Azərbaycan MDB-nin işində iştirak etməyə həmişə böyük əhəmiyyət verib
Elvina Əhmədova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət məktəbinin direktoru
Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası müstəqil dövlət kimi bir sıra beynəlxalq və regional təşkilatlara üzv olmuşdur ki, bu qurumlar arasında MDB-nin xüsusi yeri vardır. Azərbaycan Respublikası MDB-yə daxil olan dövlətlərlə ikitərəfli əməkdaşlığın genişlənməsinə böyük önəm verir və bu çərçivədə uğurlu əməkdaşlıq həyata keçirir. Tarixi dostluq ənənələrinə, qarşılıqlı hörmət prinsiplərinə əsaslanaraq getdikcə daha da dərinləşən, intensivləşən münasibətlər ölkələrin milli maraqlarına xidmət edir. Bugün Ulu Öndərin irsini uğurla davam etdirən Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyev MDB çərçivəsində əməkdaşlığa xüsusi önəm verməkdədir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul edib. Cənab Prezident çıxışı zamanı bildirmişdir ki, Azərbaycan MDB-nin işində iştirak etməyə həmişə böyük əhəmiyyət verib. Təşkilatda əməkdaşlıq çərçivəsində bütün istiqamətlər üzrə, həmçinin təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində sıx təmaslar mövcuddur.
Biz ATƏT-in himayəsi altında uzunmüddətli və nəticəsiz danışıqlar prosesində iştirak etdik. Birləşmiş Millətlər Təşkilatı öz nüfuzundan və öz rıçaqlarından istifadə edə bilmədi. BMT Təhlükəsizlik Şurasının erməni qüvvələrinin Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən dörd qətnamə qəbul etməsinə baxmayaraq, onlar əməldə yerinə yetirilmədi. Təkcə bu faktla Azərbaycan beynəlxalq təşkilatların həyata keçirməyi bacara bilmədiyi qətnamələri Ermənistana qəbul etdirdi.
Dəfərlərlə cənab Prezidentin bəyan etdiyi kimi Azərbaycanla heç kim hədə qorxu dilində danışa bilməyəcəyinin əyani sübutunu yaşadığımız tarixi günlərdəyik. Həyata keçirilən son antiterror tədbirləri nəticəsində Azərbaycan suverenliyi tam bərpa edib. Bu fakt regionumuzda təhlükəsizliyin möhkəmlənməsi və sülhə nail olunması üçün imkanlar yaradır. Görüş zamanı cənab Prezident hələ də müxtəlif aventüralar yaşayan düşmənlərimizin tarix yaddaşlarını bir daha təzələdi, sözün əsil mənasında tarix dərsi verdi. Münhen Təhlükəsizlik Konfransındakı tarixi çıxışının bütün aspektlərdən qəbul edilən olduğunu hər kəs üçün aydınlaşdırdı. Eyni zamanda hələ 80 – ci illərdə atılmış ekstremist addımların o vaxtkı sovet rəhbərliyi tərəfindən lazımi səviyyədə qiymətləndirilməməsini də nəzərə çatdıran cənab Prezident bununla ölkəmizin eyni səhvi təkrarlamayacağını bir daha qeyd etmiş oldu.
Bu gün Azərbaycanın Ermənistandan başqa digər qonşuları ilə münasibətləri yüksək səviyyədədir. Rusiya da Azərbaycanın qonşusu, dünyanın ən güclü ölkələrindən və BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir. İki ölkə arasında tarixən dərin mədəni, humanitar, iqtisadi əlaqələr mövcuddur. Rusiyada milyonlarla azərbaycanlı yaşayır, işləyir və bununla yanaşı, iki ölkə arasında mədəni əlaqələrin qurulmasında mühüm rol oynayırlar. Bu gün Azərbaycanın çoxşaxəli müstəqil siyasəti, region ölkələri və beynəlxalq aləmlə münasibətləri günü-gündən inkişaf edir. Ermənistanın hər hansı revanş cəhdi uğursuzluğa məhkumdur.
İrəvanın işğalçı siyasətinə son qoyan Azərbaycanın regionda yaratdığı yeni reallıq dəyişməzdir. Uzun illər talan edilmiş Ermənistan ordusundan heç nə qalmayıb, və o, bərpa olunmayacaq. Azərbaycanın səyləri sayəsində isə kommunikasiyalar tezliklə açılacaq və bu, Ermənistanın iqtisadiyyatı, rüşvətxor məmurların xəstə ambisiyaları uğrunda daim müharibə aparmaqdan yorulan vətəndaşları üçün çoxdan gözlənilən stimula çevriləcək. Ermənistan nə qədər erməni diasporasının təyin etdiyi yol ilə getsə, bir o qədər tez bu gün “dövlətçilik” və “müstəqillik” adlandırdığı şeyləri itirəcək. Onlar üçün parlaq gələcəyi revanşizm və nifrət deyil, regiondakı yeni reallıq təmin edəcək.