Elburus Xəlilov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, Hövsan bələdiyyəsinin sədri
Artıq 30 ildir ki, respublikamızda Bakı Enerji Həftəsi çərçivəsində Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgiləri keçirilir. Bu tədbir enerji sektorunda innovasiya, tərəqqi və əməkdaşlığın təntənəsi kimi qeyd edilir. Sərgilərin keçirildiyi günlərdə ötən illər ərzində Azərbaycanın uğurları nümayiş etdirilməklə bərabər, sənaye sektorunun perspektiv inkişafı ilə bağlı prioritetlər də diqqətə çatdırılır. Bütün bunlar isə son nəticədə enerji siyasətinin uğurlu inkişafı ilə, sözügedən sistemdə dayanıqlılıqla nəticələnir, eyni zamanda, beynəlxalq tərəfdaşlığın genişlənməsi daha da sürətlənir.
Prezident İlham Əliyev belə bir tarixi məqamla bağlı iyunun 4-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən sərgilərinin rəsmi açılış mərasimindəki çıxışında deyib: “Xəzər Neft və Qaz Sərgisi otuz il bundan əvvəl 1994-cü ildə fəaliyyətə başlayaraq, Azərbaycanın enerji sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsində mühüm rol oynamışdır. O vaxtdan bəri bu tədbir daha böyük tədbirə çevrilib və enerji siyasətinin bütün əsas seqmentlərini - neft, qaz, kəşfiyyat və hasilat, emal və nəqliyyatı və əlbəttə ki, yaşıl enerjini əhatə etdiyinə görə indi onun adı Bakı Enerji Həftəsidir”.
Azərbaycan Respublikası Cənubi Qafqazın yeganə ölkəsidir ki, zəngin karbohidrogen ehtiyatlarına, inkişaf etmiş yanacaq-energetika infrastrukturuna və özünü tam təmin edən enerji sisteminə malikdir. Memarı ümummilli lider Heydər Əliyev olan Müasir Azərbaycan Respublikasının təkcə milli və regional səviyyədə deyil, həm də dünya enerji sistemində getdikcə həlledici bir vəsiləyə çevrilməsi, transmilli enerji bazarlarında özünəməxsus yer tutması və Avropanın enerji təhlükəsizliyində fəal iştirakı onun regional və planetar geosiyasi, geoiqtisadi mövqeyinin möhkəmlənməsinə xüsusi təsir göstərməkdədir.
Azərbaycanın enerji ehtiyatları həm də milli iqtisadiyyatın bütün sahələrinin dinamik inkişafının əsasını təşkil edir, ölkənin ümumi daxili məhsulunun, əsas maliyyə - iqtisadi göstəricilərinin formalaşmasında həlledici amil kimi çıxış edir. Odur ki, mövcud təbii ehtiyatlardan, yanacaq-enerji potensialından səmərəli istifadə edilməsi siyasəti Cənubi Qafqazın regional geosiyasi və geoiqtisadi vəziyyəti fonunda ölkənin davamlı iqtisadi inkişafının və iqtisadi təhlükəsizliyinin əsas təminatlarından birini yaradır.
Azərbaycanın beynəlxalq münasibətlər sistemində öz yerinin möhkəmlənməsində enerji amilinin rolunu xüsusi vurğulamaq lazımdır. Danılmaz həqiqətdir ki, bu gün ümumilli lider Heydər Əliyevin layiqli siyasi davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın mühüm regional və qlobal əhəmiyyətli aktora çevrilməsində ölkənin müstəqil enerji siyasətinin rolu böyükdür. Bildiyimiz kimi, Azərbaycanın iştirakı və razılığı olmadan regionda qlobal əhəmiyyətli heç bir layihə gerçəkləşə bilməz. Milli maraqlar əsasında qurulan enerji strategiyamızın bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri üzərində həyata keçirilməsi ölkənin iqtisadi imkanlarını və beynəlxalq nüfuzunu yüksəldib.