Natiq Həsənov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, Bülbülə Bələdiyyəsinin sədri
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan və İtaliya arasında diplomatik münasibətlərin 30-cu ildönümündə bu ölkəyə səfəri iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu göstərir. Cənab Prezident səfər çərçivəsində Sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən təşkil edilmiş “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumunda iştirak edib. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin və “The European House – Ambrosetti” beyin mərkəzinin dəvəti ilə bu beynəlxalq forumda əsas qonaq qismində iştirak edib. Qeyd etmək lazımdır ki, 1965-ci ildən fəaliyyət göstərən “The European House-Ambrosetti” İtaliyanın idarəetmə-məsləhət xidməti sahəsində aparıcı beyin mərkəzi hesab olunur.
Dövlətimizin başçısı forumun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış edib. Cənab Prezident çıxışında bir çox mühüm məsələlərə münasibət bildirib.
Cənab Prezident çıxışında ölkələrimiz arasında fəal siyasi dialoqdan, ikitərəfli gündəliyimizə yeni, vacib mövzuların daxil olunmasından danışdı, ikitərəfli əməkdaşlığın inkişafı üçün önəmli təşəbbüsləri diqqətə çatdırdı. Ölkə başçısı qeyd etdi ki, 2020-ci ildə İtaliya və Azərbaycan arasında strateji tərəfdaşlığa dair sənəd imzalanmış, ölkələrimiz arasında sıx əməkdaşlıq və strateji tərəfdaşlıq ilə bağlı davamlı şəkildə geniş müzakirələr aparılır.
Ölkəmizin İtaliya ilə önəmli əməkdaşlıq istiqamətlərindən biri təhsil sahəsidir. Azərbaycanın ADA Universiteti İtaliyanın beş aparıcı universitetinin tərəfdaşıdır.
Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir. 1994-cü ildə müstəqilliyimizin bərpasından üç il sonra Azərbaycan dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkə oldu və tezliklə Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildik.
Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın inkişafından bəhs edərkən qeyd olunmuşdur ki, bu ilin avqust ayında Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strteji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır. Bu Memorandum Azərbaycanın enerji resurslarının daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox vacib addımdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu forumun plenar iclasındakı çıxışı ümumilikdə deməyə əsas verir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında qarşıya qoyduğu vəzifələri uğurla həyat keçirir və gələcəkdə Azərbaycanın bu sahədə rolu daha da artacaq.
Bir faktı xatırlamaq kifayətdir: İki strateji neft boru kəmərinin inşası ilə Azərbaycan Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü öz üzərinə götürdü. Biri Türkiyənin Aralıq dənizi sahilindəki limana qədər uzanır, digəri isə Gürcüstanın Qara dəniz sahilindəki limana qədər. Bununla da Azərbaycan Qara dəniz bazarı və dünya bazarlarına təchizatı şaxələndirməyə nail oldu.
Bundan başqa, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması bütün ölkələr üçün böyük perspektivlər vəd edir. Sözügedən Memorandum enerji resurslarımızın daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox vacib addımdır və bu sənəd gələcək fəaliyyətimizin yol xəritəsidir. Artıq Avropa İttifaqı və Azərbaycan arasında enerji ilə bağlı dialoqa start verilib. Buraya yalnız təbii qaz deyil, həmçinin enerji bazarının digər seqmentləri - xüsusilə elektrik enerjisi, hidrogen və yaşıl hidrogen daxildir.
Azərbaycanın torpaqları işğaldan azad edildi. Bu, Azərbaycan Ordusunun böyük Zəfəri oldu. Zəfərdən sonra Qarabağda və Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. Bu mühüm potensialın inkişaf etdirilməsi mərhələsindəyik. Bu imkanlar ixrac üçün əlavə qaz tədarük etməyə kömək edəcəkdir.