Azərbaycan xalqı “öldü var, döndü yoxdur” dedi
Gülbəniz Sadıqova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı Sağlamlıq Mərkəzinin baş həkimi
27 Sentyabr – Anım Günü xalqımızın yaddaşında Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinə dərin ehtiram günü kimi yaşayır. Bu müqəddəs gündə Birinci və İkinci Qarabağ müharibələrində şəhid olmuş bütün qəhrəmanlarımızın ruhu qarşısında baş əyir, Allahdan onlara rəhmət diləyirəm. Onların göstərdiyi qəhrəmanlıq, fədakarlıq və Vətən sevgisi Azərbaycan tarixinin ən şərəfli səhifələrindən birini təşkil edir. İllərlə davam edən işğal və xalqımızın üzləşdiyi ədalətsizliklər Azərbaycan xalqının səbrini tükəndirmişdi.
Azərbaycan daim beynəlxalq hüquqa və sülh yolu ilə həll imkanlarına sadiqliyini nümayiş etdirmişdir. Lakin Ermənistanın hərbi təxribatları və işğal siyasəti 2020-ci il sentyabrın 27-də yeni müharibənin başlanmasına səbəb olan hadisələrə gətirib çıxardı.
Həmin gün Azərbaycan Ordusu dövlətimizin suverenliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda Vətən müharibəsinə başladı. Müharibənin ilk günlərindən etibarən Azərbaycan xalqı “öldü var, döndü yoxdur” şüarı ilə öz ordusunun və dövlətinin ətrafında sıx birləşdi. 44 gün davam edən Vətən müharibəsində Azərbaycan əsgəri misilsiz qəhrəmanlıq və şücaət göstərdi.
Ali Baş Komandanın rəhbərliyi və Azərbaycan Ordusunun hərbi qüdrəti nəticəsində işğal altında olan ərazilərimizin böyük hissəsi azad edildi. Bu Qələbənin arxasında şəhidlərimizin canı, qazilərimizin sağlamlığı və hər bir Azərbaycan vətəndaşının fədakarlığı dayanır. Şəhidlərimizin qanı və qazilərimizin qəhrəmanlığı xalqımız üçün əbədi yaddaş və qürur mənbəyidir.
Azərbaycan dövləti hər zaman öz əsgərinin, şəhid ailələrinin və qazilərinin yanında olduğunu nümayiş etdirib. Şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısı onların Vətən qarşısındakı xidmətlərinə verilən yüksək qiymətin ifadəsidir. Bu gün işğaldan azad olunmuş torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağının dalğalanması şəhidlərimizin müqəddəs amalının gerçəkləşməsinin rəmzidir. Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri Böyük Qayıdışın yeni mərhələsini formalaşdırır. Vətən müharibəsində əldə olunan Qələbə Azərbaycanın şanlı tarixində hər zaman xüsusi yer tutacaqdır.
Bu Qələbənin qəhrəmanları olan şəhid və qazilərimizin adı gələcək nəsillər tərəfindən daim hörmət və ehtiramla yad ediləcəkdir. Hərbi Qənimətlər Parkı və digər memorial məkanlar həmin tarixi günlərin yaddaşımızda yaşadılmasına xidmət edir. Bu gün biz yalnız müharibənin başlanmasını deyil, Vətən uğrunda həyatını fəda edən insanların müqəddəs xatirəsini yad edirik.
Şəhidlərimizin ailələrinin çəkdiyi ağrı və itki heç vaxt unudulmamalı, onların əziz xatirəsi daim qorunmalıdır. Biz şəhidlərimizin bizə əmanət etdiyi Vətəni daha da gücləndirmək və inkişaf etdirmək məsuliyyətini dərk etməliyik. Onların qəhrəmanlığı Azərbaycan gəncləri üçün Vətənə sədaqətin, mərdliyin və fədakarlığın əbədi nümunəsidir.
Şəhidlik zirvəsi sözlə ifadə olunmayacaq qədər uca,müqəddəs və şərəflidir. Mən bu zirvənin ağrısını da, qürurunu da bir şəhid bacısı kimi ürəyimin ən dərin yerində yaşayıram. Bu əlamətdar gündə bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa, şəhid ailələrinə səbir və möhkəm iradə diləyirəm.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların əziz xatirəsi qəlbimizdə əbədi yaşasın!