Azərbaycan-Qazaxıstan münasibətlərinin perspektivi olduqca genişdir və yeni üfüqlər açılmaqdadır
Elvina Əhmədova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət məktəbinin direktoru
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstana son səfəri və imzalanan mühüm sənədlər iki ölkə arasında əlaqələrin inkişafına, münasibətlərin səviyyəsinin yüksəlməsinə və əməkdaşlığın dərinləşdirilməsinə mühüm töhfə kimi qiymətləndirilir. Azərbaycan-Qazaxıstan münasibətlərinin perspektivi olduqca genişdir və yeni üfüqlər açılmaqdadır.
Aprelin 10-da Astanada Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimi keçirilib. Ulu Öndər Heydər Əliyevin Əliyevə böyük hörmət və ehtiram dolu münasibət Qazaxıstanda xüsusilə nəzərə çarpırdı. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dövlət başçımız İlham Əliyevlə birlikdə paytaxt Astananın gözəl və cazibədar Yeşil rayonunda Heydər Əliyev küçəsinin açılışında iştirak etdilər. Heydər Əliyev küçəsində türk köklərinin ortaqlığını, mədəni dəyərlərin yaxınlığını və Azərbaycan xalqına hörməti vurğulayan elementləri ehtiva edən dərin mənalı
bir monument də ucaldılıb. Monument üzərindəki QR kodu skan etməklə Heydər Əliyevin həyatı haqqında daha çox məlumat əldə etmək olur.
Prezident Kasım-Jomart Tokayev Heydər Əliyev küçəsinin açılışında deyib: "Heydər Əliyev kimi dünyamiqyaslı şəxsiyyətlərin xatirəsini əbədiləşdirmək və qorumaq bizim borcumuzdur. Astanada onun adını daşıyan yeni küçəni açmaqla biz bu nəcib işə mühüm töhfə veririk. Bu, Azərbaycan xalqının böyük oğluna bizim
səmimi münasibətimizin və ehtiramımızın əlamətidir". Bundan əlavə, Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə Qazaxıstanda zəngin tədbirlər proqramı da həyata keçiriləcək. Qardaş xalqlarımız arasında dərin dostluq münasibətləri var və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin işğaldan azad edilmiş Füzuli şəhərində böyük qazax bəstəkarı və mədəniyyət xadimi Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması kimi nəcib təşəbbüsü bu münasibətlərin səmimiliyinə bir nümunədir.
Beləliklə, Azərbaycan-Qazaxıstan müttəfiqlik münasibətləri dərin dostluğun və milli maraqların vəhdəti zəminində inkişaf edir. Prezident İlham Əliyev deyir: "Bu, müttəfiqlər arasında münasibətlərdir. Təbii ki, bunun əsasını ölkələrimizin qardaş xalqları arasında çoxəsrlik tarixə malik olan qarşılıqlı əlaqələr, dostluq və əməkdaşlıq təşkil edir. Bu, bugünkü qarşılıqlı əlaqələrimizin əsas bazasıdır. Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir."
Cənab Prezident Qazaxıstanla münasibətlərin tarixi zərurətdən və iki qardaş xalqın ənələrindən qaynaqlandığını qeyd edərək bildirmişdir: “Bugünkü Bəyannamə də əlaqələrimizin və müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə yönəlib. Bu bəyannamələrin adlarının özü bizim münasibətlərimizin xarakterinə dəlalət edir. Bu, müttəfiqlər arasında münasibətlərdir. Təbii ki, bunun əsasını ölkələrimizin qardaş xalqları arasında çoxəsrlik tarixə malik olan qarşılıqlı əlaqələr, dostluq və əməkdaşlıq təşkil edir. Bu, bugünkü qarşılıqlı əlaqələrimizin əsas bazasıdır.
Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir. Çünki Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər bizə regional təhlükəsizliklə bağlı məsələlərdən başlamış nəqliyyat, logistika, energetika, humanitar əməkdaşlıq, ekologiya ilə bağlı məsələlərə qədər bütün istiqamətlər üzrə əməkdaşlığı möhkəmlətməyi diktə edir. Xüsusən ona görə ki, təəssüflər olsun, Xəzərin həm sizə, həm də bizə aid olan sahillərində dənizin sürətlə dayazlaşmasını müşahidə edirik.”
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son dövrlərdəki xarici səfərlərinin nəticələri gösrtərir ki, ölkə başçısı Azərbaycanın bütün sahələr üzrə əlaqələrinin inkişaf etdirilməsi, dövlətlərarası münasibətlərin inkişafı kimi məslələrə üstünlük verməklə yanaşı, regionda sülhün bərqərar olması üçün çalışır.
İndiki geopolitik situasiyada gərgin iş tələb edən bu məsələ daim cənab Prezidentin gündəliyində əsas yer tutur.