Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir
Bu ilin dekabrın ayının 14-də Türkmənistanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun geniş tərkibdə görüşü oldu. Türk kökü, eyni mədəniyyət, eyni din üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır. Belə ki,yaxın keçmişə nəzər salsaq görərik ki, Azərbaycan öz iqtisadiyyatını möhkəmləndirmək və ölkələr arasında qarşılıqlı xalq, ölkə mənfəətləri əldə etmək uçun çox dayanıqlı və düzgün iqtisadi-siyasi yoldadır. İqtisadi dioqrammaya baxsaq, görərik ki, 2022-ci ilin yanvar ayından bu günə Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz artaraq 5 milyard dollara çatıb. Bu il Türkmənistan ilə ticarət dövriyyəsi 5 dəfə artıb. Hər üç ölkədə nəqliyyat-logistika sahəsinə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət edir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmiryolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra edərək önəmli tranzit ölkəsinə çevrilib.
Prezidentin Türkmənistan səfəri digər səfərlər kimi çox əhəmiyyətlidir. Bu səfər çərçivəsində “Ticari-iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası Saziş”, “2023-2025-ci illər üzrə elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa dair hökumətlərarası Çərçivə Proqramı”, “Gömrük əməkdaşlığına dair Birgə məşvərət komissiyasının yaradılması haqqında qarşılıqlı anlaşmaya dair Hökumətlərarası Memorandum”, “Energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum” və “Nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum”la bağlı Azərbaycan-Türkiyə-Türkmənistan sənədləri imzalandı.
Prezident İlham Əliyevin Türkmənistanda təşkil olunmuş Zirvə görüşündə çıxışı bir sıra mühüm məqamlarla yadda qaldı. Prezident tərəfindən qeyd edildi ki, Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Türkiyə ilə keçən il imzaladığımız Şuşa Bəyannaməsi münasibətlərimizi strateji müttəfiqlik səviyyəsinə çatdırıb. 2017-ci ildə Azərbaycanla Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. Ölkələrimiz beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərir və əməkdaşlıq edirlər.
Cənab Prezident Azərbaycan, Türkiyə və Türkmənistanın nəqliyyat-logistika sahəsində də böyük uğurlara imza atdığını qeyd edərək bildirdi ki, ölkələrimiz tərəfindən bir çox layihələr icra edilib və bunlar da öz növbəsində nəqliyyat sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. Hər üç ölkədə bu sahəyə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət edir. Ölkə başçısı çıxışında Azərbaycanın önəmli tranzit ölkəsinə çevrilməsindən bəhs edərək, ölkəmizin bütün istiqamətlərdə nəqliyyat dəhlizlərinin fəal iştirakçısı kimi öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra etdiyini diqqətə çatdırdı.
Çıxışda vurğulanan bu məsələlər haqqında Azərbaycan Prezidenti dəqiq rəqəmlərlə görülmüş işlər haqqıda danışaraq bildirdi ki, 2022-ci ilin ilk 10 ayında Azərbaycan ərazisindən keçən ümumi tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artıb. Dövlət başçısı məlumat üçün bildirdi ki, Zəngəzur dəhlizi 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq. Prezident digər infrastruktur layihələrinə toxunaraq qeyd etdi ki, regionun logistik potensialını zənginləşdirən layihələr arasında Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin 25 milyon tona çatdırılması, Xəzər dənizi sahilində yerləşən Ələt Azad İqtisadi Zonası, Bakı-Tbilisi-Qars dəmir yolunun ötürücülük qabiliyyətinin 5 milyon tona çatdırılması, ölkəmizdə hava limanlarının sayının artırılması böyük imkanlar yaradacaq.2020-ci ilin sonunda 44 günlük Vətən müharibəsindən danışan dövlət başçısı qeyd etdi ki, əldə olunmuş Zəfər nəticəsində regionda yeni nəqliyyat-kommunikasiya layihələri üçün əlverişli imkan yaranıb.
Zirvə görüşünün bütün məqamlarına diqqət yetirdikdə tam açıq görünür ki, prezidentlər İlham Əliyevin, Rəcəb Tayyib Ərdoğanın və Sərdar Berdiməhəmmədovun geniş tərkibdə görüşündən sonra imzalanmış 6 sənəd Azərbaycan-Türkiyə-Türkmənistan arasında əməkdaşlığın daha da inkişafına xidmət edir. Azərbaycanın ölkə başçısının hər xarici səfəri ölkəmizin iqtisadiyyatı, ticarəti, infrastruktur layihələri,müdafiəsi və Azərbaycan xalqının rifahı üçün mühüm strateji addımlardır və Türkmənistanda baş tutan üçtərəfli Zirvə görüşu də bu amala xidmət edir.