Azərbaycan və Pakistan münasibətləri iki qardaş ölkə arasında qarşılıqlı dəstək üzərində qurulub
YAP Suraxanı rayon təşkilatının ƏPT-nın sədri
Suraxanı rayonu 126 saylı körpələr evi uşaq bağçasının müdiri
Pakistan Cənub-Şərqi Asiyanın nəhəng dövlətlərindən biridir. Pakistanla Azərbaycan arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri kimi Pakistan hər zaman Azərbaycana dəstək verib və 44 günlük Vətən müharibəsi zamanı da bunu nümayiş etdirib. Hətta, Pakistan həmrəylik nümayiş etdirməklə işğal faktoruna görə Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb. Ona görə də, Azərbaycan və Pakistan münasibətləri iki qardaş ölkə arasında olan münasibətlərdir.
Azərbaycanın sıx dostluq və qardaşlıq əlaqələri qurduğu, qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ölkələrdən biri də qardaş Pakistandır: “İki ölkə arasında təmaslar və qarşılıqlı səfərlər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ilin dekabrında Kasablankada Pakistanın o vaxtkı Baş naziri Benazir Bhutto ilə görüşündən sonra başlayıb.
Bu görüşlə ikitərəfli münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün də Prezident İlham Əliyev Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir və ölkənin ali siyasi rəhbərliyi ilə qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli münasibətlər saxlayır. Hazırda iki ölkə arasında möhkəm dostluq və qardaşlıq təməlləri üzrə qurulmuş strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Hər iki ölkə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərir və əlaqələrimiz bütün sahələrdə sürətlə inkişaf edir”.
Hal-hazırda Pakistanı tam əminliklə Azərbaycanın Türkiyədən sonra dünyadakı ikinci əsas strateji müttəfiqi hesab etmək olar. İki ölkə arasında həm ikitərəfli, həm də çoxtərəfli intensiv münasibətlər mövcuddur. İndiyədək hər iki ölkə BMT, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq, regional qurumlarda eyni mövqedən çıxış edib, Kəşmir və Ermənistan-Azərbaycan Qarabağ problemlərinə eyni mövqedən yanaşıb və bu münaqişələrin beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdar olduqlarını bildiriblər.
Pakistan Azərbaycana yaxın müttəfiq ölkələrdən biridir və Vətən müharibəsi zamanı Azərbaycanın haqlı mövqeyini müdafiə etdi. Ermənistanın Azərbaycana qarşı təcavüzünə, terrorçuluğuna, mülki insanlara qarşı hücümlarına Pakistan hər zaman mövqeyini bildirdi və Azərbaycana dəstək nümayiş etdirdi və yanımızda olduqlarını sərgilədilər.
Vətən müharibəsində Pakistan Senatı və Milli Assambleyası tərəfindən qətnamələr qəbul edildi. Belə ki, Pakistan Senatında ötən ilin oktyabrında Kabinet Katibliyi üzrə Daimi Komitəsi tərəfindən Ermənistanın ölkəmizə qarşı təcavüzünü pisləyən və Azərbaycana dəstək ifadə edən qətnamənin yekdilliklə qəbul edilməsi və s. möhkəm dostluğun əsl nümunəsidir. Təbii ki, bu münasibət dövlətlərimiz arasında əlaqələrin inkişafından və səmimi qardaşlıq münasibətlərindən qaynaqlanır.