Azərbaycanın sülhsevər və qurucu fəaliyyəti fonunda bəzi beynəlxalq təsisatların qərəzli yanaşması ciddi narahatlıq doğurur
Arzu Quliyeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru
Azərbaycanın sülhə gedən yolu heç də asan olmayıb. Otuz ilə yaxın müddətdə Bakı münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində, danışıqlar yolu ilə həlli üçün sonsuz səbir və səy nümayiş etdirdi. Lakin qarşı tərəfin qeyri-konstruktiv yanaşması regionu uzun müddət müharibə zonası kimi saxladı.
Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi və Azərbaycan Ordusunun hərbi gücü sayəsində BMT Təhlükəsizlik Şurasının 30 il kağız üzərində qalan qətnamələri icra edildi, separatçılığa son qoyuldu və ölkəmizin suverenliyi tam təmin olundu. Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı qələbə bütün regionun rahat nəfəs almasına şərait yaradan "sülh qalası"nın təməli oldu.
Azərbaycan və Ermənistan arasında münasibətlər artıq kağız üzərindəki bəyanatlardan real əməli addımlara keçib. 2025-ci ilin avqustunda Vaşinqtonda imzalanan Birgə Bəyannamə və sülh sazişi mətninin paraflanması bu prosesin hüquqi əsası olub.
Prezident İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında çıxışı zamanı sülhün insanların gündəlik həyatındakı real faydalarını konkret faktlarla diqqətə çatdırdı: "Sülhün əldə olunması faktı əsasında Azərbaycan 1990-cı illərin əvvəlindən Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırdı. İndiyə qədər Ermənistana Azərbaycan ərazisi vasitəsilə 28 min ton yük çatdırılıb. Azərbaycan hətta əlavə addımlar atdı. Biz ilk dəfə olaraq öz neft məhsullarımızı - benzin və dizeli Ermənistana təchiz etməyə başladıq. Beləliklə, ticarət münasibətləri başladı. Bu vaxta qədər 12 min ton neft məhsullarımız Ermənistana ixrac edilib".
Bu, düşmənçilik səhifəsinin bağlandığının və ticarət münasibətlərinin bərpasının ən bariz göstəricisidir. Bu mühüm məqamı diqqətə çatdıran Azərbaycan Prezidenti dedi: "Sülh sahəsində digər nailiyyət bağlantılardır. "Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu" Azərbaycanı öz eksklavı Naxçıvanla birləşdirəcək və bununla yanaşı, o, Orta dəhlizin bir hissəsinə çevriləcək. Həm Ermənistan, həm Azərbaycan sülhün əyani nəticələrini artıq görürlər".
Bu layihələr Cənubi Qafqazı qlobal logistik mərkəzə çevirməklə yanaşı, iqtisadi inteqrasiyanı sülhün qarantına çevirir.
Azərbaycanın həmin sülhsevər və qurucu fəaliyyəti fonunda bəzi beynəlxalq təsisatların qərəzli yanaşması ciddi narahatlıq doğurur. Xüsusilə Avropa Parlamenti (AP) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayiş etdirdiyi mövqe sülh prosesinə dəstək deyil, ona maneə kimi qiymətləndirilir.
Avropa Parlamentinin cari il aprelin 30-da ölkəmizlə bağlı qəbul etdiyi növbəti qərəzli qətnamə bu qurumun reallıqdan nə qədər uzaq düşdüyünün növbəti sübutudur. Həmin tarixdə qəbul edilmiş qətnamədə növbəti dəfə ölkəmizə qarşı əsassız və qərəzli müddəalar, həqiqətdən uzaq iddialar yer alıb.
Prezident İlham Əliyev: "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısındakı çıxışında yuxarıda adıçəkilən qurumların ikili standartlarını sərt tənqid edərək vurğuladı: "İkinci Qarabağ müharibəsi bitdikdən cəmi altı ay sonra - 2021-ci ilin mayından 2026-cı il aprelin 30-na qədər Avropa Parlamenti Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edib. Sadəcə, təsəvvür edin: beş il ərzində 14 qətnamə aludəçilikdir".
Nəticə olaraq deyə bilərik ki, sülh prosesinə bəzi ölkələr və təşkilatlar tərəfindən çox ciddi müdaxilələr olsa da, Azərbaycan Cənubi Qafqaz regionunda sülhə nail olmağa çox yaxındır.