Azərbaycan İtaliyanın neft və qaz təchizatında ikinci yerdədir
Əfsanə Əliyeva
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycan və İtaliya arasında münasibətlər uzun müddətdir ki, strateji tərəfdaşlıq çərçivəsində inkişafını davam etdirir. Bu əlaqələr qarşılıqlı hörmət, etimad və ümumi maraqlar üzərində qurularaq illər keçdikcə daha da möhkəmlənib.
İki ölkə arasında münasibətlərin formalaşması və davamlı şəkildə irəliləməsində Prezident İlham Əliyevin uzaqgörən siyasəti, praqmatik yanaşması və qətiyyətli liderliyi mühüm rol oynayır. Onun təşəbbüsləri və məqsədyönlü addımları sayəsində iki ölkə arasında yalnız siyasi deyil, eyni zamanda iqtisadi, enerji, təhsil, humanitar və mədəni istiqamətlərdə də etibarlı və davamlı əməkdaşlıq mühiti yaranıb. Bu əməkdaşlıq həm hər iki ölkənin milli maraqlarına xidmət edir, həm də regional sabitlik və inkişaf baxımından əhəmiyyətli töhfə verir.
2014 və 2020-ci illərdə imzalanmış mühüm sənədlər iki ölkə arasında əməkdaşlığın hüquqi və siyasi əsaslarını formalaşdırıb. Bu sənədlərdə nəzərdə tutulan məsələlərin bu gün real həyatda öz əksini tapması isə münasibətlərin formal xarakter daşımadığını, əksinə konkret layihələr və qarşılıqlı maraqlar üzərində qurulduğunu sübut edir. Enerji, iqtisadiyyat, ticarət və nəqliyyat sahələrində əldə olunan uğurlar bu tərəfdaşlığın praktik nəticələridir.
İtaliya Respublikası Azərbaycanın müstəqilliyini 1 yanvar 1992-ci ildə tanımış, 8 may 1992-ci ildə isə diplomatik münasibətlər qurulmuşdur. Bu tarix iki ölkəarasında siyasi əlaqələrin başlanğıcı olmaqla yanaşı, gələcək əməkdaşlıq üçün möhkəm təməl yaratmışdır. Qısa müddət ərzində diplomatik münasibətlər intensivinkişaf etmiş, qarşılıqlı səfərlər və yüksək səviyyəligörüşlər bu əlaqələrin daha da dərinləşməsinə şərait yaratmışdır. Hər iki dövlət perspektivlərini ortaya qoyur.
Prezident İlham Əliyev görüş zamanı keçən il Bakıda böyük təntənə ilə İtaliya-Azərbaycan Universiteti açılışının olduğunu qeyd edərək, Azərbaycanda təhsilin inkişafına bu universitetin çox böyük təsiri və töhfəsi olacağını xüsusilə vurğulamışdır. Azərbaycan İtaliyanın neft və qaz təchizatında ikinci yerdədir. Ötən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliya bazarına ixrac olunub.
İtaliya və Azərbaycan əməkdaşlığın ən praktik nəticələrindən biri İtaliyanın “Leonardo” şirkətindən müasir hərbi nəqliyyat təyyarələrinin alınmasıdır. 2024-cü il iyunun 26-da Prezident İlham Əliyevə təqdim olunan “C-27J Spartan” tipli təyyarə mürəkkəb coğrafi relyefdə həm hərbi, həm də mülki müdafiə tapşırıqlarını, o cümlədən paraşütçülərin və yüklərin daşınmasını yüksək səviyyədə yerinə yetirmək iqtidarındadır.
Bu görüşün nəticəsi olaraq bütün bunlar göstərir ki, Azərbaycan-İtaliya münasibətləri bütün sahələr üzrə yüksələn xətlə inkişaf edir.