Qurbanəli İslamov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Suraxanı RİHB-nin Hövsan QİƏD Üzrə Nümayəndəsi, II Qarabağ müharibəsi qazisi
İyunun 21-də Avropanın aparıcı televiziya kanallarından olan “Euronews” televiziyasında Prezident İlham Əliyevin müsahibəsi yayımlanıb. Müsahibə Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin keçirildiyi zaman verilib və kanalda reportaj şəklində yayımlanıb.
Hazırda Azərbaycan COP29 kimi böyük tədbirə ev sahibliyi etməyə hazırlaşır. Dünyanın gözü yenə də bizdədir. Azərbaycanın son illər hərb sahəsindəki uğurları, diplomatiyadakı qələbəsi, on illərdir etibarlı tərəfdaş kimi fəaliyyəti onu dünyanın diqqət mərkəzinə gətirib. Şübhə edilmir ki, COP29 tədbiri də uğurla keçəcək. Dövlətimizin başçısı müsahibəsində həmçinin bildirib ki, Azərbaycan yaşıl gündəliyi nümayiş etdirir. Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir. “Masdar” Azərbaycanın bərpaolunan enerji sahəsində strateji tərəfdaşıdır. Ötən ilin oktyabrında ölkəmizdə 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışı oldu. Perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələr və anlaşma memorandumları icra olunacaqdır.
Azərbaycan dünyanın enerji balansını əsaslı şəkildə dəyişdirməyi hədəfləyən, yeni enerji strategiyasının reallaşdırılmasında lokomativ rolunu oynayan ölkələrdən birinə çevrilməkdədir. Bir neft və qaz ölkəsinin son illər ərzində yaşıl enerji istehsalı sahəsində atdığı addımlar, yalnız neft hasil edən ölkələr üçün deyil, ənənəvi enerji resursları olmayan ölkələr üçün belə yaxşı nümunədir. Biz bir çox sahələrdə dünya ölkələrinin diqqətini cəlb edən nümunələr yaratmışıq. İndi də dünya Azərbaycanın alternativ enerji mənbələrinin yaradılması sahəsindəki uğurlarını diqqətlə izləməkdədir.
Ümummilli Lider Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi bu günümüzə hesablanmış mühüm addımlarındandır. Yaradılan möhkəm təmələ söykənərək dövlət başçısı İlham Əliyev 2003-cü ildən bu çağırışı edir ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Enerji sektorundan asılılıq minimuma endirilməlidir. Son 20 ilin reallıqları bu hədəfə yüksək səviyyədə nail olduğumuzu təsdiqləyir. Azərbaycanın bərpa olunan enerji mənbələrini uzun illər bundan əvvəl inkişaf etdirmək qərarı təkcə enerji təhlükəsizliyi ilə bağlı deyildi. Bu, cəsarətli və düşünülmüş qərar kimi dəyərləndirilir. Bu qərar, eyni zamanda, yeni sənaye sahələrini inkişaf etdirmək, yeni iş yerləri yaratmaq, “yaşıl” iqtisadi artım üçün strateji addım kimi xarakterizə edildi.