Azərbaycan-Qırğızıstan münasibətləri bu gün yüksələn xətlə inkişaf edir
Viktoriya Əliyeva
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 87 nömrəli orta məktəbin müəllimi
Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra müstəqil xarici siyasət həyata keçirir. Bu siyasət Azərbaycan dövlətçiliyini müntəzəm şəkildə möhkəmləndirib inkişaf etdirməyə və milli mənafeləri qorumağa yönəldilmişdir.
Bu gün Azərbaycanın dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin sürətlə inkişaf etdrdiyi ölkələrdən biri də Qırğızıstan Respublikasıdır. Azərbaycan-Qırğızıstan münasibətləri bu gün yüksələn xətlə inkişaf edir. Bunun bir sıra səbəbləri var. Əvvəla, onu qeyd etmək lazımdır ki, Qırğızıstan və Azərbaycan xalqları eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdir. Dini və milli mənsubiyyət eyniliyi, gələcək münasibətlərin inkişafında əsas kredo kimi götürülür. Hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olmuşdur. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır.
Hazırda təxminən 20 mindən çox azərbaycanlı Qırğızıstan Respublikasında yaşayır. Bunun nəticəsidir ki, aprelin 20-də Qırğızıstan Respublikasının Prezidentinin Azərbaycana rəsmi səfəri çərçivəsində keçirilən görüş və müzakirələrin nəticələri də ölkələrimiz arasında ikitərəfli qarşılıqlı fəaliyyətin geniş imkanları olduğunu deməyə əsas verir. O cümlədən hər iki ölkənin Prezidentlərinin mətbuata verdikləri bəyanatda Azərbaycan və Qırğızıstanın dost və qardaş dövlətlər olduğu xüsusi vurğulanıb. Bu isə o deməkdir ki, bu gün Azərbaycan-Qırğızıstan münasibətləri həqiqətən də artıq keyfiyyətcə yeni bir səviyyəyə çatıb.”
Azərbaycan və Qırğızıstan dövlətləri arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum xüsusi əhəmiyyət kəsb edən tarixi sənədlərdir. Beləliklə, Azərbaycan Respublikasının xarici siyasəti Azərbaycan xalqının təhlükəsiz gələcəyinin təminatına, Xəzər-Qafqaz bölgəsində Azərbaycanın ən mühüm ölkəyə çevrilməsinə yönəlmişdir.
Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində hətta pandemiya şəraitində Azərbaycanın dünyadakı nüfuzu durmadan artır. Ölkə başçısı pandemiyaya qarşı mübarizə ilə bərabər, həm qlobal, həm də regional səviyyədə layihələrə ev sahibliyi edir, beynəlxalq əhəmiyyətli təşəbbüslərlə çıxış edir. Azərbaycan Prezidentinin diplomatik və siyasi dühası ətrafda bütün ölkələrlə ortaq nöqtələrin tapılmasına, əməkdaşlıq mühitinin inşasına, qarşılıqlı faydaya dayanan əlaqələrin qurulması ilə nəticələnir.