Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları davamlı olaraq inkişaf edir

Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları davamlı olaraq inkişaf edir
Əzizə Talıbova
Yeni Suraxanı Bələdiyyəsinin sədr müavini
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Sentyabr ayının 16-da dövrümüzdə ölkələrarası ictimai-siyasi əlaqələrin inkişaf etməsində, iqtisadi təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayan Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin 22-ci Sammiti keçirilib.
İclasa Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ev sahibliyi edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu Sammitdə çıxış edib. Beynəlxalq nüfuz qazanmış, iqtisadi-siyasi tarazlığın bərqərar edilməsi ilə tanınan ŞƏT-ə üzv olan ölkələr (Qazaxıstan, Rusiya, Çin, Özbəkistan, Tacikstan, Qırğızıstan, Pakistan, Hindistan və İran), müşahidəçi üzvləri (Əfqanıstan, Belarus və Monqolustan) və dialoq üzvlər (Azərbaycan, Şri-Lank, Nepal, Kamboca, Ermənistan, Misir və Səudiyyə Ərəbistanı) iştirakı ilə keçirilən Sammitdə təşkilatın əsas məqsədlərindən bəhs edilib. Qarşılıqlı qonşuluq münasibətlərinin möhkəmləndirilməsi, dövlətlərarası ticarət, iqtisadi-siyasi, mədəni əlaqələrin inkişafı və eyni zamanda inteqrasiyası məsələləri müzakirə edilib.
Digər dövlətlər kimi Azərbaycan da ŞƏT-in müşahidəçi üzvünə çevrilmək üçün müəyyən cəhətdən özünün tranzit və nəqliyyat-logistika sahəsində inkişafına xüsusi diqqət yetirir. Azərbaycan bu təşkikata üzv olan bütün ölkələrlə ikitərəfli yüksək səviyyəli münasibətlərə nail olmuşdur. Ölkəmiz Dialoq üzvü kimi bütün dövlətlərlə humanitar münasibətlərin qurulması istiqamətində böyük yol qət etmişdir.
Cənab Prezident İlham Əliyev Sammitin geniş tərkibli iclasında dərin məzmunlu çıxışlar edərək coğrafi cəhətdən mühim ərazidə yerləşən Azərbaycanın Avropa və Asiyanın ticari, iqtidadi əlaqələrində rolunu vurğulayıb, təşkilatla bağlı fikirlərini dilə gətirmiş, bu təşkilat vasitəsilə Azərbaycanda logistika və tranzit sahəsinin inkişafını xüsusilə vurğulamışdır. Qeyd etmişdir ki, Azərbaycan Xəzər dənizində mövcud olan 52 gəmi ilə ən böyük mülki donanmaya malik dövlətdir. Bir il ərzində Bakı Beynəlxalq Dəniz Ticarət Limanında 15 milyon ton yük daşınır ki, bu göstərici yaxın gələcəkdə 25 milyona da çata bilər.
Dövlətimizin başçısı İkinci Qarabağ müharibəsindən bu yana yaranan nəqliyyat-kommunikasiya imkanlarından bəhs edərək, Zəngəzur dəhlizinin açılmasından sonra təşkilat üzvü olan ölkələrin nəqliyyat imkanlarının artacağından və bunun bütün dövlətlər üçün faydalı olacağından danışıb. Cənab Prezident çıxışı zamanı Ermənistanın dövlət sərhədində törətdiyi son təxribatlardan da danışıb və regionda sülhün təmin edilməsinin zəruriliyini vurğulayıb. Sentyabr ayının 13-də Azərbaycan-Ermənistan sərhəddində genişmiqyaslı təxribatın qarşısının alınmasından, Ermənistanın iki ölkə arasındakı münasibətlərə bilərəkdən zərbə vurmasından və buna görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərində olmasından bəhs etmişdir. İki ölkə arasında suverenliyin və ərazi bütövlüyünün tanınmasına dair imzalanması istiqamətində beş əsas prinsipdən ibarət sülh sazişi layihəsi üzərində işlərə başlanmalı olduğu qeyd edilib.
İclasın sonunda təşkilati məsələlər müzakirə edildi, müəyyən qərarlar qəbul edildi və Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənd Bəyannaməsi imzalandı.