Azərbaycan xalqı sözün əsl mənasında vahid amal uğrunda dəmir yumruq kimi birləşdi
Azərbaycanın İkinci Qarabağ, 44 günlük Vətən müharibəsi zamanı möhtəşəm qələbə qazanması, uzun illərdən bəri Ermənistanın işğalı altında olan tarixi torpaqlarımızın azad olunması , ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa edilməsi, heç şübhəsiz, xalqımızın çoxəsirlik dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biridir.
Əlbəttə, ölkəmizin bu tarixi nailiyyəti təsadüfi xarakter daşımır və ötən müddət ərzində həm ordu quruculuğu sahəsində, həm diplomatiya cəbhəsində görülən işlərin, eyni zamanda beynəlxalq informasiya müstəvisində Azərbaycan reallıqlarının sistemli və məqsədyönlü şəkildə təbliğinin nəticəsidir. O da xüsusilə vurğulanmalıdır ki, Azərbaycanın bu qürurverici və əzəmətli qələbəsinin müəllifi xalqımızın ulu öndəri Heydər Əliyevin layiqli davamçısı ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevdir.
Heç şübhəsiz ki, tariximizin və müstəqillik dövrümüzün ən əlamətdar hadisəsi Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıdır. Ötən müddət ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə öz hərbi qüdrətini və iqtisadi imkanlarını artıran, uğurlu diplomatik fəaliyyət həyata keçirən Azərbaycanın münaqişənin həllinə nail olması müstəsna hadisədir. Azərbaycan öz ərazi bütövlüyü ilə yanaşı, tarixi ədalətin və beynəlxalq hüququn bərpasına da müvəffəq olub. Xüsusi vurğulamaq istəyirəm ki, bu qələbənin əldə olunmasında dünya azərbaycanlılarının Ali Baş Komandanımızın ətrafında sıx birləşməsi və milli həmrəyliyimiz vacib rol oynadı.
Azərbaycan xalqı sözün əsl mənasında vahid amal uğrunda dəmir yumruq kimi birləşdi, öz hədəfinə çatdı. Xalq-iqtidar birliyi, dünya azərbaycanlılarının həmrəyliyi öz sözünü dedi, bütün dünya, o cümlədən işğalçı Ermənistan və onun havadarları gücümüzü, qüdrətimizi gördü. Qətiyyətli lider – müdrik siyasətçi olan Prezident İlham Əliyevin qeyd etdiyi kimi “Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır və bizim siyasətimizdir. Ona görə xalq – iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir.”
İşğaldan azad edilmiş ərazilərin bərpası və əhalinin öz ata-baba yurdlarına qayıtması Vətən müharibəsindən keçən dövr ərzində dövlətimizin əsas fəaliyyət istiqamətinə çevrilmişdir. Həmin ərazilərdə yerləşən şəhər və rayon mərkəzlərinin yeni baş planları hazırlanmışdır və bu sahədə çoxşahəli quruculuq işləri aparılmaqdadır. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur.
Qarabağın quruculuq işlərinin qısa vaxtda həyata keçirilməsi Qarabağ və ətraf əraziləri dağıntılara məruz qoymuş düşmənin özünü belə heyrətdə buraxmışdır. Erməni blogerlər, ictimai fəallar sürətli quruculuq işlərinə diqqət çəkərək social şəbəkələrdəki çıxışlarında bunu həmin ərazilərə əsil sahibin qayıdışı kimi etiraf etmişlər.
Bu gün ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən birini də müharibə əlilləri və şəhid ailələrinə göstərilən dövlət qayğısı təşkil edir. Heç kimə sirr deyil ki, Azərbaycan dövləti şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə yüksək diqqət və qayğı göstərir. Prezident İlham Əliyev həmin həssas təbəqədən olan vətəndaşların problemlərinin həllini bütün dövlət qurumları qarşısında bir nömrəli vəzifə kimi müəyyən edib. Dövlətin bu sahəyə ayırdığı diqqət və qayğının göstəricisi son illərdə Prezident İlham Əliyevin imzaladığı sərəncamlar əsasında irimiqyaslı layihələrin həyata keçirilməsidir. Belə ki, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması üçün fərdi və çoxmənzilli yaşayış binalarının tikilib istifadəyə verilməsi, eləcə də bu kateqoriyadan olan insanların avtomobillərlə təmin olunması bunun əyani təsdiqidir.
Bəli, qürurla deyə bilərik ki, bu gün biz qalib ölkənin vətəndaşlarıyıq. Hər bir Azərbaycan vətəndaşı xoşbəxtdir ki, bu tarixi qələbənin şahidi oldu. Buna görə xalqımıza bu xoşbəxtliyi və tarixi qələbə sevincini yaşadan Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuza borcluyuq. Vətən naminə canlarından keçən şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq. Onların hər biri əsl qəhrəman, gələcək nəsillərə rəşadət və qorxmazlıq nümunəsidir.
Yaşasın Ali Baş Komandan!
Zəfərin mübarək, Azərbaycan!
Qarabağ Azərbaycandır!