Azərbaycan hər zaman olduğu kimi, zəlzələdən sonra ilk andan qardaş Türkiyənin yanındadır

Azərbaycan hər zaman olduğu kimi, zəlzələdən sonra ilk andan qardaş  Türkiyənin yanındadır

Səkinə Hüseynova

 YAP Suraxanı rayon təşkilatı ƏPT-nin sədri

Suraxanı rayonu 101 nömrəli tam orta məktəbinin direktor əvəzi

Fevralın 6-da episentri Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

Türkiyədə baş vermiş dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı xalqımızın göstərdiyi dəstəyin fonunda qardaşlıq münasibətləri açıq nəzərə çarpır. Fevralın 6-da dövlətimizin başçısı İlham Əliyevin Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı başsağlığı məktubunda yaralananlara şəfa diləyib, həmçinin zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıb. Dövlətimizin başçısı daha sonra Türkiyənin ölkəmizdəki səfirliyinə gedərək, burada qardaş ölkədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib.

 Birinci vitse-prezident Mehriban xanım Əliyeva da fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rəsmi instaqram səhifəsində etdiyi paylaşımda Türkiyədə yaşanan dəhşətli hadisənin ağır nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladığını bildirərək, faciə qurbanlarına Allahdan rəhmət diləyib, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıb.

Azərbaycan hər zaman olduğu kimi, zəlzələnin ilk saatlarından qardaş Türkiyənin yanında olduğunu əməli fəaliyyəti ilə təsdiqləyib, öz dəstəyini, öz həmrəyliyini nümayiş etdirib. Bu acı faciənin fəsadlarının tezliklə aradan qaldırılmasını özünün şərəf işi, qardaşlıq borcu adlandırıb. Zəlzələnin ilk günü - fevralın 6-da Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşüb. Fevralın 8-də isə Fövqəladə Hallar Nazirliyinin daha 227 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə göndərilib. Bunlardan əlavə mobil səhra hospitalı və 41 nəfərdən ibarət peşəkar tibbi və qeyri-tibbi heyət, insanların yerləşdirilməsi üçün çadırlar, ədyal və qızdırıcılar, habelə mobil səhra hospitalı üçün 3 ədəd konteyner yola salınıb. Daha sonra yardım məqsədilə 13 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi də Türkiyə yola salınıb.

Eyni zamanda Birinci xanım Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu Türkiyənin zəlzələ bölgəsinə humanitar yardım edir. Faciədən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən 36 ton humanitar yardım göndərilib. Xilasedicilərimiz dağıntılar altında fədakarcasına çalışır. Azərbaycandan davamlı olaraq həkimlər, xilasedicilər, könüllülər Türkiyəyə göndərilir.

Xalqımız bu gün də könüllü olaraq qardaşlarımıza dəstəyini davam etdirir, zəlzələnin acı nəticələrinin aradan qaldırılması üçün bütün imkanlardan yararlanaraq, yorulmaz kömək göstərir. Vətəndaşlarımız humanitar aksiya altında yardım marafonuna fəal şəkildə qoşulub. Bütün bölgələrimizdən yardım karvanı Türkiyəyə yola salınıb. Bununla bütün dünyaya təkcə dövlətlərarası səviyyədə deyil, həm də xalqlararası münasibətlərdə əsl qardaşlıq əlaqələrinin mövcudluğunu bir daha nümayiş etdirir.

Zəlzələ bizi üzsə də bir həqiqəti ortaya qoydu ki, Türkiyə-Azərbaycan münasibətləri bütün sınaqlar və bütün dövrlər üçün dünyaya örnək olacaq səviyyədədir. Türkiyə-Azərbaycan artıq bir yumruq, bir ürək, bir candır. Bu ağır günlərdə Türkiyənin yanında olmaq Azərbaycan üçün böyük şərəfdir.