Azərbaycan COP29-a ev sahibliyi edəcək ölkə kimi qlobal tədbirə hazırlığın fəal mərhələsindədir

Azərbaycan COP29-a ev sahibliyi edəcək ölkə kimi qlobal tədbirə hazırlığın fəal mərhələsindədir

Şəbnəm Qafarova

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayon, 232 nömrəli tam  orta məktəbin müəllimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Olaf Şoltsun dəvəti ilə “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün cari ilin 25-26 aprel tarixlərində Almaniyada işgüzar səfərdə olmuşdur.

Sözügedən tədbirdə iştirak zamanı dövlət başçısı “Petersberq Dialoqu”nda iştirak etmək üçün dəvətə görə Almaniya Kanslerinə təşəkkürünü bildirmişdir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycanın qlobal tədbirə hazırlığın fəal mərhələsində olduğunu bildirən ölkə Prezidenti bu tədbirə hazırlıq üçün bir ildən də az vaxtımızın qaldığını qeyd etmiş, yaxşı nəticələrə nail olmaq üçün Azərbaycanın əlindən gələni edəcəyini vurğulamışdır.

COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycanın seçilməsi ilə bağlı öz fikirlərini bölüşən Azərbaycan Respublikasının Prezidenti bildirmişdir: “Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik. Nəhayət bu, böyük məsuliyyətdir, çünki biz nəinki yaxşı tədbir təşkil etməli, o cümlədən yaxşı nəticələrə nail olmalıyıq. Hesab edirəm ki, Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla beynəlxalq əlaqələri və onlarda fəal iştirakı bizə müxtəlif qitələrin ölkələri arasında körpülər salmaq və ya onları gücləndirmək, eləcə də onların həmrəyliyini möhkəmləndirmək imkanını yaradacaq.”

Dövlət başçısının Almaniya Federativ Respublikasına səfəri çərçivəsində cari ilin 26 aprel tarixində bu ölkənin xarici işlər naziri xanım Annalena Berbok arasında görüş keçirilmişdir. Görüş zamanı almaniyalı nazir “Petersberq İqlim Dialoqu” çərçivəsində aparılmış müzakirələrin vacibliyini və Prezident İlham Əliyevin bu əsnada çıxışını qeyd edərək, COP29-la əlaqədar Almaniya ilə Azərbaycanın müvafiq heyətləri arasında sıx əməkdaşlığın olduğunu bildirmiş, mütəmadi əsasda məsləhətləşmələrin aparılmasını müsbət hal kimi qiymətləndirdiyini ifadə etmişdir. Xanım nazir Almaniyanın Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün bundan sonra da səylərini davam etdirəcəyini vurğulamışdır.

Sözügedən görüş zamanı dövlətimizin başçısı COP29-la əlaqədar Almaniya ilə əməkdaşlığa və “Petersberq İqlim Dialoqu” formatındakı müzakirələrə dəvətə görə qarşı tərəfə təşəkkürünü bildirmişdir. Azərbaycan Respublikasının Prezidenti həmçinin qeyd etmişdir ki, COP29-un Azərbaycanda keçirilməsi prosesi Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin tərkibi olaraq ərsəyə gəlmişdir.

Cari ilin 26 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer arasında geniş tərkibdə keçirilmiş görüş zamanı COP29-la əlaqədar Almaniya ilə Azərbaycan arasında uğurlu əməkdaşlıq və heyətlər arasında görüşlərin önəmi xüsusi qeyd edilmişdir. COP29-la bağlı yaradılan “üçlük” mexanizminin (Birləşmiş Ərəb Əmirlikləri-Azərbaycan-Braziliya əməkdaşlıq mexanizmi) əhəmiyyətinə toxunularaq Almaniyanın COP29-la əlaqədar Azərbaycana bundan sonra da dəstək göstərəcəyi diqqətə çatdırıldı.

Qeyd edək ki, Tərəflərin konfransı İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının ali qərar qəbul edən orqanıdır və Tərəflərin konfransının builki sessiyası - COP29 cari ilin 11-24 noyabr tarixlərində Azərbaycanda keçiriləcəkdir. Sözügedən tədbirdə iştirak məqsədilə ölkəmizə 60000-dən çox adamın səfər etməsi planlaşdırılır.