Aygün Abbasova
YAP Suraxanı Rayon Təşkilatının üzvü
Suraxanı rayonu, 279 nömrəli tam orta məktəbin müəllimi
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin "güclü dövlət, güclü iqtisadiyyat və sosial rifah" konsepsiyası Azərbaycanı dünyada seçilmiş ölkələrin sırasına daxil edibdir ki, bunun nəticəsində biz uğurla inkişaf edirik. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə çıxışlarında vurğulayıb ki, əldə edilmiş uğurların dünyada bərabəri yoxdur. Dövlət başçısının vurğuladığı kimi Azərbaycan hökumətinin yürütdüyü müstəqil siyasət həmişə birmənalı olub: "Güclü dövlət, güclü iqtisadiyyat və sosial rifah. Bax, bu prinsiplərin vəhdəti bu gün Azərbaycanı dünyada seçilmiş ölkələrin sırasına daxil edibdir. Bunun nəticəsində, biz uğurla inkişaf edirik».
Müzəffər Ali Baş Komandan İlham Əliyev postmünaqişə dövrünün hədəflərini açıqlayarkən hərbi qüdrətimizin artırılmasını xüsusi qeyd edir. Bu gün Azərbaycan Silahlı Qüvvələri böyük hərbi potensiala malikdir. Ordumuz həm döyüş qabiliyyəti, həm də silah və texnika ilə təchizat baxımından daha da güclənib. Lakin son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb oldu.
Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirləri başladı.
Azərbaycan tərəfi dəfələrlə bəyan etmişdi ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir. Azərbaycan Ermənistandan fərqli olaraq yalnız lokal antiterror tədbiri keçirdi. Antiterror tədbiri ilə qanunsuz hərbi silahlı dəstələrinin yerləşdiyi ərazilər, onlara məxsus hərbi texnikalar, onların formalaşdırdığı müşahidə və təhlükə hesab edilən ərazilər hədəf alındı. Burada hərbi güclərin cəmləşdiyi ərazilər nəzərdə tutulurdu. Dinc sakinlər və vətəndaşlar qətiyyən hədəfə alınmadı. Düşməndən fərqli olaraq, biz yalnız əli silah tutan və azərbaycanlılara təhlükə mənbəyi hesab olunan hərbi birləşmələrin, separatçıların, quldur dəstələrinin zərərsizləşdirilməsini həyata keçirdik.
Azərbaycan bütün humanitar qaydalara, beynəlxalq hüquq və konvensiyalara daim riayət edir. Azərbaycan ilk gündən humanitar yolu açıq saxlayıb. Xankəndi və onun ətrafında yaşayan erməni əsilli əhali asanlıqla Azərbaycan ərazilərindən çıxaraq Ermənistana gedə bilirlər. Bu ərazilərdə Azərbaycan qanunlarına riayət edərək yaşamaq niyyətində olan vətəndaşlar öz həyatlarını, yaşamlarını davam etdirirlər. Bir sözlə, separatçılar erməni əsilli əhalini əsarətdə saxlayaraq öz qanunsuz rejimlərini, vəzifələrini və qondarma qurumlarının dövrünü və müddətini uzatmaq istəyirdilər.
Azərbaycan tərəfi üç ilə yaxındır səbir etsə də ermənilər bundan sui-istifadə edirdilər. Bu baxımdan da Azərbaycan beynəlxalq hüquq və konvensiyalara söykənərək lokal xarakterli antiterror tədbirləri keçirməkdə düzgün və haqlı mövqe sərgilədi. Azərbaycanın qətiyyətli mövqeyi, hərbi gücü və mübarizə əzmi separatçılara təslim olmaqdan başqa yolun qalmadığını sübut etdi. Belə bir möhkəm iradəyə, tərəqqiyə və parlaq gələcəyə malik ölkənin vətəndaşı olmaqda qürur duyuruq. Dövlətimizin apardığı siyasətin başlıca qayəsi ərazi bütövlüyümüzün təmin edilməsi, sülhün və əmin-amanlığın bərqərar olması və vətəndaşların rifahıdır. Xalqımız istənilən mübarizədə dövlətimizlə həmrəydir və humanist prinsiplərə əsaslanan haqq savaşımız Azərbaycanın yenilməz iradəsinin, o cümlədən haqlı mövqeyinin bariz nümunəsidir.