Azərbaycana münasibətdə haqsızlıq, ədalətsizlik, ikili standartlar var
Elşad Həsənov
YAP Suraxanı rayon təşkilatının fəal üzvü, siyasi ekspert
“İşğal dövründə biz hər zaman müəyyən mənada, yumşaq desək, məyus olurduq ki, postsovet məkanında münaqişələrə fərqli münasibət var”. Bunu Prezident İlham Əliyev “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda deyib.
Ölkə başçısı deyib ki, biz özümüz ərazi bütövlüyümüzün pozulmasından əziyyət çəkmişik: “Ona görə də ərazi bütövlüyü beynəlxalq hüququn başlıca prinsipidir. Başqa bir məsələ ondan ibarətdir ki, müxtəlif ölkələrin ərazi bütövlüyünə selektiv yanaşma var. Sizə deyə bilərəm ki, işğal dövründə biz hər zaman müəyyən mənada, yumşaq desək, məyus olurduq ki, postsovet məkanında münaqişələrə fərqli münasibət var.
Gürcüstan və Moldovada münaqişə ilə bağlı, hətta Ukraynadan əvvəl, bu ölkələrin ərazi bütövlüyünə dəstək tamamilə açıq şəkildə ifadə olunurdu. Azərbaycana gəlincə, biz heç vaxt vasitəçilərdən belə açıq yanaşma və ya bəyanat eşitməmişik. Onların yanaşması belə idi ki, siz razılaşmalısınız. İctimaiyyət qarşısında yanaşma bu idi. Bizim bəzən qapalı danışıqlar zamanı aldığımız mesajlar ondan ibarət idi ki, bu, reallıqdır və hər bir ölkə öz reallığını nəzərə almalıdır. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələri barədə soruşanda isə heç bir cavab yox idi, ərazi bütövlüyü barədə heç bir cavab yox idi, Helsinki yekun aktı barədə heç bir cavab yox idi”.
Bütün bunlar bir daha onu göstərir ki, beynəlxalq hüququn tətbiqində ikili yanaşmalar var. Bütün bunlar onu göstərir ki, Azərbaycana münasibətdə haqsızlıq, ədalətsizlik, ikili standartlar var.
BMT-nin Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı 4 qətnaməsi olsa da, 30 il bunlar havada qaldı: “Lissabon sammitində və digər beynəlxalq tədbirlərdə Helsinki Yekun Aktından irəli gələn məsələlərin həyata keçirilməsi tələb olundu. Ancaq bunların hansısa bir faydası olmadı. BMT Təhlükəsizlik Şurası qətnamələr qəbul etsə də, bunu həyata keçirən mexanizm olmadı. Daha dəqiq desək, TŞ-nin üzvləri bunu həyata keçirməkdə maraqlı deyildilər. Beləcə, göz görə-görə beynəlxalq prinsiplərə tüpürdülər. Ancaq digər ölkələrə münasibətdə o dəqiqə sanksiyalar və digər təzyiq mexanizmləri işə salınır.
Ermənistan isə heç mənəvi qınağa belə məruz qalmadı. Bütün bunlar onu göstərir ki, Azərbaycana münasibətdə haqsızlıq, ədalətsizlik, ikili standartlar var. Bütün bunların hamısı bizim başımıza gəlir. Prezident İlham Əliyevin sayəsində Azərbaycanda güclü ordu quruldu və mövcud ədalətsizliyə son qoyuldu. Əgər güclənməsəydik, ərazilərimiz işğal altında qalardı. Ona görə də Azərbaycan nadir ölkələrdəndir ki, belə ədalətsizliyə son qoymağı bacardı. Azərbaycana qarşı belə münasibət həm də xristian amili ilə bağlıdır. Bu baxımdan Azərbaycan daim güclü olmalı və belə situasiyalara hazır olmalıdır.