Azərbaycan nəhəng enerji infrastrukturu yaradıb və Avrasiyanın enerji xəritəsini dəyişdirib

Azərbaycan nəhəng enerji infrastrukturu yaradıb və Avrasiyanın enerji xəritəsini dəyişdirib

Ülkər Quliyeva

30 nömrəli Ambulatoriyanın həkimi

YAP Suraxanı rayon təşkilatı ƏPT-nin sədr müavini

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışında iştirak edib. Həmçinin, Dövlətimizin başçısı açılış mərasimində çıxış edərək bildirib ki, “30 ildir - 1994-cü ildən etibarən Xəzər neft-qaz sərgisi Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etməyə imkan yaradır. Biz 1994-cü ildə neft strategiyamızın - Ulu Öndər Heydər Əliyevin neft strategiyasının astanasındaydıq. Bu il biz müasir Azərbaycanın yaradıcısı Ulu Öndərin 100 yaşını qeyd edirik. 1994-cü ildə ilk neft-qaz sərgisi keçirildi və həmin il məhz “Əsrin müqaviləsi” imzalandı ki, o, ölkəmizdə vəziyyəti kökündən dəyişdi, sərmayələr cəlb edildi, geniş iqtisadi sabitlik təmin olundu və əlbəttə ki, Azərbaycanın firavan gələcəyinin təməli qoyuldu”.

Bakı Enerji Həftəsi enerji sahəsində aparıcı beynəlxalq tədbirdir. Bu gün artıq Azərbaycan nəhəng enerji infrastrukturu yaradıb və Avrasiyanın enerji xəritəsini dəyişdirib. Azərbaycan istehsalçı olaraq həm istehlakçılar, həm də tranzit ölkələr üçün daha təhlükəsiz şərait yaradıb. Bu gün enerji təhlükəsizliyi milli təhlükəsizlik gündəliyində ən başlıca yeri tutur. Bu gün Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı var. 157 qiqavat həcm yalnız Xəzər dənizindədir. Quruda isə bizim potensialımız çox böyükdür.

Bu gün Azərbaycan yalnız özünün deyil, digər ölkələrin də enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bu baxımdan da sərgilərin böyük əhəmiyyəti vardır. Ölkəmizin iqtisadiyyatının, neft-qaz potensialının inkişaf etdirilməsi, dünyada tanıdılması, Avropanın təhlükəsizliyində rolunun artırılması baxımından da bu sərginin əhəmiyyəti böyükdür.