Azərbaycanın yeni rəqəmsal arxitekturası ölkəmizin milli inkişaf yolunda qətiyyətli və strateji mərhələsinin rəmzidir
Pərvanə Cəfərova
Suraxanı Gənclər Evinin əməkdaşı
YAP Suraxanı rayon təşkilatının gənc fəal üzvü
Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib. Müşavirədə Prezident İlham Əliyev tərəfindən verilən ən mühüm institusional tapşırıqlardan biri rəqəmsallaşma və süni intellekt üzrə dövlət qurumlarında vahid koordinasiya mexanizminin yaradılmasıdır. Nazirliklərdə bu sahəyə cavabdeh müavinlərin müəyyən edilməsi, pərakəndə platformaların ləğv edilərək “mygov” üzərindən vahid xidmət modelinə keçid dövlət idarəçiliyində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu isə, sadəcə texniki yenilənmə deyil, idarəetmə fəlsəfəsinin dəyişməsidir – qərarvermədə süni intellekt alətlərindən istifadə, operativlik, şəffaflıq və vətəndaş yönümlü xidmət prinsiplərinin gücləndirilməsi.
Prezident İlham Əliyev tərəfindən müşavirədə səsləndirilən tezislər ölkənin gələcək inkişaf trayektoriyasını müəyyən edən strateji baxış sənədi kimi qiymətləndirilə bilər. Müşavirədə çıxışın əsas xətti ondan ibarətdir ki, Azərbaycan artıq mövcud üstünlüklərini yeni texnoloji mərhələyə daşımaq niyyətindədir. Ölkənin Asiya ilə Avropa arasında yerləşməsi, Şimal–Cənub və Şərq–Qərb dəhlizlərində aktiv iştirakı indiyədək nəqliyyat və enerji tranziti baxımından əhəmiyyət kəsb edirdisə, bundan sonra bu imkanlar rəqəmsal tranzitə – fiber-optik magistrallara və data axınlarına xidmət etməlidir.
Prezident İlham Əliyevin çıxışında kibertəhlükəsizliyin ayrıca vurğulanması göstərir ki, rəqəmsal transformasiya yalnız imkan deyil, həm də risklər doğurur. Keçən il baş vermiş aqressiv kiberhücumlara istinad edilməsi rəqəmsal suverenliyin qorunmasının strateji prioritet olduğunu ortaya qoyur.
Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi tezislər bir daha təsdiqləyir ki, Azərbaycan artıq xammal resurslarından asılılıq dövrünü geridə qoyur və gələcəyini intellektual və texnoloji potensiala bağlamaqla, yeni era lideri kimi yüksəlir. Bu yol yalnız iqtisadi və texnoloji üstünlük qazandırmır, eyni zamanda ölkəmizin dayanıqlı inkişafını təmin edən, qlobal səhnədə rəqabət qabiliyyətimizi möhkəmləndirən strateji addım kimi tarixdə qalacaq.