Azərbaycan və Mərkəzi Asiya əlaqələrinin gündəliyi olduqca genişdir
Pərvin Rəhimova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 262 saylı körpələr evi və uşaq bağçasının metodisti
Azərbaycanın çoxvektorlu xarici siyasəti ölkəmizin nüfuzuna ciddi şəkildə beynəlxalq münasibətlər sistemində müsbət təsir göstərməkdədir. Əlbəttə, dünyanın müxtəlif beynəlxalq təşkilatlarının Azərbaycana göstərdiyi maraq, nəinki maraq, hətta öz tədbirlərinə belə məmləkətimizi dəvət etmələri və bu istiqamətdə addım atmaları artıq bizim xarici siyasətimizdə yeni çağırışların nədən ibarət olduğuna işıq salmaqdadır.
Prezident cənab İlham Əliyev andiçmə mərasimində vurğulamışdı ki, Azərbaycanın xarici siyasətində əsas priaritetlərdən biri təbii ki, türk dövlətləri ilə münasibətlər olacaq. Bu mənada Mərkəzi Asiya dövlətlərinin Azərbaycan Prezidentinə xüsusi qonaq statusunda dəvət məktubu göndərərək artıq ikinci dəfə öz toplantılarına dəvət etmələri onu göstərir ki, ölkəmiz dünyada formalaşan yeni nizamda da öz mühüm yerini tutacaqdır.
Astana son dövrlərdə regional siyasi mərkəz kimi çıxış edir. Belə ki, 9 avqust 2024 cü il tarixində Mərkəzi Asiya dövlət başçılarının növbəti Sammiti üçün bölgə liderlərinə qapı açıb. Cənab Prezidentin növbəti zirvə görüşünə fəxri qonaq qismində dəvət olunması təsadüf deyil. Bu dəvət Mərkəzi Asiya ölkələrinin Azərbaycanla əməkdaşlığına verdiyi önəmdən xəbər verir.
Azərbaycan və Mərkəzi Asiya əlaqələrinin gündəliyi olduqca genişdir. Əməkdaşlığın hazırki vəziyyəti dinamikdir və bu tərəflər arasında sıx qrafiklə müzakirələri labüd edir. "Sıx qrafik" sözünü təsadüfi istifadə etmirəm, beləki Cənab Prezidentin Mərkəzi Asiya ölkələrinə son iki - üç il ərzində ardıcıl səfərləri bunu deməyə əsas verir. Azərbaycanın bu görüşlərə dəvət olunması ölkələrimiz arasında mövcud dostluq, qadaşlıq münasibətlərindən xəbər verir. Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan tarixi-mədəni coğrafi regiondur. Xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət və ortaq dəyərlər birləşdirir.
Astanadakı görüşdə iştirakımız ölkəmizin reytinqinin yüksəldiyini təsdiqləyən daha bir nümunədir. Vətən müharibəsindəki qələbəmizdən sonra Azərbaycanın dünya birliyində nüfuzu daha da artmış, ölkəmizlə əməkdaşlıq qurmaq istəyən dövlətlərin sayı getdikcə çoxalmışdır.
Görüşdə bir sıra məqamlara toxunulub . Azərbaycan beynəlxalq ictimaiyyətin yekdil dəstəyini qazanaraq bu ilin noyabr ayında COP 29 iqlim konfransına ev sahibliyi edəcəkdir.Bu konfrans regionda iqlim dəyişmələri ilə bağlı problemin həlli üçün Mərkəzi Asiya ölkələri ilə birgə təşəbbüslərin dəstəklənməsi baxımından böyük əhəmiyyət kəsb edir. Onuda qeyd edim ki, Azərbaycan bərpaolunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır.
Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrdə açılan yeni üfiqlər gələcək üçün yaxşı perspektivlər vəd edir. Bu gün Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tranzit ölkə və etibarlı tərəfdaşdır.