“AZAL”ın 25 dekabr faciəsi: Hadisənin səbəbləri və təsirləri

“AZAL”ın 25 dekabr faciəsi: Hadisənin səbəbləri və təsirləri

Gülnarə Xankişili

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu 84 nömrəli tam orta məktəbin müəllimi       

25 Dekabr 2024-cü il, mavi səmanın qanlı faciəsi...  Azərbaycan Hava Yollarına məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması ən faciəvi, ən unudulmaz bir hadisə kimi yaddaşlara yazıldı. Bütövlükdə xalqımızı sarsıdan bu hadisənin başvermə səbəbləri ictimaiyyətə tam məlum olmasa da, pilotların və bütün ekipaj üzvlərinin göstərdiyi mübarizə əzmi və şücaət əsl qəhrəmanlıq salnaməsidir. Ekipaj üzvlərinin peşəkar fəaliyyəti, fədakarlığı, zədələnmiş təyyarənin səmadakı uzunmüddətli manevrləri bizə bunu deməyə əsas verir. Geri dönüşü olmayan yolda irəliləmək, son ana qədər mübarizə aparmaq heç də asan məsələ deyil.

Düzdür, pilotlar təcrübəli idilər, illərin çətin sınaqlarından keçmiş, böyük gücə, qətiyyətə malik idilər və bilirdilər ki, bu qəza enişindən qurtula bilməyəcəklər. Bununla belə vəzifə borclarını layiqincə yerinə yetirmək, sərnişinləri xilas etmək üçün böyük qəhrəmanlıq nümayiş etdirmişlər, nəticədə qəzadan sağ qurtulanlar - hadisənin canlı şahidləri də var. Məhz bunun göstəricisidir ki, füzelyajın bir hissəsi salamatdır, sərnişinlərin bir qismi sağdır və məhz buna əsasən deyə bilirik ki, qəza Rusiya tərəfindən törədildi. Hər şey göz önündədir. Bu faktdır və bunu heç kəs inkar edə bilməz. Açıq-aydın faktı danmaq da ağılsızlıq və cəfəngiyyatdan başqa bir şey deyildir. Necə deyərlər, görünən dağa nə bələdçi?!

Tarixin bütün mərhələlərində vətənin mərd oğulları sırasında biz Azərbaycan qadınının da mərd, qorxmaz, cəsur siması ilə qarşılaşmışıq. Neçə-neçə Sara Xatunlar, Salatınlar, Arəstələr, Hökümələr görmüşük bu doğma yurdda... “Hər şey vətən üçün” şüarına söykənərək “Hər şey yaxşı olacaq” ifadəsinə sığındı onlar... Ölümün gözünə dik baxaraq əsl vətəndaşlıq borcunu yerinə yetirdi onlar... Əlbəttə, belə mübariz yurdda məhz belə övladlar yetişməli idi. Və hələ də yetişməkdədir...

Belə bir çətin dönəmdə göstərilən dəstək və həmrəyliyi də xüsusi vurğulamaq lazımdır. Hansı ki əraziyə ezam olunmuş həkimlərimizlə bərabər Qazaxıstan tərəfi də yaralıları sağaltmaq, ilkin tibbi xidmət göstərməklə dəstəklərini əsirgəmirdi. Həmçinin qəza ilə bağlı cinayət işi açılanda Qazaxıstan və Rusiyanın bu işdə heç də geridə qalmadığının da şahidi oluruq.

Əlbəttə, qəzanın təfərrüatları tam araşdırılacaq, son versiya bəlli olacaq. Amma bu da ilkin versiyanın əsassız, heç bir fakta söykənməməsi anlamına gəlmir. İlkin versiya isə ondan ibarətdir ki, hadisə Rusiyada – Qroznı şəhəri yaxınlığında mülki təyyarənin xaricdən zədə alması nəticəsində baş vermişdir. Təbii ki, burada dost ölkəyə qarşı terror aktı törədilməsindən söhbət belə gedə bilməz. Düzdür, təyyarəmiz vuruldu, lakin günahı etiraf etmək və vaxtında üzr istəmək gözlənilən addım idi, elə gözlənilən də oldu.

Əfsus ki, ilk vaxtlar cəfəng versiyaların səslənməsi şübhə doğurmaya bilməzdi. Məhz buna görə araşdırmalarla beynəlxalq ekspertlərin məşğul olmasının tərəfdarıyıq. Hər zaman olduğu kimi bu gün də haqqın, ədalətin tərəfindəyik. Biz heç zaman aydın olmayan barədə qəti fikir söyləməz, açıq-aşkar olan məsələlərdə isə qətiyyətimizdən dönməz, haqqımız olanı tələb edərik. Çünki haqq yandıran şamı söndürmək olmaz!