Azərbaycan yeni mənbənin sahibi kimi və Avropanın enerji təhlükəsizliyi üçün bir çox işlər görən ölkə kimi böyük hörmətlə qarşılanır
Aygün Məmmədova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayon 149 saylı uşaq bağçası və körpələr evinin tərbiyəçisi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Münxendə Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşdən sonra televiziya kanallarına müsahibə verib. Müsahibə zamanı : "Bir çox məsələlər müzakirə olundu, o cümlədən Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması, sazişin imzalanması üçün lazım olan şərtlərin mövcudluğu. Əlbəttə ki, mən öz mövqeyimi bir daha bildirdim. Əsas məsələ ondan ibarətdir ki, bu sülh müqaviləsi beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməlidir.
Erməni sakinlərin yoldan istifadə etməklə sərbəst hərəkətinə heç bir maneə olmadığı, ehtiyac olacağı təqdirdə ermənilərə yardım göstərmək niyyətləri barədə Azərbaycan tərəfinin bəyanatlarına baxmayaraq, yerli ermənilərin rəhbərləri kimi özlərini təqdim edən şəxslərin əhalinin yoldan istifadəsinə qarşı olması faktları diqqətə çatdırılıb. “Laçın-Xankəndi yolundakı vəziyyət də əlbəttə ki, müzakirə olundu. Mən bir daha Azərbaycanın mövqeyini bildirdim ki, hər hansı bir blokadadan söhbət gedə bilməz. Dekabrın 12-dən bu günə qədər 2500-dən çox yük maşını və Beynəlxalq Qızıl Xaç Komitəsinin maşınları keçmişdir və əgər blokada var idisə, bu maşınlar necə keçə bilərdi? Yəni bu, Azərbaycana qarşı əsassız bir ittihamdır. Biz bunu rədd edirik və deyə bilərəm ki, keçirdiyim bütün görüşlərdə bu mövqe anlayışla qarşılanır. O cümlədən Avropa İttifaqı bizim mövqeyimizi anlayır. Biz haqlı olaraq tələb edirik ki, yataqlarımızın qanunsuz istismarı dayandırılsın və buna nail olunmayana qədər əminəm ki, bizim ictimai fəallarımız öz şərəfli missiyalarından əl çəkməyəcəklər. Bu gün də bunu çatdırmağa çalışdım”, - Azərbaycan Prezidenti vurğulayıb.
Münxen Təhlükəsizlik Konfransı bu gün qlobal siyasətlə bağlı ən nüfuzlu platformalardan biri kimi çıxış edir. Bu Konfrans çərçivəsində təşkil olunan sessiyalarda səslənən fikirlər və dərc edilən hesabatlar Avro-Atlantik oxundakı mərkəzlərin qlobal siyasətlə bağlı qiymətləndirmələri ilə bağlı mühüm məlumatlar verən mənbələr kimi dəyərləndirilir, qlobal siyasətlə bağlı tapıntıları ortaya çıxarmaq məqsədi daşıyır. Prezident İlham Əliyevin bu konfransa ali qonaq kimi dəvət alması və orada iştirakı dövlətimizin yüksək nüfuzunun və mövqeyinin göstəricisi, eyni zamanda Azərbaycanın sülh tərəfdarı olduğunu bir daha göstərir. Prezident İlham Əliyevin səfər çərçivəsində keçirdiyi görüşlər, müzakirələr isə dövlətimizin xarici siyasət kursunun çoxşaxəli əlaqələrinin nəticəsi kimi qəbul olunmalıdır.
Enerji təhlükəsizliyi məsələləri beynəlxalq təşkilatlar tərəfindən müzakirə olunan gündəliyin ön sıralarındadır. Azərbaycan yeni mənbənin sahibi kimi və Avropanın enerji təhlükəsizliyi üçün bir çox işlər görən ölkə kimi böyük hörmətlə qarşılanır. Azərbaycanın Qarabağın bərpası baxımından yeni investisiyalar cəlb edə bilməsi üçün Münxen Konfransında iştirakın daha bir mühüm faydası şəbəkə qurmaq, onu genişləndirmək imkanıdır. Prezident İlham Əliyevin “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusundakı plenar iclasda Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidinin olmadığını bəyan edərək hamıdan ölkəmizin suverenliyinə və Konstitusiyasına hörmətlə yanaşmasını xahiş etdi.