Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisi

Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisi

Aidə Hacıyeva

İctimai fəal

Laçın-Xankəndi yolunda təşkil olunmuş və bir neçə gündür ki, davam edən etiraz aksiyasının əsas səbəbləri Üçtərəfli Bəyanatın şərtlərinə Ermənistan tərəfindən tam əməl edilməməsidir. Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinq məqsədilə Azərbaycan Respublikası dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə maneçilik törədilməsi səbəbindən Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin və ekoloqların etiraz aksiyası təşkil olunmuşdur. Azərbaycanın sözügedən ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı dayandırılmalı, bütün təbii sərvətlərin istismarı Azərbaycan Respublikası qanunvericiliyi əsasında həyata keçirilməlidir.

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması məsələləri üzrə işçi qrup yaradılmışdır.

Cari il dekabrın 3-dən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparıblar. Danışıqlar nəticəsində əldə olunmuş razılığa baxmayaraq işçi qrup tərəfindən monitorinqin keçirilməsinə maneçilik törədilib. Məhz buna etiraz əlaməti olaraq Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri və ekologiya fəalları Şuşa-Laçın yolunda etriaz aksiyası keçirmək qərarı veriblər.

Vətəndaş cəmiyyəti nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır. Keçirilən haqlı etiraz aksiyası ilə əlaqədar rəsmi İrəvan manipulyasiyalar etməyə çalışır və qərəzli iddialar səsləndirir. Belə ki, Ermənistan tərəfinin guya Laçın yolunun bağlanması, bölgədə humanitar fəlakət yaşanması, etnik təmizlənmə həyata keçirilməsi barədə iddiaları böhtandır və həqiqəti əks etdirmir.

Münaqişə bitməsinə baxmayaraq, müharibə cinayətlərindən qalmayan Ermənistan Laçın-Xankəndi yolundan hərbi məqsədlər, minaların və talan olunan təbii sərvətlərin daşınması məqsədilə istifadə edir. Ermənistanın bu qanunsuz əməllərinin qarşısı qəti surətdə alınmalıdır. 

Laçın-Xankəndi yolunda etiraz aksiyası keçirən fəalların da əsas məqsədi odur ki, Ermənistan və eləcə də separatçıların bütün növ qanunsuz əməllərinə son qoyulsun. Etirazçılar hər hansı yolu bağlamayıblar və onlar sadəcə talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısını almağa çalışırlar. Yol isə Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb.

Ermənistan çoxnövlü terror törərtməklə məşğul olan ölkədir və bu ölkənin Azərbaycana qarşı ekoterrorizm siyasəti bu gün də davam edir. Belə ki, Ermənistanın ekoloji terror siyasəti nəticəsində Azərbaycan ərazisindən keçən Araz çayına axan Oxçuçayda suyun tərkibindəki ağır metalların miqdarının dəfələrlə normadan artıqdır. Ermənistanın törətdiyi cinayətlər beynəlxalq təşkilatların da hesabatlarında qeyd edilir.

10  noyabr  2020-ci il  tarixdə imzalanmış  Üçtərəfli  Bəyənatın  müddəaları    Ermənistan  tərəfindən   yerinə  yetirilmir.  Bəyənatın  4-cü  bəndinə   zidd  olaraq  erməni  silahlı  qüvvələri hələ də  Azərbaycan  ərazilərindən  çıxarılmayıb.,6-cı  bəndinə  zidd olaraq  Laçın  yolundan  həm   hərbi  təxribatlar,   həm də  qeyri-qanuni iqtisadi  fəaliyyət  üçün  istifadəolunur, 9-cu  bəndinə  zidd   olaraq  bölgədə  bütün nəqliyyat kommunikasiya  yollarının  açılmasına   maneçilik  törədilir. Təbii  ki, Azərbaycan xalqının  da  səbrinin  bir həddi  var.