xalq kimi qarşılayır. Üçrəngli bayraq doğma Qarabağda-Şuşada, Ağdamda, Zəngilanda qürurla dalğalanır.
Ölkəmizin müstəqilliyi bir də heç vaxt əldən verilməyəcək, əbədi olacaqdır.