Suraxanı rayonu, 278 nömrəli tam orta məktəbin direktoru
Prezident İlham Əliyevin dekabrın 29-da AzTV-yə verdiyi müsahibə AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasından sonra baş verən hadisələrə aydınlıq gətirən və dövlətin məsuliyyətli mövqeyini ifadə edən vacib bir çıxış idi. Prezident qəzanın təsirlərini dərhal nəzarətə götürdüyünü, dövlət səviyyəsində operativ tədbirlər görüldüyünü və hadisənin hərtərəfli araşdırıldığını bildirdi.
Dövlət başçısı öz müsahibəsində bildirmişdir ki, Sankt-Peterburqa MDB Zirvə görüşünə uçarkən Bakı-Qroznı istiqaməti üzrə marşrutu yerinə yetirən AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması barədə məlumatlandırılaraq, dərhal göstəriş verməklə Bakıya qayıtmışdır. Cənab prezident ilk növbədə Dövlət Komissiyasını yaratmış, müvafiq qurumların nümayəndələrindən ibarət heyəti Aktau şəhərinə dərhal ezam etmişdir. Çünki qəzanın yerində araşdırılması,təyyarənin qalıqlarının vəziyyəti ilə tanış olunması məqsədilə, yerində müşahidə aparılmalı, video və fotomateriallar əldə edilməli,daha sonra onlar ictimaiyyətə təqdim edilməli idi.
İlham Əliyevin göstərişilə Azərbaycanın Baş Prokurorluğu qəzanın araşdırılması ilə əlaqədar cinayət işi açmışdır.Təbii olaraq qəza baş verən anlardan ilkin versiyalar üzərində iş başladıldı. Əlbəttə, son versiya “qara qutu”lar açılandan sonra bəlli olacaq. Ancaq ilkin versiyalar da faktlara söykənərək kifayət qədər əsaslı idi. Faktlar isə ondan ibarət idi ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə almış və idarəetməni demək olar ki, itirmişdir. Onu da bilirik ki, təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Bu, təyyarəyə yetirilən birinci xətərdir. Eyni zamanda, yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsi də böyük dərəcədə zədələnmişdir və dərhal, elə həmin gün bizim heyətimiz Aktau şəhərində artıq o videomaterialları təşkil edəndə ictimaiyyət də bu məsələ ilə məlumatlandırılmışdı.
“Bizi təəssüfləndirən və təəccübləndirən məqamlardan biri də o idi ki, Rusiyanın rəsmi qurumları hansısa qaz balonunun partlaması ilə bağlı versiyalar irəli sürmüşdü. Yəni, bu, açıq-aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir və əlbəttə, bu, heç kimə başucalığı gətirmir. Təbiidir ki, təyyarəmiz təsadüfən vuruldu. Təbiidir ki, burada hər hansı bir qəsdən terror aktı törətmək məsələsindən söhbət gedə bilməz. Ona görə öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək - bütün bunlar görüləsi tədbirlər idi və addımlar idi. Əfsuslar olsun ki, birinci üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik” fikirlərini öz müsahibəsində söyləyən cənab Prezident Azərbaycanın Rusiyadan tələblərini açıqlayaraq, dekabrın 27-də artıq bu tələblər rəsmi qaydada onlara çatdırıldığını bildirdi.
Bütün ictimaiyyət Rusiya tərəfinin qəza baş verən andan etibarən Azərbaycandan üzr istəməsini,öz günahını etiraf etməsini gözləyirdi. Ölkə başçısı da öz çıxışında bu mövzuya toxunaraq “Rusiya tərəfi günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir” deyə söylədi. Prezident İlham Əliyev eyni zamanda artıq Rusiya tərəfinin Azərbaycandan üzr istəməsi təmin edilmişdir deyə vurğuladı. Mən ümid edirəm ki, digər şərtlərimiz də qəbul ediləcək. Bütün bu şərtlər ədalətlidir. Burada hər hansı bir fövqəladə tələb, yaxud da ki, məsələ yoxdur və bu, beynəlxalq təcrübəyə və normal insani davranışa əsaslanır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin AzTV-yə verdiyi müsahibə həmçinin, gələcəkdə belə fəlakətlərin qarşısının alınması üçün təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı strategiyanın vacibliyini vurğulayır. Bu, həm ölkə daxilində, həm də beynəlxalq arenada Azərbaycanın məsuliyyətli və etibarlı tərəfdaş olaraq mövqeyini gücləndirən bir çıxış oldu.