Qubadlının işğaldan azad edilməsi tarixi hadisədir
Kəmalə Məmmədova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 270 nömrəli məktəbin direktor vəzifəsini icra edən
İnkişaf edən dünya özü ilə birgə yeni reallıqlar doğurur. Bu reallıqlar fövqündə inkişaf edən ölkəmiz regionda da yeni reallıqlar yaradır. Bu da ondan irəli gəlir ki, bu gün ölkəmizdə qəbul olunan qərarlar regionun ikişafına təsir göstərəcək qədər əhəmiyyətlidir. Müxtəlif ölkələrin prezidentlərinin Azərbaycana etdiyi rəsmi səfərlər və ölkə başçımızın diplomatik görüşlər üçün etdiyi səfərlər gündən-günə artan nüfuzumuzun göstəriciləridir. Bu görüşlərdən biri də Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəmizə etdiyi səfərdir. Rəcəb Tayib Ərdoğanla ölkə başçımızın ənənəvi görüşləri hesab edirəm ki, mənim timsalımda hər bir azərbaycanlını fərəhləndirir. Bu görüşlər dosta sevinc, düşmənə göz dağıdır.
İki il bundan öncəki zamanla bu günü müqayisə etdikdə bu günümüzün işıqlı, sabahımızın isə bu gündən daha parlaq olduğu aydın görünür. Qubadllı 31 avqust 1993-cü ildə işğal edilmişdi. Biz bu tarixi keçmişə dəfn etdik. Elə həmin ilin, həmin gününə. Gözlədik! Doğru zamanı və doğru məqamı. Biz heç bir zaman torpaqlarımızın qayıdacağına olan ümidimizi itirmədik. Azərbaycan əsgəri dövlət sərhəddimizi bərpa etməklə 27 illik həsrətə son qoydu. Bu ucqar rayonumuzun azad edilməsi ilə düşmən sonuncu ümidini də itirdi.
Yol mədəniyyətdir. Bu gün biz Qubadlıda hər şeydən öncə tikinti – abadlıq işlərinin həyata keçirilməsi üçün vacib şərt olan yol infrastrukturunu bərpa etməkdəyik. Bu yollar buradan Naxçıvana qədər uzanıb bütün türk dünyasını birləşdirən yolun ən vacib mərhələsini təşkil edir. Bunu nəzərə alan Ali Baş Komandan İlham Əliyev tikinti – abadlıq işlərini bir an olsun nəzərdən qaçırmır, tez-tez buraya səfər edir. Çox keçməz Qubadlı öz həsrətli sakinlərini həmişəlik olaraq qəbul edər, burada aşıb-daşan xoşbəxt bir həyat başlayar.
Qubadlının işğaldan azad edilməsi tarixi hadisədir. Çünki Qubadlı şəhərinin işğaldan azad edilməsi böyük Qələbəni daha da yaxınlaşdırdı. Qubadlının işğaldan azad olunması həm də Ermənistanın cinayətlərinin də üstünü açdı. Unutmaq olmaz ki, Cenevrə konvensiyalarına görə, işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Ermənistan bu cür cinayət əməllərinə görə beynəlxalq hüquq qarşısında cavab verəcəyi günlər uzaq deyil.
25 oktyabr tarixi 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu. Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərmişdir. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Oktyabrın 25-də isə Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizləmişdir. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi azad olunmuşdur. Bu sevinci bizə yaşadan qələbə müjdəçilərinin qarşısında ehtiramla əyilirik!