Azərbaycan yalnız tranzit ölkə deyil, Avrasiya miqyasında strateji logistika qovşağıdır  

Azərbaycan yalnız tranzit ölkə deyil, Avrasiya miqyasında strateji logistika qovşağıdır   

Əfsanə İbrahimova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, 141 nömrəli tam orta məktəbin əməkdaşı

Bəzi Avropa institutlarının, xüsusilə Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının fəaliyyətinə dair tənqidi məqamlar yer aldı. Azərbaycan tərəfi 2001-ci ildən Avropa Şurasının üzvü olsa da, xüsusilə 2023-cü ildən sonra qəbul edilən bəzi qərarların selektiv və siyasi motivli yanaşmalar əsasında formalaşdığı qeyd edildi. Bu kontekstdə Azərbaycanın ərazi bütövlüyünün bərpasının beynəlxalq hüquqa uyğun olduğu halda fərqli standartlarla qiymətləndirilməsi beynəlxalq münasibətlər sistemində ikili yanaşma problemini aktuallaşdırır.

Dövlət başçımızın xüsusi vurğu ilə qeyd etdiyi “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” layihəsi isə regionun nəqliyyat və logistika xəritəsində yeni mərhələnin əsas elementlərindən biri kimi çıxış edir. Azərbaycanın əsas hissəsinin Naxçıvanla birləşdirilməsi ilə yanaşı, bu layihə Orta Dəhlizin strateji komponentinə çevrilmə potensialına malikdir. Bu baxımdan Azərbaycan artıq yalnız tranzit ölkə deyil, Avrasiya miqyasında strateji logistika qovşağı kimi mövqeyini möhkəmləndirir. Ermənistanın da bu prosesə inteqrasiya perspektivi sülhün iqtisadi dayanıqlığını daha da gücləndirə biləcək amil kimi dəyərləndirilir.

Prezident İlham Əliyevin çıxışında BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, lakin uzun illər icra olunmayan 4 qətnaməyə istinad edilərək Azərbaycanın bu qərarları özü icra etməsi xüsusi vurğulandı. Bu, beynəlxalq hüququn tətbiqində selektivliyin yaratdığı boşluqlar fonunda Azərbaycanın faktiki reallıq yaradan aktor kimi çıxış etdiyini göstərir.

Son illərdə Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi çoxsaylı qətnamələr də tənqidi dəyərləndirildi və bu sənədlərin sülh prosesinə töhfə verməkdən daha çox siyasi gərginliyi artırdığı qeyd olundu. Bu kontekstdə Azərbaycan Parlamentinin mayın 1-də Avropa Parlamenti ilə əməkdaşlığın müxtəlif formatlarda dayandırılması, Avronest Parlament Assambleyasında iştirakın məhdudlaşdırılması və digər institusional addımlar rəsmi Bakının daha balanslı və milli maraqlara əsaslanan xarici siyasət xəttinin davamı kimi təqdim olunur.

Çıxışın yekununda Ermənistan Baş naziri Nikol Paşinyanın Zirvə görüşünə ev sahibliyi münasibətilə təbrik edilməsi və Azərbaycanın sülh gündəliyinə sadiqliyinin bir daha vurğulanması regional sabitlik üçün siyasi iradənin mövcudluğunu nümayiş etdirir. Bütün ziddiyyətlərə və institusional gərginliklərə baxmayaraq, Bakı sülhün alternativsiz olduğunu və onun yalnız siyasi deyil, həm də iqtisadi və strateji inteqrasiya üzərində bərqərar olmalı olduğunu ortaya qoyur.

Ümumilikdə, Prezident İlham Əliyevin çıxışı Azərbaycanın yeni mərhələdə sülh diplomatiyasını iqtisadi inteqrasiya ilə birləşdirən, balanslı və çoxşaxəli xarici siyasət kursunu aydın şəkildə nümayiş etdirir. Bu yanaşma ölkənin yalnız regionda deyil, Avropa siyasi sistemində də aktiv və təsirli aktor kimi mövqeyini daha da möhkəmləndirdiyini göstərir.