Azərbaycan–Slovakiya siyasi əlaqələri: yüksək səviyyəli dialoq və qarşılıqlı səfərlərin təsdiq etdiyi strateji tərəfdaşlıq
Südabə Abdullayeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 279 nömrəli tam orta məktəbin direktoru
Azərbaycan ilə Slovakiya arasında münasibətlər son illərdə dinamik inkişaf mərhələsinə qədəm qoyub. İki ölkə arasında formalaşmış siyasi dialoq, yüksək səviyyəli qarşılıqlı səfərlər və strateji əməkdaşlıq mexanizmləri münasibətlərin davamlı şəkildə möhkəmləndiyini göstərir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "Bu gün Slovakiya–Azərbaycan siyasi əlaqələri çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu əyani şəkildə göstərir." Dövlət başçısının bu fikri iki ölkə arasında siyasi etimadın yüksək səviyyədə olduğunu və intensiv təmasların əməkdaşlığın əsas hərəkətverici qüvvəsinə çevrildiyini əks etdirir.
Son illərdə dövlət başçıları arasında qarşılıqlı səfərlər və müntəzəm görüşlər ikitərəfli münasibətlərə yeni dinamika qazandırıb. Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri, Slovakiya Prezidenti Peter Pelleqrinin Azərbaycana səfəri, eləcə də Şuşada keçirilən yüksək səviyyəli görüşlər siyasi dialoqun davamlı xarakter aldığını nümayiş etdirir. Bu təmaslar yalnız siyasi münasibətlərin inkişafına deyil, iqtisadiyyat, energetika, nəqliyyat, bərpa olunan enerji və Qarabağın yenidən qurulması kimi istiqamətlərdə əməkdaşlığın genişlənməsinə də mühüm töhfə verir.
Prezident İlham Əliyev çıxışında xatırladıb ki, 2024-cü ildə Azərbaycan və Slovakiya arasında Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə imzalanıb və bu sənədin praktiki icrası artıq konkret nəticələrlə müşayiət olunur. Dövlət başçısının vurğuladığı kimi, birgə layihələrin həyata keçirilməsi və siyasi dialoqun intensivləşməsi iki ölkənin güclü siyasi iradəsinin göstəricisidir.
Azərbaycan–Slovakiya münasibətlərinin mühüm xüsusiyyətlərindən biri də əməkdaşlığın konkret layihələr üzərində qurulmasıdır. Slovakiya şirkətlərinin Qarabağın bərpasında, o cümlədən "Ağıllı kənd" layihələrində iştirakı siyasi etimadın iqtisadi əməkdaşlıqla tamamlandığını göstərir. Ağdam rayonunun Baş Qərvənd kəndində həyata keçirilən "Ağıllı kənd" layihəsində iştirakı iki ölkə arasında strateji tərəfdaşlığın praktik müstəvidə uğurla reallaşdığını nümayiş etdirir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Slovakiyanın Qarabağın bərpasında fəal iştirakı və bu layihənin gedişi ilə Azərbaycan və Slovakiya prezidentlərinin birgə tanış olması qarşılıqlı etimadın və əməkdaşlığın real nəticələrinin bariz göstəricisidir. Bu yanaşma münasibətlərin yalnız siyasi bəyanatlar səviyyəsində deyil, real layihələr və qarşılıqlı fayda prinsipi əsasında inkişaf etdiyini təsdiqləyir.
Azərbaycan–Slovakiya siyasi əlaqələrinin yüksək səviyyəsi qarşılıqlı səfərlər, intensiv siyasi dialoq və strateji tərəfdaşlığın praktik nəticələri ilə təsdiqlənir. Bu amillər iki ölkə arasında münasibətlərin gələcək inkişafı üçün etibarlı zəmin formalaşdırır və əməkdaşlığın yeni istiqamətlər üzrə daha da genişlənəcəyini göstərir.