Azərbaycan–Avropa Komissiyası əməkdaşlığının yeni və perspektivli istiqamətləri…

Azərbaycan–Avropa Komissiyası əməkdaşlığının yeni və perspektivli istiqamətləri…

Hüseyn Quliyev

Yeni Azərbaycan  Partiyasının Suraxanı rayon təşkilatının gənc fəal üzvü, Gənc tədqiqatçı

2026-cı il iyulun 1-də Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana rəsmi səfəri zamanı Prezident İlham Əliyevin bəyanatında diqqət çəkən digər mühüm istiqamət nəqliyyat və logistika sahəsində əməkdaşlıq oldu. Qlobal geosiyasi dəyişikliklər fonunda beynəlxalq yükdaşımaların marşrutlarının yenidən formalaşdığı bir dövrdə Azərbaycanın Şərq–Qərb və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin əsas iştirakçısı kimi rolu daha da artmışdır.

Son illərdə ölkədə dəniz limanlarının, dəmir yolu xətlərinin, avtomobil yollarının və logistika infrastrukturunun modernləşdirilməsi istiqamətində həyata keçirilən iri investisiyalar Azərbaycanın Avrasiyanın mühüm tranzit mərkəzinə çevrilməsini təmin etmişdir. Artan yük axınları fonunda bu infrastrukturun daha da genişləndirilməsi həm regional iqtisadi inteqrasiyaya, həm də beynəlxalq ticarətin dayanıqlılığına mühüm töhfə verəcəkdir.

Azərbaycan–Avropa Komissiyası əməkdaşlığının yeni və perspektivli istiqamətlərindən biri də bərpaolunan enerji sektorudur. Azərbaycanın zəngin günəş, külək və hidroenerji potensialı ölkənin enerji siyasətində yeni mərhələnin əsasını təşkil edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, artıq imzalanmış müqavilələr yaxın beş-altı il ərzində təxminən 8 giqavat həcmində günəş və külək enerjisi istehsalının təmin edilməsinə imkan verəcəkdir.

Bu layihələr Azərbaycanın enerji balansının şaxələndirilməsi ilə yanaşı, ixrac potensialının artırılmasına, karbohidrogen ehtiyatlarından daha səmərəli istifadəyə və qlobal iqlim məqsədlərinə töhfə verəcəkdir. Eyni zamanda yaşıl enerjinin Avropa bazarlarına ixracı istiqamətində həyata keçirilən təşəbbüslər Azərbaycan ilə Avropa Komissiyası arasında əməkdaşlığın strateji məzmununu daha da zənginləşdirir.

Bəyanatın mühüm siyasi istiqamətlərindən biri regional təhlükəsizlik və sülh prosesi ilə bağlı idi. Prezident İlham Əliyev vurğuladı ki, Ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə Prezident Trampın iştirakı ilə Ermənistan və Azərbaycan Birgə Bəyannaməni imzaladılar. Azərbaycan regionda dayanıqlı sülhün təmin olunması istiqamətində ardıcıl və prinsipial siyasət həyata keçirir. Ermənistan ilə münasibətlərin normallaşdırılması prosesində əldə olunan irəliləyişlər, etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi və kommunikasiyaların mərhələli şəkildə açılması Cənubi Qafqazda yeni əməkdaşlıq mühitinin formalaşdığını göstərir. Azərbaycanın birtərəfli humanitar və iqtisadi addımları, o cümlədən tranzit imkanlarının yaradılması və enerji təchizatı sahəsində əməkdaşlıq təşəbbüsləri ölkəmizin sülhə sadiqliyinin real təzahürü kimi qiymətləndirilə bilər.

Prezident İlham Əliyev bəyanatında xüsusi olaraq qeyd etdi ki, Azərbaycan sülhü yalnız siyasi sənədlərdə deyil, gündəlik həyatda hiss olunan reallığa çevirməyə çalışır. Məhz bu yanaşma regionun gələcək inkişaf modelini müəyyən edən əsas prinsipdir. Dayanıqlı sülh, qarşılıqlı etimad və iqtisadi əməkdaşlıq Cənubi Qafqazın uzunmüddətli sabitliyinin əsas təminatıdır. Bu baxımdan Avropa Komissiyasının regionda sülh təşəbbüslərinə dəstəyi və əməkdaşlıq platformalarının genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Sonda onu xüsusi vurğulamalıyam ki, Prezident cənab İlham Əliyevin 1 iyul 2026-cı il tarixli bəyanatı bir daha nümayiş etdirdi ki, Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı siyasi tərəfdaş, məsuliyyətli enerji təchizatçısı, mühüm tranzit-logistika mərkəzi və regional sabitliyin əsas təminatçılarından biridir. Avropa Komissiyası ilə inkişaf edən əməkdaşlıq yalnız ikitərəfli münasibətlərin möhkəmlənməsinə deyil, həm də Avropanın enerji təhlükəsizliyinə, beynəlxalq nəqliyyat marşrutlarının dayanıqlılığına və Cənubi Qafqazda uzunmüddətli sülhün təmin olunmasına xidmət edir.