Azərbaycan - Qazaxıstan əməkdaşlığında yeni mərhələ
Şəfəq İbişova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayon 84 nömrəli tam orta məktəbin direktoru
Azərbaycan - Qazaxıstan əməkdaşlığında yeni mərhələ
Məlum olduğu kimi, avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev arasında geniş tərkibdə görüş keçirilib. Görüşdə ticarət-iqtisadi, nəqliyyat-logistika, mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi ilə yanaşı Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığının inkişafı haqqında müzakirələr də aparılıb. Həmçinin bir sıra ikitərəfli sənədlər imzalanıb. Hər iki dövlət başçısının görüşlər zamanı səsləndirdiyi siyasi bəyanatların olduqca böyük əhəmiyyəti vardır. Çünki Azərbaycanla Qazaxıstanı tarixi dostluq-qardaşlıq telləri bağlayır. Burada eyni soykök, eyni mədəni və mənəvi amillər mühüm rol kəsb edir. Prezident İlham Əliyevin Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” ali ordeni ilə təltif olunması isə iki ölkə arasında olan münasibətlərin yeni inkişaf mərhələsinin başlandığına işarədir.
“Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” isə regionda türk birliyinin, türk əməkdaşlığının daha da güclənməsinin bariz nümunəsidir. Həmçinin Qazaxıstanın Qarabağın yenidən qurulmasında iştirak etməsi iki ölkənin dostluğunun bariz təzahürüdür. Çünki qardaş Qazaxıstan dövləti Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləmişdir. Sevindirici məqamdır ki, 44 günlük Vətən müharibəsi zamanı işğaldan azad olunmuş Füzuli şəhərində Qazaxıstanın “Bİ-Group” Holdinqi tərəfindən uşaqlar üçün inşa ediləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsi bir daha iki qardaş ölkənin tarixi birliyini və dostluğunu dünyaya bəyan etmiş oldu.
Həmçinin Qazaxıstan prezidentinin Azərbaycana səfəri əsnasında iki dövlətin prezidenti arasında Azərbaycanın Şuşa və Qazaxıstanın Türküstan şəhərləri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında protokol imzalanması hər iki ölkənin xalqları arasında mədəni əməkdaşlığın inkişafına müsbət töhfə verəcək, türk dünyasında hər iki şəhərin daha geniş şəkildə tanınmasına səbəb olacaqdır. .
Bütün bunlar bir daha onu göstərir ki, dil, din və mənəvi dəyərlər baxımından bir-birinə yaxın olan Azərbaycan və Qazaxıstan xalqları arasında zəngin tarixə malik münasibətlər bundan sonra da xalqlarımızın və dövlətlərimizin maraqlarına uyğun olaraq daha da inkişaf edəcək.