Azərbaycan və Özbəkistanın əməkdaşlığı yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmır...

Azərbaycan və Özbəkistanın əməkdaşlığı yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmır...

Ülviyyə Cəfərli

Suraxanı Tibb Mərkəzinin xəstə xidmətləri şöbəsinin müdiri

YAP Suraxanı rayon təşkilatının Ərazi Partiya təşkilatının sədr müavini

Azərbaycan–Özbəkistan münasibətlərinin ən təsirli və mənəvi baxımdan ən dəyərli nümunələrindən biri Özbəkistanın işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirdiyi layihələrdir. Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəbin inşası və Xankəndidə tikiş fabrikinin yaradılması Özbəkistanın Qarabağın bərpası prosesində Azərbaycana verdiyi dəstəyin konkret ifadəsidir. Prezident İlham Əliyev də xüsusi olaraq vurğulayıb ki, Özbəkistan və Prezident Şavkat Mirziyoyev azad edilmiş ərazilərə praktiki yardım göstərən ilk ölkə və ilk Prezident olub.

Xankəndidə yaradılmış tikiş fabrikinin 200-dən çox iş yerinin açılmasına imkan verməsi isə bu dəstəyin yalnız simvolik deyil, real sosial-iqtisadi nəticələr doğurduğunu göstərir.  Bu layihələr Azərbaycan xalqının yaddaşında uzun illər yaşayacaq. Çünki dostluğun ən böyük göstəricisi çətin və məsuliyyətli günlərdə yanında olmaqdır.

Azərbaycan və Özbəkistanın əməkdaşlığı yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmır. Bu əlaqələr daha geniş Mərkəzi Asiya–Cənubi Qafqaz əməkdaşlığının mühüm elementinə çevrilir. Azərbaycanın Mərkəzi Asiya ölkələrinin Məşvərət Görüşü formatına tamhüquqlu üzv kimi qoşulmasında Özbəkistanın və Prezident Şavkat Mirziyoyevin xüsusi rolunun olması bu baxımdan mühüm hadisədir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın genişlənməsi regionun geosiyasi və geoiqtisadi əhəmiyyətini daha da artırır.  Orta Dəhlizin inkişafı da bu əməkdaşlığın əsas istiqamətlərindən biridir. Xəzər üzərindən daşımaların artırılması, nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və Azərbaycan ilə Özbəkistan arasında logistika imkanlarının genişləndirilməsi hər iki ölkənin regional tranzit imkanlarını daha da gücləndirəcək.

Beləliklə, Bakı və Daşkəndin əməkdaşlığı yalnız iki paytaxt arasında əlaqələrin inkişafı deyil, bütövlükdə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni iqtisadi və nəqliyyat imkanlarının formalaşması deməkdir. Azərbaycan–Özbəkistan münasibətlərinin ən güclü tərəflərindən biri isə iqtisadi rəqəmlərlə ölçülə bilməyən mənəvi bağlardır. Nizami Gəncəvi ilə Əlişir Nəvainin irsi, ortaq mədəni dəyərlərimiz, dil və adət-ənənələrimiz xalqlarımızın bir-birini daha yaxından tanımasına və doğma qəbul etməsinə imkan verir.

Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin yeni binasının açılması və Yeni Daşkənddə “Azərbaycan” parkının yaradılması bu mənəvi yaxınlığın müasir dövrdə də davam etdiyini göstərən mühüm nümunələrdir. 

 

Paylaş