Dostluq və əməkdaşlığımızın rəmzi
Cənab Prezident İlham Əliyevin cari ilin 8 oktyabr tarixində Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxışı i bir daha göstərdi ki, Rusiya-Azərbaycan münasibətlərinin müttəfiqlik xarakteri dönməzdir. Nəticədə əldə olunmuş razılaşmaların həyata keçirilməsi gələcəkdə münasibətlərimizin ardıcıl inkişafı işinə xidmət edəcəkdir.
Ölkə başçısı qeyd etmişdir ki, MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb. 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş Laçın şəhəri tamamilə dağıdılmışdı. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar və o torpaqlarda həyat yenidən dirçəlib.
Növbəti il Azərbaycanda III MDB Oyunları keçiriləcək və Nizami yurdu Gəncə şəhəri idman paytaxtına çevriləcək. Azərbaycanın 10-dan çox şəhərində keçirilməsi nəzərdə tutulan yarışlar, əsil dostluq, qardaşlıq bayramına çevriləcəkdir.
Bir aydan sonra Bakı ən böyük beynəlxalq tədbirə - COP29 iqlim konfransına ev sahibliyi edəcək. 200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarını bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlaməti kimi qiymətləndirən dövlət başçısı qeyd edib ki, Azərbaycan İkinci Dünya müharibəsində qələbənin əldə olunmasına sanballı töhfə verib.
Həmin dövrdə 3 milyon 400 min əhalisi olan Azərbaycandan cəbhəyə 700 minə yaxın insan yollanıb. Döyüş meydanlarında 350 min nəfər həlak olub, 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibə illərində Azərbaycan neftçiləri cəbhəyə neft və neft məhsullarının 80 faizini, hərbi texnika üçün yağların 96 faizini tədarük edib.
II Dünya müharibəsində döyüş şücaətləri ilə fərqlənən 416-cı Azərbaycan atıcı diviziyası 1945-ci il aprelin 21-də birincilər sırasında Berlinin girəcəyinə daxil olmuş, mayın 2-də diviziyanın döyüşçüləri polkovnik Rəşid Məcidovun komandanlığı altında Qələbə Bayrağını Brandenburq darvazası üzərinə sancmışlar.
9 Mayın ümumi Qələbəmiz MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amili kimi qiymətləndirən cənab İlham Əliyev bildirib ki, Azərbaycan bu əməkdaşlığa böyük əhəmiyyət verir və bundan sonra da qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verəcək.