Azərbaycanın həyata keçirdiyi uğurlu strategiya Şuşada keçirilən Qlobal Forumda gündəm oldu
Gülşən Yusubova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 30 saylı ambulatoriyanın baş həkimi
İkinci dəfədir Şuşada baş tutan Qlobal Media Forumu vacib məsələlərin müzakirəsi ilə yadda qalır. Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumundakı çıxışında olduqca vacib mesajlar verib.
Tarixi Zəfərimizdən sonra Şuşa Qlobal Media Forumu ənənəsinin yaradılması da mətbuatın cəmiyyətdə roluna verilən dəyərin, onlara diqqət və qayğının göstəricisidir: “İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçirilən 2-ci Şuşa Qlobal Media Forumu 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağı, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyini, 3 beynəlxalq təşkilatı və 82 media qurumunu bir araya gətirdi. Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayır. Dövlət başçısı İlham Əliyev açılış mərasimindəki çıxışında bu məqamı xüsusi qeyd etdi ki, Qarabağın tacının dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərlərini, media, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertləri, tanınmış jurnalistləri ikinci dəfə bir araya gətirməsi mühüm hadisələr sırasındadır.
Bu məkandan reallıqlarımızın beynəlxalq ictimaiyyətə çatdırılması özündə bütün məqamları ehtiva edir. Forumun mövzusuna diqqət yetirməklə günümüzün çağırışları aydın olur. Prezident İlham Əliyev çıxışında, həmçinin sualları cavablandırarkən dezinformasiyaların yaratdığı problemlərə diqqəti yönəltdi. 30 illik işğal dövrünün reallıqlarından bəhs edən cənab İlham Əliyev bildirdi ki, biz etnik təmizləmənin, işğalın qurbanı olmuşuq. Bu hal 30 il davam edib. Ancaq Azərbaycanı dünyada təcavüzkar kimi təqdim edirdilər və medianın bu məsələni işıqlandırması, siyasi motivlərə söykənən mesajlar və qərarlar nəticəsində ölkəmiz beynəlxalq sanksiyalara məruz qaldı. 1992-ci ildə ABŞ konqresində ermənipərəst nümayəndələrinin səyləri nəticəsində Azərbaycana qarşı sanksiyalar tətbiq edildi. Yəni, bu, absurd bir vəziyyətdir ki, humanitar böhrana məruz qalan, bir milyon qaçqını olan, işğal edilmiş əraziləri tamamilə dağıdılan bir ölkə sanksiyalara məruz qalmışdır. O zaman beynəlxalq media şəbəkələrinə o qədər də çıxış imkanımız yox idi.
Müstəqilliyini yeni bərpa etmiş ölkə idik və ciddi səylər göstərməli idik. Bizə elə gəlirdi ki, mesajımızı çatdıra bilmirik. Daha sonra dərk etdik ki, bir çox insanlar, müxtəlif fərdlər mesajları eşitmək istəmir, onlar vəziyyəti tamamilə fərqli şəkildə təqdim etmək istəyir: “Ona görə də bu məsələyə yanaşmanın ən yaxşı yolu budur: 30 il müstəqil olan ölkə nə edə bilər? Sizin kimi şəxsləri Bakıya və bölgələrimizə dəvət etmək və bizim nə işlər gördüyümüzü, planlarımızı təqdim etmək, gözləntilərimizi sizə çatdırmaqdır ki, biz dövlət quruculuğunda nələrə nail olmuşuq. Məhz bu, ən səmərəli üsuldur.”
Dövlət başçısı İlham Əliyev çıxışında və Forum iştirakşılarının suallarını cavablandırarkən daha çox gələcək hədəflərə diqqəti yönəltdi və Azərbaycanın gələcəyi ilə bağlı ümumi modeli təqdim etdi. Cənab İlham Əliyev, eyni zamanda, diqqəti hazırkı dövrün əsas çağırışlarından olan türk dünyasının birliyi məsələsinə yönəltdi. Qeyd etdi ki, Türk Dövlətləri Təşkilatının gələcək inkişafına baxışları aydındır. Bu təşkilatın çox böyük gələcəyi var. Təşkilatı daha yüksək pilləyə qaldırmaq üçün ortaq səylər lazımdır: “Coğrafiyamız çox böyükdür, təbii sərvətlər, nəqliyyat yolları, gənc və artan əhali - bütün bunları mən öz çıxışımda söylədim. Yəni, bütün bu amillər təşkilatımızın potensialını əyani şəkildə göstərir.
Biz birliyi daha da gücləndirməklə Türk Dövlətləri Təşkilatını dünya miqyasında güc mərkəzinə çevirməliyik. Çünki bu gün bir neçə beynəlxalq təşkilat var. Bəziləri böhran içində, bəziləri tənəzzüldədir, Türk Dövlətləri Təşkilatı isə yüksəlişdədir. Bu yüksəliş rahat olmalıdır və buna ortaq səylərlə nail olacağıq. O ki qaldı, hərbi sahədə işbirliyinə, buradan bir neçə yüz metr məsafədə əziz qardaşım Tayyib bəylə biz 2021-ci il iyunun 15-də Şuşa Bəyannaməsini imzaladıq. Türkiyə və Azərbaycan rəsmən müttəfiqlər oldu, o cümlədən hərbi sahədə”.
Prezident İlham Əliyev bildirdi ki, bu, bütün türk cümhuriyyətləri üçün gözəl bir örnəkdir. Təbii ki, hər cümhuriyyətin öz siyasəti, öz baxışları var və biz təşkilat olaraq hər bir ölkənin müstəqilliyini dəstəkləyir, qoruyur və hər şeydən üstün tuturuq. Qarabağ Zəfəri bir çox ünvanlara gözəl mesaj oldu. Gücümüz bir olanda dəmir yumruğumuz da ağır olur, daha möhkəm olur. İnşallah, belə də olacaq.
Forumun Şuşada keçirilməsi Azərbaycan tarixinin, mədəniyyətinin, eləcə də, şanlı zəfərinin və azad edilmiş tarixi torpaqlarımızda ölkəmiz tərəfindən həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinin təbliği baxımından vacibdir: “Azərbaycanın enerji sahəsində həyata keçirdiyi uğurlu strategiya da Şuşada keçirilən Qlobal Forumda gündəmdə olub. Ölkəmizin başçısı Cənub Qaz dəhlizinin uğurla icra edildiyini, Azərbaycanın Avropa üçün əhəmiyyətli qaz tədarükçüsünə çevrildiyini bildirib. Forumda həmçinin mühüm enerji layihələrin Azərbaycanın təşəbbüsü ilə reallaşmasından bəhs edilib.
Azərbaycan enerji sahəsində beynəlxalq layihələrin təşəbbüskarı və uğurlu icraçısı kimi qəbul olunur. Bu mənada Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu bütün dünya tərəfindən etiraf edilir. Azərbaycan həmçinin yaşıl enerji sahəsində iri layihələrin icraçısı kimi tanınır. Qarabağ və Şərqi Zəngəzurun, Naxçıvanın yaşıl enerji zonasına çevrilməsi istiqamətindən atılan addımlar görülən işlər bu mənada xüsusi önəmə malikdir. Şuşa forumunda həmçinin cənab Prezidentin Böyük Qayıdışla bağlı atılan sistemli addımlardan bəhs edib”.